Hərdən xalqıma, daha doğrusu, onun günahkar hissəsinə üz tutub soruşuram:
- Sabiri niyə vərəmlətdin? Müşfiqi niyə satdın? Bəs Rafiq Tağını niyə öldürdün? Seyyid Əzimin məzarından nə istədin? Bəs Axundzadənin cəsədindən?
Xalqım təbii ki, susur. Əvəzində Mirzə Cəlilin Kefli İskəndəri cavab verir:
“Ona görə ki, ölən qardaşınızın arvadını almısız, ona görə ki ölən dostlarınızın uşaqlarını naxıra göndərmisiz”.
Sonra Sabirin lirik qəhrəmanı dillənir:
“Niyə bəs böylə qaraldırsan, a qare gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?!”
Lap dərinlərdən Nizami Gəncəvi qarışır söhbətə:
“Əgər üzündə ləkə varsa, güzgünü sındırma, üzündəki ləkəni təmizlə”.
...Və nəhayət, xalqıma, daha doğrusu, onun günahkar hissəsinə üz tutub deyirəm:
“Səni sevən öldü, zalım, xəbərin varmı?!”