Səhəd Əhməd
Uşaqlığımın qoxusu gələn
bir yaz axşamı.
Ürəyimdə bahar olmasa da
yaraları sağalmış.
***
Bahardı, yollar uzunu
Ağaclar çiçəkləmiş.
Açılmır yorğun ürəyim,
Yenə kimdən incimiş?!
***
Mən- günəş görməyən
bir zirzəmi.
İçimdə səfil rəssamın
Bahar mənzərələri.
***
Çox uzaqlarda
mənim ürəyimi çalan
həzin bir nəğmə.
Həyat gözəldir bəzən
Hər şeyə rəğmən.
***
Gözəllər gözəli ağaclar
baharda bəzənəndə,
Tək məzar olaydım
çölün düzündə.
***
Yarpaqlar çöldə ah çəkir,
Otağımda sönür şam.
Hər şeyçün sağ ol, tənhalıq,
gözəl idi bu axşam.
***
Yolboyu
Bayram libaslı ağaclar
qolboyun.
Günəşsə getməyə tələsir,
hər şeyi yarıda qoyub.
***
Sapsarı Günəş
masmavi dənizin ortasında.
Gözəl bir mart günortası
Bomboş çimərlikdə
Dənizlə səmanın arasında.
***
Çəmənə, yağışa,
Günəşə həsrət, dibçək gülü,
qəm yemə, çöl çiçəklərindən
Çox sevirsən sevgini.