Kəramət Böyükçölün "Səs" romanı ustalıqla yazılmış əsərdir - Səfər Alışarlı

Kəramət Böyükçölün "Səs"  romanı ustalıqla yazılmış əsərdir - Səfər Alışarlı
16 yanvar 2024
# 12:00

Kulis.az Kəramət Böyükçölün “Səs” romanı haqqında Səfər Alışarlının məqaləsini təqdim edir.

Xalq özünə kənardan baxa bilmir. Onu özünə yalnız incəsənət əsəri vasitəsilə, müəllifin o əsərə qoyduğu energetik gücün təsiri və sənətkar ümumiləşdirmələrilə göstərmək mümkündür.

Kəramət Böyükçöl özünün qatıldığı deputat seçkiləri haqda “Səs” romanını yazdı və indi onu oxuyanlar görəcək ki, “bu dünyada elə şeylər var ki,” onların incəliklərini və bəzi cəhətlərini yalnız siyasi roman vasitəsilə ifadə edib göstərmək olar. Seçki sırf siyasi proses olaraq həm mövzu, həm də mahiyyət etibarilə bədii ədəbiyyatın klassik roman səciyyəsinə bir qədər ziddir. Ancaq operativ sosial şəbəkə reportyorluğunun qonşuluğunda müasir roman janrı artıq sərhəd tanımır.

“Səs” avtobioqrafik romandır. Onu “seçkilərdən reportaj” da adlandırmaq olar. Seçki prosesi xalqı bütövlükdə, onun bütün qatlarını əhatə edir. Bəlkə də, onun gözəlliyi məhz bundadır. Azərbaycanda yəqin ki, siyasi romanlar, hətta siyasi-detektiv romanlar da az deyil. Onları nə mən oxumuşam, nə də oxumağı sizə məsləhət görürəm. “Səs” onların fövqündədir. Seçki janr estetikası və üslübu baxımından publisistika tələb etsə də, Kəramətin romanı bədiidir. Əxlaq və mənəviyyat anlayışları ilə çox da hesablaşmayan, rəqibi əzmək üçün mübarizənin bütün forma və metodlarını məqbul sayan bu qısa kampaniyanın bədii mətndə inikası yazıçıdan çox böyük ustalıq tələb edir. “Səs” romanında o, gözümüz önündədir. Yazıçı zəmanət verir ki, əsərin bütün qəhrəmanları realdır, hətta adları da dəyişilməyib.

Müəllif zəngin təxəyyülü və bədii düşüncə qüdrətilə seçki prosesini təşkil edənlərin və onun fəal iştirakçılarının psixologiyasına nüfuz edərək oradakı mənəvi qəbiristanlıqların acınacaqlı mənzərəsini açır. Yüngül, ironik sərgüzəşt əhvalı, hər detaldan özünəməxsusluq və bədii-psixoloji dəyər kimi çıxarılan orijinal xüsusiyyətlər “Səs” romanını maraqlı edir. Burada irili-xırdalı bütün obrazların əsas ideya hədəfinə doğru dəqiq naviqasiya ilə aparılması, psixoloji detalizasiya və ümumiləşdirmələr onu dünya ədəbiyyatının məşhur romanları ilə müqayisə etməyə imkan verir.

Bütün müqayisə və bənzətmələr qüsurlu olsa da, məsələn, “Səs”i məşhur “Don Kixot” romanı ilə müqayisə edək. Don Kixot yazıçıdır, rəvan həyatının hər şeyini birdən-birə tərk edib səsrsəri cəngavərliklə ölkəsində şərin real və irreal təzahürlərinə qarşı silahlı mübarizəyə qalxır. O, əməllərində infantil dərəcədə səmimi, ardıcıl və dünya malında gözü olmayan birisi kimi bütün döyüşlərdən faktiki məğlub çıxdığı halda qalibə çevrilir.

“Səs” romanında da Kəramət Böyükçölün deputatlıq sevdası qəfləti, demək olar ki, təsadüfən baş verir. O, deputatlığa namizəd kimi ölkə prezidentinin gənclərə çağırışına arxalanaraq öz istəklərini reallaşdırmaq uğrunda təcrübəli seçki ordusu ilə təkbaşına vuruşa girir və heç nəyə xatir geri çəkilmir. Bu qeyri-bərabər döyüşdə məğlubiyyətin də nəticə etibarilə qələbəyə çevriləcəyinə əmin olan Kəramət oyunu axıradək, seçki qanunu ilə olmasa da, ən azı, insani ədəb və əxlaq etikası çərçivələrində başa vurur və heç-heçə nəticə ilə, əslində, total saxtakarlıq üzərində qələbə qazanır.

“Səs” romanı analogiyada müəyyən motivlərilə Qoqolun “Ölü canlar”ını xatırladır. Orada Çiçikov zəngin mülkədar kimi görünmək üçün quberniyanın təzəlikcə vəfat etmiş, ancaq ölüm faktı hələ dövlət statitistika reyestrinə salınmamış təhkimli kəndlilərin adını onların sahiblərindən ucuz qiymətə almaqla məşğuldursa, burada romanın qəhrəmanı Kəramət Böyükçöl qapı-qapı düşüb hələ ölməmiş, diri adamların seçici səsini öz platformasının müddəaları ilə almağa çalışır. Qoqol ölkənin “bir küncünə baxmaqla bütün Rusiyanı” öz xalqına göstərməyi arzulayırdı. “Ölü canlar”ın senzura sovuşdurmalarında o yazırdı ki, “ilkin variantlarda mənim qələmimdən çıxan o dəhşətli eybəcərlikləri görən hər kəsin əti ürpəşərdi”.

Rus realizminin başlanğıc nöqtəsi sayılan bu ölməz əsər öz zamanının cəfəngiyyat və qrotesk bayramı kimi bütün Rusiyanı tərpətdi. Kəramət Böyükçölün romanı öz milli xarakterlərinin parlaq səciyyəsilə Azərbaycan siyasi reallığını tərpədə bilərmi? Bunu zaman göstərəcək.

Hələlik qəti şəkildə demək olar ki, əsərdə ən kiçik detallarına qədər dəqiq təsvir olunan seçki prosesində səsini 20 manata satan elektoratın faktiki “səssiz” kəndlilərdən ibarət olduğunu və bu ucuz alverdə vasitəçilik edən işbazların məharətini və tükənməz enerjisini ən sərrast ifadə və parlaq boyalarla əks etdirən bir tragikomediyadır. Seçici kimi pərdə arxasında 20 manatını aldığı namizədə səs verməyi vicdan işi saymaqla da özünü karikatura məzmunundan çıxara bilməyən bu insanlar haqqında müəllif belə deyir: “Onlar hələ vicdanı tam itirməyiblər, sadəcə onun (vicdanın) harada olduğunu bilmirlər”.

Romanda obrazlar çoxdur, amma istənilən obrazı götürüb möhkəm-möhkəm silkələsən, onun nə zahiri görünüşündən, nə də daxili aləmindən başqasına oxşar hər hansı bir cizgi yerə düşər. Hər kəs özünə görə orijinal xarakter və fiziki təcəssümatdır, hətta Kəramətin əsas rəqibi də... Namizədlərin şəkil yapışdıran, quş uçurdan, milçək tutan, stola boş butulka taqqıldadan, saz çalıb-oxuyan, şayiə yayan, intellektual həmlə ustası sayılan, torba-torba şəxsiyyət vəsiqələrini qoltuğuna vurub kənd küçələrini gəzən, işıq söndürən və s. xidmətçi personalı təkcə rəqib komanda ilə vuruşmur, öz aralarında da ciddi rəqabət aparırlar. Məsələn, əsərin bir yerində təmənnası əvvəlcədən məlum bu personalın üç nümayəndəsi Çingiz müəllimin
seçilməyəcəyi halda nə edəcəklərini belə bəyan edirlər. Loğman müəllim Nəsihət ağanın cəddinə and içir ki, əgər Müəllim seçilməsə, o, Muradxanlı kəndinin ortasında intihar edəcək. Salman deyir: “Əgər Müəllim seçilməsə, mən İmişli rayonunda yaşamayacağam, köçüb gedəcəm Ağdaşa”. Keçmiş partiya işçisi Yadigar müəllim intriqa ustasıdır, əvvəlcə sualdan yayınmaq istəyir, ancaq yoldaşları “Bəs sən nə edəcəksən?” deyə israrla dirəşəndə cavab verməyə məcbur olur: “Mən Çingiz müəllimin seçilməyəcəyini düşünmürəm”.

Təbii, burada Qoqolun dediyi qrotesk əlamətləri olmamış deyil. Ancaq qeyd etmək lazımdır ki, realizm ənənələrinə sədaqətlə konkret şəxsləri roman obrazı kimi orijinallaşdırmaq yazıçıdan çox böyük ustalıq və etik normaların gözlənilməsini tələb edir. Bu mənada ümid etmək istərdim ki, romanda adı çəkilən şəxslərin heç biri, istər qohum, istər yad olsun, müəllifdən incik düşməyəcək.

“Səs” romanının yaratdığı ovqatın bəzi motivlərini məşhur “Ölülər” əsəri ilə də müqayisə etmək mümkündür. Romanda Kəramət öz namizəd hüquqları uğrunda aktiv mübarizdən daha çox, diqqətli və dərin müşahidəçidir. Obraz bədii üslubun çərçivələrindən kənara sıçrayıb publisistik eybəcərləşməyə doğru ilk addımı atan kimi müəllif birbaşa təsviri dayandırıb “fikir axını” deyilən metodla söhbəti daim ehtiyatda saxladığı qonşu müstəviyə keçirərək realizmin verə biləcəyi qəmgin mənzərədən daha üstün nəticələr əldə edir. Bu, situasiyanın, obrazın təsvir və tədqiqinin eninə, uzununa genişləndirilməsi deyil, dərinləşdirilməsidir. Qeyd etdiyimiz həmin genişlənmə bədii inikasın bütün ədəbiyyatları və yazıçıları məhv edən çarəsiz epidemiyaya bənzədiyi halda, dərinləşdirmədə kəşf edilən dəyərli psixoloji və mənəvi detalları yalnız böyüki istedada malik sənətkarlar əldə edə bilir. Belə təsvir üsullarının konkret texnologiyası yoxdur, o, yaradıcılıq prosesində yazıçının ağlına intuisiya, fəhm, vəhy və virtual sevgili kimi gəlir, sahib çıxan olmadığını gördükdə üz çevirib gedir.

Mübarizədə özünün bu üstünlüyünə arxayın olan Kəramət ona görə seçki prosesində primitiv fırıldaqlara qarşı döyüşən aktiv natiq, alovlu tribun deyil, məhz aktiv müşahidəçisidir. Bu məqamın yozumları üzərində “Ölülər” pyesinin Kefli İskəndərini xatırlasaq, mütləq görkəmli ədib Cəfər Cabbarlının ona münasibəti haqqında danışmalıyıq. C.Cabbarlı məqaləsində əsərin qəhrəmanına Şeyx Nəsrullahın və digərlərinin törətdiyi “bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur” deyə qəti əminlik ifadə edirdi ki,

“İskəndər olmasaydı da, bu fırıldaqlar açılacaq idi”. Bu dramaturq tənqidi və ittihamının üzərindən heç otuz il keçməmiş C.Cabbarlının pyes qəhrəmanlarının ədəbi taleyi göstərdi ki, rəngindən asılı olmayaraq, patetik inqilabi şüarçılıq olsa-olsa, milli obrazın qəbri üzərində başdaşı ola bilər, ancaq ona əbədi həyat verib yaşada bilməz. Kefli İskəndər bu gün də aktual obrazdır. Zamanın onu öldürə biləcəyinə güman azdır. Kəramət olmasaydı da, hətta Kəramət yoxkən bütün bu saxtakarlıqlar Azərbaycan xalqına bəlli idi. Ancaq xalqın bunu olduğu kimi görməsi və nəticə çıxara bilməsi üçün seçki
prosesinin əsas məsələlərini önə çəkib böyüdən, onu təmənnasız müəllif yanğısı və energetikası ilə zənginləşdirib təqdim edən sənət güzgüsü lazımdır. Bizim milli tariximizin güzgüsüzlük dövrü, təəssüf ki, başqa xalqlarınkından uzundur.

“Səs” romanının Azərbaycan reallığına bəxş etdiyi başqa bir şey də var. Məsələn, “budəfəki seçkilərin keçmiş seçkilərə qətiyyən bənzəmədiyini” gənc namizədin diqqətinə çatdıran Razi müəllim Azərbaycan parlamentində kvotaları Kəramət və onun atası Qəşəm Nəcəfzadə üçün şərh etməyə başlayanda, xəyala dalmış çoban oğlu Qəşəm analogiyanın hansı səviyyəsindəsə birdən qayıdır ki: “Hə, Razi müəllim, düz deyirsən, Babalı deyən qulaq ölüb”. Şərhin sonunda Razi müəllimin dediyi yeni seçki demokratiyasını Qəşəm öz şair sadəlövhlüyü ilə yenə absurdun pik nöqtəsinə qaldırır: “Vallah, elə seyid Xanpəri qoyan qulaqdı”. Qulağın nə demək olduğu izah edilməsə də, bu naməlum eyham ümumi vəziyyətin
dramatikliyinə katalizator kimi qarışıb onu cəfəngiyyatın təntənəsinə doğru sürətlə hərəkət etdirir.

“Səs” romanının bənzədilməsi mümkün olan daha bir populyar analogiyası var və bəri başdan qeyd edim ki, əgər ağıllı bir rejissor tapılıb bu əsəri filmə çevirsə, ölkənin uzun bir sürəci üçün milli komediya janrının yaxşı nümunəsini ortaya qoymuş olar. Bu analogiyada milli zehniyyətmizin bambılı şairi və aşığı Moşu Göyəzənli var. Moşunun lokal bağ sərgüzəştlərində siyasi qat milçək qanadı qədər nazikdir. Ancaq bu əsər, son nəfəsdə qırmızı sovet reallığının adi məişət səviyyəsindən açıq gülüşün sarkazmı ilə sökür. Kəramətin qatıldığı seçki sistemi də mahiyyət və məzmun etibarilə çox zəif özüllər üzərində dayanıb. Onun əyləncəsi də ciddi ibrət dərsləridir. Kəramətin Aşıq Mürvəti orijinallıqda heç də Moşudan geri qalmır.

Seçkidə Kəramətin əsas rəqibini dəstəkləyən aşıq Mürvət seçicilərlə görüşlərdə bədii hissələrin yaraşığıdır. O, seçki yarmarkasının musiqisidir. “Uzun bığlı çəyirtkəyə oxşayan aşıq tullana-tullana qabağa gəldi, yerində bir-iki dövrə vurub düz qarşımda dayandı:

Xoş gəlmisən, ay Kəramət,
Bizim ellərə, ellərə.
Yamanca daraq çəkmisən,
Siyah tellərə-tellərə.

Aşıq Mürvət Kürdəmirdən Beyləqanın Dünyamalılar kəndinə qədər ad çıxarıb. Onun gözü Kəraməti yaman tutub:

Kəramətsən, sən uşaqsan,
Bir az üzü yumuşaqsan.
Burda nahaq dolaşırsan,
Düşmə dillərə-dillərə.

Ancaq namizədlərin ətrafında dolaşan, onu təbliğ edən, ona torba-torba şəxsiyyət vəsiqəsi toplayan bu mövsümi səs alverçilərinin hər biri kimi aşıq Mürvət də qaz kimi ayıqdır. Hərdən fikirləşir ki, olmadı elə, oldu belə, ona görə imkan düşən kimi əsas namizəddən sapıb Kəramətin də könlünü öz sazı-sözü ilə xoş etməyə çalışır:

Gedib çatıb şan-şöhrəti
Uzaqlara Kəramətin.
Adı qonub çiçək kimi
Dodaqlara Kəramətin.

Kəramət Böyükçöl əsərdəki bütün obrazların 2020-ci ildə 80 nömrəli İmişli-Beyləqan seçki dairəsində keçirilən parlament seçkilərinə qatılmış real insanlardan yapıldığına zəmanət verir. Aşıq Mürvət real olmasaydı belə, yalan, fırıldaq dolu bu yarmarkada onu uydurmağa dəyərdi.

Əsərdə Kəramətin ailə ansamblı - ata, ana, Cubbulu, hətta oğlu Barış da seçki prosesinə haqq-ədalət əndazələri gətirməyə səfərbər olunaraq ciddi mənəvi yükün daşıyıcılarıdır. “Atam qədər içindən azad və azadlığı sevgili kimi sevən ikinci bir adam tanımıram. Amma elə bil həbs olunub, mən onun azadlığa çıxan tərəfiyəm. Bax burada mən atamdan ayrıldım. Onun içindən çölə çıxdım, səsə döndüm, hirsə çevrildim. Atam çəkib məni öz içinə sala bilmədi”.

Dəqiq psixoloji məqamlardır, yaxşı da ifadə olunub. Bir seçki əvvəl atanın həmin dairədən deputatlığa namizəd olması Kəramət üçün yaşanmış neqativ təcrübədir, ona görə o öz kampaniyasında səhv etmir, seçkinin son nöqtəsinə qədər inadla, ümidlə, prezidentin ədalətinə inamla irəliləyərək mənəvi qələbə qazanır.

# 5942 dəfə oxunub

Müəllifin son yazıları

# # #