Başımıza düşən daş

Başımıza düşən daş
21 oktyabr 2013
# 07:30

Xəstəxanadaydım. Bir həftəydi ki, real həyatdan qismən, virtual həyatdan tamamilə uzaqdım. Axırda ayrılığa dözməyib elə xəstəxana otağındaca özümü birtəhər topladım və noutbukumu dizimin üstünə aldım.

Cəmi beş-on dəqiqəlik gücüm vardı, odu ki, Facebookda ilk “salam” yazan dosta “əleyküm” yazıb, “necesən?” soruşdum. Dostun cavabı gözlənilməz oldu:

- Xəstəxanadan gəlirəm.

- Niyə?

- Xəbəriniz yoxdu? O sizə şeirlərini göndərdiyim gənc vardı ha, Rövşən Hüseyn...

- Hə.

Xəstəxanadadı. Komada.

- Hə olub axı?

- Başına daş düşüb. Eləcə yolla gedəndə doqquzuncu mərtəbədən suvaq qopub düşüb başına. Vəssəlam. İndi komadadı.

- Səncə ayılacaq?

- Heç üzünü bəri çevirmək istəmir. Bütün günü yanındayıq. Bilirsiz, bircə gün qabaq birlikdəydik. Çay içə-içə sizin şeirlərinizdən danışmışdıq. Eh. Nəysə. Siz necəsiz, niyə görünmürsüz?

Heç bir cavab vermədim, gücüm fərz etdiyimdən də tez bitmişdi. Titrəyən əllərimlə noutbukun qapağını örtdüm.

Ətrafıma göz gəzdirdim. Bu sakit, bomboş xəstəxana odası ilk dəfə gözümə o qədər də dəhşətli görünmədi. Mənim qayıtmağa can atdığım həyata baxanda bura daha güvənliydi. Heç olmasa burda göydən daş düşmürdü.

Bütün mübarizələrin, hətta ən ədalətsiz müharibənin belə qanunauyğunluqları olur. Bircə yaşamaq uğrunda mübarizədən başqa.

Həyat çox əclafcasına oynayır. Onun səni hardan, nə vaxt, necə, ən əsası isə niyə vuracağı məlum deyil. Yaşamaq get-gedə kəndirbazın ip üstündəki yerişinə bənzəyir. Burda nəinki manevr etmək, heç müvazinətini saxlamaq mümkün deyil. Çünki küləyin hansı tərəfdən əsəcəyini bilmirsən.

Hər gün televiziya xəbərlərindən, saytlardan çoxlu bədbəxt hadisələr eşidirik. Sanki həyat bizi durmadan təhdid edir, qorxu altında saxlayır; heç kim bədbəxt təsadüfdən sığortalanmayıb, növbəti qurban sən ola bilərsən, bu sənin də, yaxınlarının da başına gələ bilər...

Və hərdən, lap hərdən düşünürsən ki, sevgisiz də, xoşbəxtliksiz də, azadlıqsız da yaşamaq olar, təki yaxınlarının başına göydən daş düşməsin.

Xoşbəxtlikdən, bu qənaət ani və keçici olur, yoxsa yaşamaq uğrunda mübarizəni tam uduzmuş sayılardıq.

# 3206 dəfə oxunub

Müəllifin son yazıları

# # #