İkimizin balasıdı bu sınıq-salxaq ömür... – Səhər Əhməddən Yeni Şeirlər

İkimizin balasıdı bu sınıq-salxaq ömür... – Səhər Əhməddən Yeni Şeirlər
9 avqust 2019
# 17:32

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

***

Bütün cəhdlərdən əl çəkdim, təslim olmaq vaxtıdı,

Mən usandım, sən qazandın, həyat, sən deyən olsun.

İkimizin balasıdı bu sınıq-salxaq ömür,

Adını mən qoyacağam, soyad sən deyən olsun.

Bitsin bütün təlatümlər, indi hüzur yaxşıdı,

Mən faniyəm, sən əbədi, öz postunda yaxşı dur,

Mənlə bir az güclü oyna, nə tor qursan, yaxşı qur,

Ovun nə söz haqqı var ki, səyyad, sən deyən olsun.

Sevgini qürur öldürsün, hissi ağıl aparsın,

Bəxti qızlarıma verim, şansı oğul aparsın,

Oyunçu aparammadı, neynək, cığal aparsın,

Nə kitablar ki yazmışdım, cır at, sən deyən olsun.

***

Küləkdi, qardı, çovğundu,

Yağışdı burdan o yana.

Yalvarıram, gəl qayıdaq,

Tanışdı burdan o yana.

Gecədi, qaranlıq düşüb,

Vaxt çatıb, vədə yetişib,

Yolumuz dolaşıq düşüb,

Yoxuşdu burdan o yana.

Dur, nəfəsini dər, barı,

Yarıb keçmə adamları,

Biz girişi axtarırıq,

Çıxışdı burdan o yana...

# 2653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #