Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.
***
Hər axşamtərəfi
azan səslərii
özünü atanda minarələrdən
çıxıb getmək istədim bu şəhərdən
üzü şimala...
Çıxıb getmək istədim,
Dualar tüstü kimi
göyə ucalanda viranələrdən
və azan səsləri
özünü atanda minarələrdən.
***
Dörd yanın toz bürümüş bu köhnə zirzəmidə
Nədi ki özün asmaq?
Bucaqdakı kəndirlə tavandakı halqaya
“Əlvida” sözün yazmaq.
Hər yerdə qalaq-qalaq, köhnə əlifbadakı
Unudulmuş kitablar,
Yerdə bir it zənciri, bir uşaq arabası.
Rəfdə paslı bir saat, xarab olmuş sərinkeş,
Boş bir araq şüşəsi və xiyar şorabası...
Küncdə hörümçək toru, tində siçan tələsi
Hərəsində bir qurban, ölümün təntənəsi...
Bircə insan cəsədi əskik bu zirzəmidə
Nədi ki özün asmaq?
Bucaqdakı kəndirlə tavandakı halqaya
Sonuncu sözü yazmaq...
***
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
Səhərlər təndir çörəyi
və yağışlı havalar.
Səngiyirmi küçənizin
tinindəki davalar?!
Cavan-cahıl tərk edirmi
Yığışdığı dalanı,
Seyrəlirmi gəlişləri
Qatıqsatan xalanın?!
Yenə alov qüllələri
Gecə parıldayırmı,
Dərin bir yuxu içində
Yağış şırıldayırmı?!
Yandırdızmı sobaları,
Çəkdizmi pərdələri,
Asdınızmı divarlardan
Ömrün "xəritələrin"?!
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
***
Dibçək güllərini suladım öncə,
Saralıb büzüşmüş yarpağı üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə düzdüm.
Beş yaşlı oğlumun yatmazdan qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.
Komodun tozlanmış güzgüsün sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm sanki üzümü,
Baxdım ki toz basmış təbəssümümü.
Həzin bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.
Yemək də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin seçdim, ən güllüsünü.
Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə tapsınlar.
***
Nə vaxtdı, evdən çıxmıram,
Odamda küllənirəm.
Bayıra addım atmağa
Tənbəllik eləyirəm.
İndi yadıma da düşmür
O çox darıxdığım gün.
Nəsə çovğun olmalıydı,
Son evdən çıxdığım gün.
Yenə yıxılan oldumu
Qar üstündə sürüşüb.
Hərdən gülümsəyirsənmi,
yadına nəsə düşüb.
Yalanı yoxmuş həyatın,
Sən demə, gerçək imiş.
Uşaq vaxtı uydurduğum
“Sən” belə gerçək imiş.
Uzaqlaşdım qapılardan
Qondum pəncərələrə.
Haçandı heç nə yazmırdım
Tərləmiş şüşələrə.
Üzümü qoydum, isindi
Pəncərəmin şüşəsi.
Və bir də smaylik çəkdim -
Gülücük işarəsi.
Sonra bir öpüş yolladım
Tanrıya-yaradana.
Düşünmənin, varolmanın
Hissetmənin adına...
***
Qarşımda - Ana səhifədəki paylaşımları
Tək-tək “layk” elədim.
Birinə gülümsədim, birinə acıdım,
Dərin hüznlə kədərləndim.
Bayırda balıq satan kişinin qışqırtısı
Otaqda divar saatının çıqqıltısı.
Saata baxmadım, pəncərəyə boylanmadım.
Bilmək istəmədim günün
Hansı vədəsi olduğunu.
Oyanıb, çay içib, yenə yatmış,
Yenə oyanmışdım.
İçimdə nə bir həyəcan,
Nə bir təlaş.
Kompüterin yanında qırmızı bir alma vardı,
Yeməyə tələsmirdim.
Bu natürmorta oxşayan
Mənzərəni pozmaq istəmirdim.
Mövsüm qış, otaq isti, ayağım yalın,
Kreslom rahat,
Başım sakitdi.
Günə necə, hardan başlayacağımı bilmirdim.
Sanki nəinki otaqda, bütün dünyada təkdim.
Amma qarşımda - virtualda
Duyğularının üstünü açıq qoymuş adamların
Hamısını sevirdim.