Həyatım əsərlərimdən daha zəngin olub – Səfər Alışarlının yubiley çıxışı

Həyatım əsərlərimdən daha zəngin olub – Səfər Alışarlının yubiley çıxışı
15 avqust 2019
# 12:30

Kulis.az yazıçı Səfər Alışarlının 65 yaşı ilə bağlı keçirilən yubiley mərasimindəki çıxışını təqdim edir.

65 yaşın tamamında keçilmiş həyatın bəzi yekunları haqda danışmaq olar. İndiyə qədərki bütün çıxışlarımda qısa, lakonik danışmaqla məşhur Çexov prinsipinə dönmədən əməl etmişəm. Ancaq müxtəsərliyin istedadın bacısı olması haqqında rəvayət yalnız ədəbiyyata aiddir. Biz, yazıçılar, yalnız yazanda ədəbiyyat oluruq, danışanda, ola bilər, radionu xatırladırıq.

Azərbaycan yazıçısına lazım olan həyat fakturam məni həmişə qane edib. Onları toplamaq, daim artırmaq, zənginləşdirmək kredom olmayıb, elə alınıb. Deyərdim ki, təsadüfən. Mən onların hamısını yaşamışam. Təmənnasız yaşamışam, bilənlərin bilməsi mənim üçün yetərlidir. 1968-ci ildə Bakı şəhərinə acı dermantin iyi verən bir çamadanla gəlmişəm, qismət olsa, onunla da gəldiyin yerə qayıtmağı planlaşdırıram...

Yazıçılıq arzu, istək deyil, yəqin ki, taledi. Sovet dönəmində də bu missiya ağır idi. Biz elə bilirdik ki, o quruluşdan qurtulmaqla azad yazıçılığı xilas edəcək, hər bir qələm sahibinə senzurasız yaradıcılıq, məhdudiyyətsiz çap imkanları və həqiqətən layiq olduğu şan-şöhrət çələngini bəxş edəcəyik. Çünki bunlarsız yazıçının işi o qədər də yaxşı getmir. Nə deyək? Bu gün sonuncudan başqa bunların hamısı hər kəs üçün var, mövcuddur. İndi bizə elə gəlir ki, bunların permanent əndazəsizliyi sənət kriteriyalarını və ədəbi, ictimai münasibətlər orbitini dağıdır. Çernışevskinin məşhur sualına cavabı hər biriniz bilirsiniz. Bəlkə də bilmirsiniz. Heç mən də bilmirəm.

Ədəbiyyat İnstitutunda bizi hələ tələbəykən “insan ruhunun mühəndisləri” adlandırırdılar. Bu ruh milli mənəviyyat və mili əxlaq normaları ilə sıx bağlıdır. Türk-müsəlman əxlaqı çox böyük tutumludur. Mən bunu Azərbaycanda və türk arealında yaşayan bütün xalqlara şamil edirəm. O, minilliklər boyu geniş bir coğrafiyada formalaşıb, zənginləşib, xalqımızı daim irəli, haqqın qələbəsinə səsləyib. Bu əxlaq kəmfürsətlik, xainlik, riyakarlıq, qisasçılıq, acgözlük və sair bu kimi pis xislətləri bizim xalqımızdan həmişə uzaqda saxlayıb. Çünki bu əxlaq at belində çapan, özünü düşmənlərdən qorumağı bacaran, haqdan gələn ölümün gözünə dik baxmağı bacaran ulu bir toplumun həyat tərzinin əsas məzmununu təşkil edib. Zaman-zaman bunu bizə unutdurmağa çalışıblar, təəssüf ki, bir sıra hallarda düşmən istəyinə nail olub. Düşmən bizim tariximizi, mədəniyyətimizi mənimsəyib, özünə dövlət qurub, bu gün də bizim maddi, mənəvi, intellektual potensialımızdan faydalanmaqdadır.

Təbii, mənim həyatım əsərlərimdən daha zəngin olub. Oradan çox qatarlar keçib. Onların arasında ən önəmlisi ötən əsrin 80-90-larında keçənlərdir. Xalqımız “bir daha enməz” deyilən o müqəddəs rəmzi keçilməz qaranlıqlarda qanı, canı bahasına axtaranda onunla birlikdə olduq. Məqalə yazmaqdan, gizli qəzet nəşr etməkdən silaha qurşanmağa qədər gücümüz çatan hər şeyi elədik, o ideal naminə heç nəyimizi əsirgəmədik. Bu, sizin hər biriniz kimi, mənim də vətəndaş taleyimin böyük və qürurlu bir səhifəsidir.

Nə vaxtsa demişdim: insan tarix üçün tikinti materialıdır. Gənc dostum Mövlud bunu xatırlamağı çox sevirdi. O, möhtəşəm divarda öz yerini tutmağa bir qədər tələsdi. Şükür ki, yerində hər an onun ədəbi, mənəvi qoxusunu aldığımız Şərif Ağayar, Kəramət Böyükçöl, Ayxan Ayvaz, Mirmehdi Ağaoğlu, Mübariz Örən və başqa gənclərimiz var. Onların hər biri Kəramətin şair haqda yazdığı kimi desək, yaradıcılıq üfüqü görünməyən, düşüncə perspektivi vəd etməyən bütün boş və qara yolları əzabdan doğan astagəl ləngliklə keçir; sanki gözləyirlər ki, maşın gəlib vursun.

Divarda materialdan savayı memardan da çox şey asılıdır. Daşları hörgüyə o düzür. İnsanları divar kimi hörüb döyüşə aparan da odur. Babalarımız döyüşüblər. Qalibiyyətləri məğlubiyyətlərdən çox olub, şübhəsiz. Ona görə onların bizə miras qoyub getdiyi coğrafiya belə gözəl, zəngin və hüdudsuzdur. "Rrisk amili"ni qiymətləndirmək üçün babalarımızın yalnız bir ölçü meyarı olub: düşmən məğlub edilməlidir. Ancaq biz heç zaman qadınla, uşaqla vuruşmamışıq, basdığımız kəsməmişik. Düşmənlərimiz bizə qarşı apardığı işğalçılıq müharibəsində bunu orta əsrlər vəhşiliyi ilə bu gün də davam etdirir. Onlar XXI əsrdə qadın və uşaqları əsirlikdə saxlayır, insan ləyaqətinə yaraşmayan hərəkətləri ilə bütün bəşəriyyəti təhqir edirlər.

Həyat faktlarının ədəbi materiala çevrilməsi memarlıq yox, bizlikdir. Qəhrəmanlıq tarixinin sənət qanunları ilə tikiliyə hörülməsi Çin səddini yox, Qız qalasını, Əlincə qalasını, Ağlaşma divarını yaradır. Qəhrəmanlıq tarixi qəddar düşmənlə döyüşdə söykənilməsi mümkün olan nadir divarlardandır. Biz bu divarın dağıdılan, uçulub-tökülən yerlərini təkcə odadavamlı kərpiclə yox, yüksək keyfiyyətli mənəviyyat qraniti ilə hörməliyik. Sonra o divarılar arasında cərəyan edən insan dramlarına və faciələrinə müraciət etmək haqqa düşünmək olar. Müasir ədəbiyyat qəhrəmanlıq mövzusunu çox barındıra bilmir. Sanki hər şey deyilib, hər şey çoxdan yazılıb. Ancaq istedadı ona qulluğa qoyanda və sidq ürəkdən istəyəndə Şərif Ağayar kimi “Komandir” romanını yazmaq olur. Hər bir şəhidimizin həyat və döyüş yolu bizdən belə həssas və qeyrətli yanaşmanı gözləməkdədir.

Bizim poetik ənənələr məktəbi son yüziliklərdə ciddi təsirlərə məruz qalsa da, hər əsrdə formalaşdıra bildiyi bir neçə böyük sima ilə özünü xilas edə bilib. Son üç yüz ildə xalqımızın milli taleyində ədəbiyyat əvəzsiz rol oynayıb. Ədəbiyyat, istər şifahi, istərsə də yazılı formada xalqımızın mənəvi sığınacağı, ümid və pənah yeri olub, onun bütün həyati vacib məsələləri məhz bu müstəvidə əkinçi dözümündən və səbrindən doğan müdrikliklə öz həllini tapıb: “Səbr elə, halva bişər, ey qora, səndən, Bəsləsən, atlas olar tut yarpağından”. Çünki başqa müstəvi sadəcə olmayıb. Xalqımız ədəbiyyatın ümidinə qalmışdı, desək, yanılmarıq. Bu mənada biz, 80-ci illər ədəbi nəsli, eləcə də bungün yetişməkdə olan gənc nəsil Axundov, Mirzə Cəlil, Cavid, Müşfiq, Əhməd Cavad,Yusif Vəzir taleyindən doğmuş, bizə öz sətraltı mənalarını səksəkə ilə pıçıldamış 60-cı illər sovet ədəbiyyatının törəmələriyik. Məqamında biz onların ucaltmaq istədiyi, yarı-yarımçıq divarların üstünə birtəhər dırmaşıb xalqımıza lazım olan o vacib sözü hamının eşidə biləcəyi qaimliklə, aşkar deyə bildik. O sözün adı, əlbəttə, “azadlıq” idi. Buna görə uca yaradana və verdiyi taleyə şükranlarımı sunuyuram.

# 3310 dəfə oxunub

Müəllifin son yazıları

# # #