18+

18+
26 noyabr 2013
# 08:45

Səhər Əhməd yazır...

And olsun avtobus sürücülərinin pozulmuş əsəblərinə ki... Lənət şeytana. Bu axmaq cümləni heç cür beynimdən çıxara bilmirdim. Avtobusdaydım, önümdəki güzgüdən sürücünün turşumuş sifəti bütün cizgiləriylə görünürdü. O hələ ki, astadan öz-özünə danışır, deyinməyə təzəcə başlayırdı. Amma bir azdan sərnişinlərin arasından da sinirləri gərilmiş biri tapılacaq, dava qopacaq, mənfi enerji ətrafa yayılacaqdı.

Deməli, qarşıdurma qaçılmazdı. Sürücüylə sərnişin, həkimlə pasient, müəllimlə şagird, polislə vətəndaş arasında.

Son günlər sosial şəbəkələrdə bir müəllimlə yuxarı sinif şagirdinin əlbəyaxa videosu yayılıb, hər kəs ləzzətlə paylaşır.

Müəllimləri müdafiə etmək fikrim yoxdu, “Yıxılana balta çalan çox olar” deməyəcəm, heç istisnalar haqda da danışmayacam, məqsədim başqadı.

Düzdü, kadr arxasında nə dayanır, dayansın, o video rüsvayçılıqdı, heç bir səbəblə müəllim öz şagirdinə əl qaldırmamalıdı. Bəs şagird, onun öz müəlliminə əl qaldırması normaldımı? Bu məntiqlə biz bu gün atasını döyən, qardaşını bıçaqlayan, bacısını zorlayan, bir sözlə, “anasının əmcəyini kəsən” yeniyetmələrə də gərək haqq qazandıraq, qarşı tərəfi günahlandıraq.

Bəli, müəllim cəmiyyətdə əvvəlki postunda deyil, ən azı son iyirmi ildə o çox dəyişib, uzun zaman və zəhmətlər bahasına qazandığı nüfuzunu bu “ağır” günlərdə ən ucuz qiymətə satıb, bu hər kəsə məlumdu. Bəs şagird, o, azmı dəyişib, ən azı iyirmi il bundan öncənin şagirdidirmi?

Qıcıq leksikonda, əcaib arqoda danışan, bir əli qələmdə, o biri əli telefonda, cismi sinif otağında, fikri “feysbuk”da, “what şapp”da, 18+ videolarda olan yeniyetməni “Dədə Qorqud”la, “Leyli və Məcnun”la, ümumiyyətlə, Azərbaycan ədəbiyyatıyla, tarixiylə tərbiyə etmək, maraqlandırmaq, parta arxasında otuzdurmaq sizə asan gəlməsin.

Cürbəcür qruplaşmalar, emolar, satanistlər, vəhhabilər, narkomanlar, mərsiyəçilər, meyxanaçılar, manıslar... Bu “tıxaclı” və əzablı yollarla gənc nəsli pafoslu desək, işıqlı gələcəyə aparmaq cəhənnəm əzabıdır.

Hətta müəllim öz nüfuzunu itirməmiş olsa belə bu gün onun əsəblərini pozacaq nə qədər səbəb mövcuddur. Əgər qarşı tərəfdə də gərilməyə səbəbləri olan bircə şagird varsa, qarşıdurma qaçılmazdır.

Suç keçisi bu problemin həlli deyil, bu problemin həlli daha dərində və daha mürəkkəbdi.

And olsun, orta məktəb müəllimlərimizin pozulmuş əsəblərinə ki... Lənət şeytana.

# 7556 dəfə oxunub

Müəllifin son yazıları

# # #