İncə ruhlu bir qadının kitabı

İncə ruhlu bir qadının kitabı
16 dekabr 2016
# 12:01

Səfurə Çərkəzqızının “Sevdalılar” kitabının ön sözü

Əlyazmadan oxuduğum kitablar həmişə mənə daha əziz olub, başqalarından “bir köynək” daha yaxın. Sanki mürəkkəbi hələ qurumamış bu yazılarda müəllifin hissləri daha canlı, daha isti olur.

Səfurə Çərkəzqızının “Sevdalılar” ını birnəfəsə oxudum, müxtəlif janrlardan, süjetlərdən ibarət olmasına baxmayaraq, maraqlı bir filmə baxmış kimi zövq aldım. Çünki kitabda müsahibələrdəki suallardan tutmuş reportajlardakı təsvirə, bədii yazılardakı təhkiyəyə qədər bir dəst-xətt var.

Hiss olunur ki, müəllif bütün yazılarının üstündə əsib, heç birini başdansovdu yazmayıb. Onun seçdiyi müsahiblərin, araşdırdığı sənətkarların hamısı bizim sevdiyimiz insanlardı və müəllif onların həyatının oxuculara qaranlıq və maraqlı olan bütün tərəflərini açmağa çalışıb, ürəyimizdən tikan çıxaran ən dəqiq sualları verib. Və bu bölümlər daha həvəslə oxunur, çünki həyat hadisələri ədəbiyyat uydurmalarından daha maraqlıdı.

Səfurə Çərkəzqızı öz üslubuna sadiqdi, o “və” siz yazır, “ki” bağlayıcısından, ərəb-fars sözlərindən mümkün qədər imtina edir. Cümlələrin üstündə elə işləyir, sözü sıxıb “acı suyu”nu elə çıxarır ki, artıq bir şəkilçiyə belə rast gəlmək olmur.

Bu, təkcə publisistik yazılarda deyil, bədii yazılarda da belədir:

-Tık...tık...tık...

Qadın qayğılı, bir az da əsəbi halda divardakı saata baxır. Ötəri bir baxış üzündəki ifadəni bir az da tündləşdirir...

Saatın səsini hikkəli addımların ahəngi əvəzləyir.

- Tap...tap...tap...

Mətbəxtdə qabların “savaşı” başlayır.

- Tak...taraq...tak...

Qapı döyülür:

- Tak- tak... tak-tak...


- Atam gəldi!

Balaca qız sevincək qapıya sarı yüyürür:

- Tıp...tıp...tıp...

Məncə, gündəlik yaşantımızın bundan daha lakonik təsviri mümkün deyil.

Və yaxud da bundan daha səmimi təsviri:

yun corablarımı,
dolabdakı təzə kürkümü,
gündə neçə dəfə öpüşdüyüm fincanımı,
doyunca yata bildiyim bazar sabahlarını,
daha nələri...
sevməyi...payızdan öyrəndim...

Beləcə Səfurə Çərkəzqızının bütün yazılarının arxasında incə ruhlu bir qadın yazar dayanır. Öz sənətinin vurğunu, Sözü həqiqətən sevən. Bir sözlə, sevdalılar sevdalısı.

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

# # #