Rusdillilər və cahillər

Rusdillilər və cahillər
3 iyun 2013
# 10:38

Oğlumun iki yaşı olanda kənddə - nənəsinin yanında qoyub gəlmişdim. Bir azdan uşaq “uçağımı istəyirəm!” deyə ağlamağa başlayıb. Hələ səsləri düzgün tələffüz edə bilməyən iki yaşlı nəvəsinin nə dediyini anlamayan çarəsiz qadın mənə zəng eləmişdi:

- A bala, deyir, uşağımı ver!

Mən anamı ərəbcə başa saldım:

- Təyyarəsini istəyir.

Anam rusca dəqiqləşdirdi:

- Samalyotu? Həəə.

Bir az aralıdan hələ də ağlayan oğlumun səsi gəldi. O doğma dilimizdə qışqırırdı:

- Uçaq! Uçaq!

Düşündüm ki, üçüncü nəsil daha haqlıdı, həm doğru söz seçməkdə, həm də bizə hirslənməkdə. Bəli, balalarımız bizim kimi “multiplikasiya filmi” yox, “cizgi filmi” , “davay” yox, “ haydi” deyəcəklər.

Uşaqlar təbii halda öz milli artilkulyasiyasına uyğun, dilinə daha yatımlı sözləri seçirlər. Nə qədər ki, kitablar onların beynini ərəb-fars sözləriylə doldurmayıb.

Amma bu təbii prosesə qarşı çıxanlar, ağız büzənlər də yox deyil, yəni bizim hekayəmizin mənfi qəhrəmanları da mövcuddur. Mən bu tipləri şərti olaraq iki hissəyə bölərdim; rusdillilər və cahillər.

Birinciləri anlayıram, onlar öz hakimiyyətlərini əldən vermək istəmir, ingiliscəyə olan kinlərini də türkcəyə qarşı püskürürlər. Axı türk dilinin hesabına heç bir xarici dil bilməyən sadə azərbaycanlı da hər hansı məşhur bir filmə baxa, hansısa dünya şöhrətli romanı oxuya bilər.

O ki qaldı ikincilərə, onları anlamaq elə də çətin deyil. Onlar türk dilinin təsirini də növbəti yad dilin dilimizə təcavüzü kimi başa düşürlər. Necə deyərlər; “ilan vuran ala çatıdan qorxar”.

Onu başa düşmək lazımdır ki, türk dili bütün türk xalqlarının ortaq xəzinəsidir. İndi Anadolu türkcəsindəki bəzi sözlər vaxtilə bizim türkcədə də eyni qaydada ümumişlək olub. Sonralar bir çox milli mənşəli leksik vahidlərimiz arxaikləşərək ərəb-fars sözləriylə əvəz olunub. Məsələn, Anadolu türkcəsində hələ də ümumişlək olan “us” (“ağıl”) sözü bizdə artıq köhnəlmiş söz hesab olunur, əvəzində isə ərəblərin “ağıl” (“əql”) sözündən istifadə edirik. Anadolu türkcəsində isə “akıllı” ifadəsi ilə yanaşı “uslu” sözü də qalmaqdadır və bu sinonimlər arasında çox gözəl məna çaları fərqi var. Bu cür nümunələr olduqca çoxdur, belə çıxır ki, dilimizdəki bəzi sözləri “dirildiriksə” başqa bir ölkənin təsiri altına düşmüş oluruq?!

Təbii ki, biz uşaqlarımız kimi televiziya kanallarından eşitdiyimiz hər sözü kortəbii olaraq işlədə bilmərik. İstər arxaik leksikondan, istər dialektlərdən olsun, dilə söz gətirməkdə yazarlarımız ehtiyatlı olmalıdır.

Anadolu türkcəsində də çoxlu ərəb-fars, Avropa mənşəli sözlər, dilə ağırlıq gətirən son şəkilçilər mövcuddur ki, onlardan istifadə etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, bizdə qarşılığı olmayan, yaxud da sinonimlik yaradan sözləri seçməliyik.

Məsələn “darıxmaq” sözünə parelel olaraq “ görəsmək”, “özləmək” ifadələrini, “küsmək” sözünə “darılmaq”, “incimək” sözünə “qırılmaq” sinonimini nə üçün gətirməyək ki?!

Türkcədə çox sevdiyim bütöv bir ovqatı əks etdirən “ kəndini dağıtmaq” ifadəsi var. Biz həmin əhvalı “həyatdan əlini üzmək”, “qəm dəryasına qərq olmaq” “bədbinliyə qapılmaq” deyə ifadə edirik, amma bunların heç biri “kəndini dağıtmaq” ifadəsi qədər dəqiq və yerində deyil. Və yaxud da çox sevdiyim “huzur” sözü. “Huzurluyam” kəlməsinin verdiyi anlamı türkcədə daha gözəl ifadə etmək mümkün deyil axı.

Eləcə də çox lakonik nidalar var ki, bəzən biz onların əvəzinə cümlə qurmalı oluruq. Məsələn, “ayib olsun” əvəzinə “yuh” , “sənə daha sözüm yoxdur” un yerinə “oha”, ərəb mənşəli “təəssüf”ün əvəzinə “tüh”, rus mənşəli “ura”nın yerinə “yaşasın” işlətməklə lakonikliyə xidmət etmiş olarıq.

Eləcə də bəzi sözlər var ki, onları biz daha yaxşı qoruyub saxlamışıq və başqa türkcələrin də bizdən alacağı çoxlu ifadələr var. Türkiyədə olanda dəfələrlə onlardan “əsl türkcədə siz konuşurunuz” deməsinin şahidi olmuşam və bu ,gerçəkdən, belədir.

Ortaq türkcə yalnız Türkiyə türkcəsinin, Oğuz qrupunun deyil, bütün türk dili ailəsinin leksikonu hesabına yaranmalıdır. Bu isə xeyli zaman və zəhmət tələb edir.

Yuxarıda danışdığım hadisədən isə iki ilə yaxın vaxt keçib, amma hələ də anamla oğlum bu “ortaq türkcə” məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

- Kay-kay istəyirəm, nənə, kay-kay.

- A bala kay-kay nədi?

İş yenə mənə düşür. Başlayıram anama izah etməyə ki, bu sözün bizdə qarşılığı yoxdu. Türkcə “kaymak” yəni, “sürüşmək” sözündəndir və bizə “ samokat”dan daha yaxındır.

İki nəsil arasında körpü yaratmağa nail olduğuma elə də inanmıram, amma ona inanıram ki, bizim balalarımız təkcə bizdən yaxşı yaşamayacaqlar, həm də daha zəngin leksikonda, daha gözəl türkcədə danışacaqlar.

# 4485 dəfə oxunub

Müəllifin son yazıları

# # #