Səfər Alışarlının "İşıq" hekayəsi

Səfər Alışarlının "İşıq" hekayəsi
12 avqust 2020
# 14:42

Bu gün - 12 avqust yazıçı Səfər Alışarlının ad günüdür. O, 66 yaşımnı qeyd edir. Kulis.az bu münasibətlə yazıçının “İşıq” hekayəsini təqdim edir.

Qəlbində sevməyə, əzizləməyə heç nə tapmayanda gedib pəncərədən düşən gün işığına sığınırdı. İşığın qucağında alnını şüşəyə dirəyib özünü, adamları unudurdu. Hərdən balaca ayaqlarını cütləyib şüaların döşəmədə yaratdığı işıq fiqurlarına yerləşməyə çalışırdı, elə bil onlardan hansınınsa birdən havalanıb uçmaq sehrinə inanırdı. Bir-birini udub təzədən doğan işıqla kölgənin oyununda məzəli guşələr, gizli hücrələr tapırdı, heç vaxt onların qapısını açıb içəri boylanmırdı, aldanacağından qorxurdu.

Sonra tədricən o işıq da, isti zolaqlar da, fiqurlar da rəngli pərdələr kimi köhnəlib adiləşdi. Günəşin daim döydüyü yerlərdə sərt parket taxtaları bir-birindən küsüb aralandı.

- Mənim evim yay-qış gün işığı ilə dolu olur... - Bir az tutuldu, sanki mətbəx qarışıq bir mərtəbə aşağı, keçmişə endi, orada lazım olanlara bir də diqqətlə baxdı və həqiqətən heç nəyin dəyişmədiyindən doğan üzgünlüklə təzədən qayıdıb davam elədi:

- Öz içim də işıqsız deyil, ancaq həyatımda heç nə dəyişmir. Axı ola bilməz ki, bu yaşda hər şey qurtarmış olsun...

Belə demişdi nə vaxtsa... Mahmudun gəlişi ilə bağlı hər şey dəqiq yadında idi: boyu-buxunu, sakit baxışları ilə birdən köpük kimi qıjıldayıb arta-arta qapını divar qarışıq bürüdü, bütün şəhər, ötən illərdə nə vardısa, hamısı o üzdə qaldı.

Otaqdan-otağa keçəndə də elə bil arxasınca özü ilə gətirdiyi bir dəstə adam yeriyirdi və o adamların hamısı qeyri-adi tərzdə ona, bu evə, əşyalara isinişərək doğmalaşırdı. Adamların bəziləri burada daimi yaşayırdı, müxtəlif yerlərdən - tavandan, çilçırağın üstündən, güldanın içindən, güzgülərdən boylana-boylana öz aralarında astadan nəsə danışırdılar, onun zəif damarını tutmuş kimi, gün işığına göz vurub gülümsünürdülər. Hərdən ona elə gəlirdi ki, pəncərə pərdəsini yana çəkəndə o adamlardan kimsə paya kimi yerə dəyib danqıldayır. O, soyunub hamama girəndə isə kimsə pıqqıldayıb tez oranı tərk edir ki, xanım rahat çimsin.

Ancaq o, pəncərəni, günəşi sevirdi, şüşələrlə oynaşmaqdan doymayan günəşin içəri şığıyıb kölgənin dərinliklərinə məhrəmliklə soxulmasını xoşlayırdı. Stolun, divanın üstündə o işıq parçalarını əli ilə sığallayıb oxşamaqdan da çəkinmirdi. İşığı sığalladıqca keçmiş həyatında bəzi pəncərələrin necə qaraldığını hiss edirdi.

Mahmud kompüterində eşələnə-eşələnə işıqla insan həyatında nələrinsə dəyişilib-dəyişilməməsinin məntiqini anlamağa çalışırdı və bu nəticəyə gəlirdi ki, təkcə Sevinc adına arxayınlıqla xoşbəxt olmaq çox çətin məsələdir. “Kordeliya” yaxşıdı. Sevincin vətənindəki həşhüşinlər dövrünün professoru qızına adı Şekspirdən borc almışdı. Yazıq qız çox çalışdı, gördü ki, Kordeliya ola bilmir, Tükəzbanın başını buraxdı və istehsalat təcrübəsinə getdiyi Sumqayıtdan qayıtmadı. Belə ələşən-küləşən fikirlər yalnız onun ağlına gəldiyi üçün Sevinc də bu tipli sualları vaxtaşırı ona rəsmi anket sorğusu kimi ünvanlayırdı. Qaşlarını çatıb dinməzcə onun üzünə baxır, fikrin hansı dərinliklərdə formalaşdığını diqqətlə izləyir, elə bil, aldığı cavabla hansısa lazımsız həqiqəti vurub dövriyyədən çıxarırdı.

- O günü... - Bu dəqiqənin özündə adının haralarda, hansı səviyyələrdə müzakirə olunmasından xəbərsiz Sevinc mızıldandı. - O günü nahar fasiləsinə çıxanda Zivər dükandan bir dənə kəfgir almışdı. Vallah, elə sevinirdi, deyərdin, bəlkə bu kəfgir adi dəmirdən yox, qızıldandı, özü də onu buna beynəlxalq müsabiqənin qran-pri mükafatı kimi təqdim eləyiblər. Sonra əlində oynatdı, oynatdı, birdən otağa girmiş milçəyi göydə vurmaq istəyəndə kəfgir şkafın qapısına dəyib ikiqat oldu.

Kəfgirə bax e-e! Gedib çıxıb Kann festivalına. Janna da Arkdan xəbəri olsa, döyüş qılıncına çevrilərdi. Pərdələrin arasından boylanan payız günəşi yenə çertyojlarla dolu vatmanlarını açıb tökmüşdü. Onlara baxanda tozun nədən düzəldildiyini və otaqda nə işlə məşğul olduğunu dəqiq görmək olurdu.

- Bəlkə gedim mən də nəsə alım? - Sevinc soruşdu və tez də özünü təkzib etdi. - Yox, yaxşı olar ki, gedim zala, bir az da çəki atım. Hə-ə?

Əla ideyadı. Adam hərdən gərək özünü heç olmasa öz gözündə necəsə dəyişdirsin: zahiri, daxili, saçının rəngini, yatımını, paltarını - fərq etməz. Dəyişsin ki, təqibçi pis qüvvələri azdırsın. Mahmud birgə həyata aid çox anlayışları, hərdən hətta onun adını da dəyişirdi: Coci, Cocelino, Çiki... Hər birinin öz əhval dəmi vardı. Sevgisiz işlənəndə dərhal hiss olunurdu, sözlər axan ulduz kimi hədəf nöqtəyə çatmadan sönüb qeyb olurdu. Sevgiylə deyiləndə işıqlı dünyada qadın adı olaraq “Trolleybus” da qəbul edilib yerinə qoyulurdu. Bilənlər üçün bu dünyada hər şeyin çoxlu-çoxlu mənası var. Bilməyənlər onsuz da qafilcəsinə xoşbəxtdir. Fikirlər, mükalimələr və anlayışlar mübadiləsində qafilin nəinki saçının düzümü və adı, heç cəddi də rol oynamır.

Belə günəşli payız günündə də evdən çıxıb harasa getmək istəyən çox deyildi. Şəffaf şüşə arxasında hər gün baş kəsən qəssabın seyr etmədiyi yolu seyrək maşın axını və evdə oturmaqdan bezmiş tək-tük piyadaların üzünə hərəmxana qapısı kimi qapamışdılar. Buna qətiyyən məhəl qoymayan sarı işıqla dolu məhəllədə hava elə sakit, elə xoş və elə təmiz idi ki, sanki yol da, maşınlar da, evlər də - bütün şəhər bir neçə saat ərzində çiçəkdən meyvəyədək inkubasiya yolu keçmiş nəhəng xurmanın içində qalmışdı.

Möhkəm, dümdüz yol kürə boyu aşağı əyilməyib uçuş zolağı kimi fəzada davam etsəydi, onunla başqa planetlərə gedib çatmaq olardı. Söz-söhbəti Firondan üzübəri gəlsə də, başqa planetlərin başqasının arvadı kimi quruca cazibədarlığından başqa heç nəyi hələ kəşf edilməmişdi. Geriyə istiqamətdə isə yolun fəzaya yüksəlməsi lazım deyildi, aşağı, tunelə girib qədim Misirə çatması ikicə dəqiqənin işi idi. Tutonxamonun kəcavəsinin qabağınca carçılar qışqıra-qışqıra qaçırdılar ki, gəlir, gəlir, üzünüzü çevirin, siz onun nurunu görməyə layiq deyilsiniz! Nur havayıca tökülüb gedirdi.

Rəmzi çəpərin arxasında körpə xurma ağacı da qəssab kimi bu məhəllədə məşhurdu. Lampaları yandırılmış modern zal çilçırağına oxşayırdı. Kövrək ağac az qala yerə dəyən yarpaqsız budaqlarındakı sapsarı meyvələrin ağırlığını hamilə qadın təbəssümü ilə daşıyırdı. Balacaxanımın səhərlər üstünə yüngül pürsək düşən sarı işıqlarını buradan keçən hər kəs onun hələ ağac olmamış ting hünərinə alqış kimi sayırdı: bir, iki, üç... On dörd... On səkkiz! Ev yiyəsi çəpərin arxasında oturub işığı sayanların üzünə həm ağacın əvəzinə, həm də öz əvəzinə gülümsünməyə çalışırdı. Təbəssümü yorğun, bulanıq və pırpız idi, elə bil yaxma bığından təbəssümünə şirə düşmüşdü: görünən alt dodağı bütün ətrafı ilə tez-tez səyriyirdi. Üstündə oturduğu kətil sarımtıl otun içindən yonulmamış taxta həmrəyliyi ilə sanki altdan-altdan ağaca ürək-dirək verirdi.

- Hanı sənin fotoaparatın? Maşında? Get gətir, bu gözəlçə ilə mənim şəklimi çək. Neçə gündür belə günəşli hava gözləyirdim. Jurnala göndərəcəm.

Mahmud avtodayanacağa gedib-gəlincə ev sahibi onunla danışmağa cəhd etdi. Mızıldandı, başını tərpətdi, burnunu çəkdi və birdən dağ boyda bu adam qaçqınlığın küçədən görünməyən üzü ilə elə hıçqırdı ki, qız az qaldı ağacın dibinə çökə. Sonra tərk etdiyi yerlərdə necə meyvə ağacları qoyub gəldiyini qarmaqarışıq sözlər, hislər və qiymətlərlə ifadə etməyə çalışdı, ancaq heç nə alınmadı: zaman çalağan caynağında getmişdi.

- Nə bilim e-ey, - quşun insafsızlığına alışmış kimi dedi. - Xəyalım hörüklü at kimi qalıb oralarda. Bəri gələmmir!

Dünya külli halda xəyalsız adamlardan ibarətdir, bu isə öz xəyal atını nə az, nə çox, otuz ilə də hörükdən aça bilməyib. Qadınlar bişirdikləri yeməyə oxşayırlar: qarın doyuzduranı da olur, ləzzət verəni də. Kişilər isə... Kişiləri dəqiq bilmirdi. O istəyirdi ki, kişi kukla kimi olsun, üzünün tanış, xoş ifadəsi heç zaman dəyişməsin.

Boy atıb böyümək, gövdəsini, zoğlarını möhkəmləndirmək əvəzinə çiçəklərini mayalandırıb bar verməyə həvəslənmiş bu balaca, çəlimsiz ağacı erkən nikah tələskənliyində qınadı. Ağac günəşdən ilhamlanıb ona öz sehrli təbəssümü ilə göz vurdu. Bar vermək pis deyil, amma barlar müxtəlif olur; kiminə qırmızı alma, kiminə də sadəcə xurma təbəssümü...

O da bu ağac boyda olanda bir neçə illiyə uzağa, şimala yaşamağa getmişdi. Oradakı sonsuz çölün qarını və kəsilməkdən başqa heç nəyə lazım olmayan ağacların kabus duruşunu unutmamışdı. Bir anlığa bu xurma ağacını aparıb o düzəngahdan keçən yolun qırağında qarın içinə qoydu, budaqlardan sallanan meyvələrin sarı işığı o ağlıqda bir az da artdı. Sidik iyi verən kirli kürklərə bürünmüş sərxoş kişilər onu dərhal yoluşdurub söyüşə-söyüşə uzaqdakı dükandan çaxır almağa getdilər.

Mahmud ağacın fonunda onun şəklini çəkəndə kişi oturduğu yerdən tərpənmədi, yaxma bığı və uzun tüklü qaşları ilə buranın və ağacın kimə məxsus olduğunu bəzi kadrların arxa planı vasitəsilə nəzərə çatdırdı. Ayağa durub qoluna girmiş qadınla da bunları təkrar edəndən sonra tütün iyi verə-verə qadına belə dedi:

- Ürəyindən keçirsə, birini qoparıb yeyə bilərsən.

Qadın kənara çəkilib onun ağ-qara tüklərdən ibarət sifətinə, otun içində qalmış qəzalı kətilinə baxdı və dedi:

- Sən bilsən, mənim ürəyimdən nə keçir, gedib qəssabdan bir qoyun ürəyi alıb gətirərsən mənə...

- Niyə, başına dönüm? - kişi yerindən tərpənmədən yana əyilən kimi oldu, elə bil uzaqdan ona sarı gələn selbədən yayınırdı. - Gözəl-göyçək xanımsan, olmaya, ərin saa-a yaxşı baxmır?

- Odey, görmürsən necə baxır mənə?! Heç deyərsənmi, yaxşı baxmır?

Kişi ona guya ağzı aralı baxdı, ancaq bığı yaxma olduğundan yalnız balaca burnu altında çənəsinin və səyriyən alt dodaq ətrafının gülməli performansı hiss edildi.

Qadına baxmaq milli məsələdir. Qadının baxmağı isə müəyyən dövrə qədər fərdidir, o dövr heç zaman qurtarmaya da bilər, qurtaranda qadın gölməçəyə atılmış balıq kimi bütün cazibəsini itirir.

Onlar bağçanın arxa səmtində çəpəri əvəz edən itburnu kollarının sırası boyunca maşına tərəf gedəndə gördülər ki, sərt tikanlı özəklərin seyrək yerlərində eynilə yazda olduğu kimi yaşıl otlar pöhrələnib qalxır. Sanki otlara da elə gəlirdi ki, günəşin bu sarı işıqla dolu mülayim üzü kukla sifətinin xoş ifadəsi kimi həmişə dəyişməz qalacaq.

Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı ...

# 9858 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #