Rızanın nişanlısı niyə qaçmışdı? - Ani evlilik, ani cinayət...

Rızanın nişanlısı niyə qaçmışdı?  - Ani evlilik, ani cinayət...
22 yanvar 2024
# 15:00


Kulis.az türkiyəli rejissor Zəki Dəmirkubuzun son filmi “Həyat” haqqında Rəvan Cavidin "Həyat: Hər şey həmişə pis olmur..." adlı yazısını təqdim edir.

(Diqqət: Spoyler var)



Zəki Dəmirkubuz deyəndə ağıla nə gəlirsə, yeddi il sonra uğursuz “Kor” filmindən bu yana səssizliyini pozan son filmi “Həyat”da hamısı var.

Sosial problemlər, işçi sinifin həyat tərzi, dostoyevskivari sıxıntılar, sakitlik, dava-dalaş, ucuz sevgi hekayəsi, Zəkinin sivri dili və sair...

Bəzi kinoteatrlarda nümayiş edilsə də, ciddi reklam olunmasa da, üstəlik, təqdimatından bir aydan çox vaxt keçsə də, “Həyat” hələ də kinozalları doldura bilir.

Əlbəttə, Zəki bu dəfə də onu “toksik” sevgi filmləri çəkməkdə ittiham edən izləyicilərə eyni mövzulu film təqdim etdi.
“Həyat”a “Tale” və “Məsumluq” filmlərinin davamı kimi də baxa bilərik.

Bir vaxtlar hotelin foyesindəki televizorda “Yeşilçam” filmlərinə baxan balaca qız (“Məsumluq”) indi böyüyüb həmin televizordan “Tale” filmini izləyir. Bəlkə, buna görə də “Gözləmə otağı”nda baş rolda getməsinə baxmayaraq, Zəkinin varlığını, filmin içində olduğunu “Həyat”da daha çox hiss edirik.

“Həyat” valideynləri tərəfindən ömründə cəmi iki dəfə gördüyü Rıza ilə (Burak Dakak) nişanlandırılan Hicranın (Miray Daner) evdən qaçmasını, İstanbulda Yılmaz (Doğu Demirkol) və Fəridlə (Seyit Nizam Yılmaz) bir yerdə yaşamasını və fahişəlik etməsini, daha sonra hər şeydən peşiman olub geri qayıtmasını, Rızanın onun axtarışlarını bəzən gülməli, bəzən ağrılı dillə tamaşaçıya “danışır.”

Hicranın həyat hekayəsi eynilə “Tale” və “Məsumluq”dakı Uğurun hekayəsi kimidir.
Məhz bunu izləyicinin “gözünə soxmaq” üçün Dəmirkubuz nə lazımdırsa, edib. Hicran “Tale” filminə baxanda pıçıldayır: “Deyəsən, sənin nə yaşadığını çox yaxşı başa düşürəm”.

Rıza İstanbula - Hicranı axtarmağa gəlir. Gəmidə təsadüfən qarşılaşdığı Yılmaz onu tapmaq üçün ipucu olur. Dostu ilə arasındakı söz-söhbətdən sonra Yılmaz Hicranın yerini Rızaya deyir.
Baş qəhrəman onu tərk etmiş nişanlısının “yeni sevgilisini” öldürür və həbsə girir. Bu səhnədən sonra biz Rızanı bir də filmin finalında görürük. Hekayə Hicranın evə dönüşü, özündən yaşca çox böyük olan Orxanla (Cem Davran) evlənməsi üzərindən davam edir.

Məşhur rejissor nə qədər bununla razılaşmasa da, “Həyat” həm də Türkiyə cəmiyyətində qadının necə sıxışdırılmasını, hansı çətinliklərlə qarşılaşmasını, mentalitetin təsiri ilə həyatının necə puç olmasını da aydın ştrixlərlə göstərir. Yəni, film həm də feminizmin və “İstanbul konvensiyası”nın problemlərini işıqlandırır. Hicranın səssizliyi, kədəri, hüznü vəziyyətin nə qədər çətin olduğundan xəbər verir.

Hicranın səssizliyi ilə əks qütbdə isə televiziyalar var. Qaçmış qızın ailəsində televizor çox vaxt açıqdır. İzləyici gah pandemiya dövrünün xəbərlərinə, gah şou xəbərlərinə, gah da populist serialların replikalarına qulaq asır.
Bu proqramlar illər qabaq “Məsumluq” filmində - hoteldə Uğurun qızının baxdığı proqramlardan, seriallardan çox fərqlənir. İndi hər şey dəyişib. Deməli, Uğurun, yəni Hicranın da hekayəsi dəyişməlidir.

Hicranla Rıza illər sonra görüşməmişdən qabaq anası həbsdə olduğu illərdə qürurunun qurbanı olan oğlanın nişanlısına göndərdiyi məktubları verir. Rıza Hicranı həyatını fəda edəcək qədər sevirmiş. Onu axtarmasının, namusunu təmizləməsinin qəyəsində bu dururmuş. Məktub səhnələrindən sonra Hicranın uzun bir ağlama səhnəsi var. Çox uzun, çox sıxıcı. Lakin rejissorun istədiyi də budur. İzləyici ağlamaqdan bezsin. Əlindən gələn qədər Hicranı ağladır. Gah ayaqüstə, gah otların üstündə, gah ağac mənzərəsində, gah kənd mənzərəsində. Mümkün qədər bu kadrlar uzadılır.

Zəki Dəmirkubuz sinematoqrafiyasında rastlaşdığımız bütün problemlər Hicranın göz yaşları ilə axıb gedir. Həyat həmişə pis olmamalıdır. Uğurların, Hicranların da həyatı səliqəyə düşməlidir. Film nikbin bitir. Ucuz sevgi romanlarının, “Yeşilçam” sayıqlamalarının finalını redaktə edən rejissor, nəhayət, “happy end”lə razılaşmalı olub.

Filmdə həddindən artıq lazımsız dialoqlar, havadan asılı qalmış səhnələr var. Üç saat yarımlıq filmdə belə boş səhnələri görmək tamaşaçını bir az da yorur.
Yeni heç nə yoxdur.
Köhnə Zəki, köhnə dramaturgiya...

“Rəqibi” Nuri Bilgə Ceylanın “Quru ptlar üzərinə” filmi bu baxımdan daha təqdirəlayiq görünür. Hiss olunur ki, hərdən Dəmirkubuzun özü də eyni mövzuları işləməkdən yorulub.

Ani baş verən cinayət, anidən evlənmə, bir göz qırpımında Rızanın yenidən filmə girməsi “Həyat”ın əsas konsepsiyasını təşkil edir. Hər an hər şey olur.

Bəzi obrazların aqibəti sual altında qaldı. Onlar filmdə niyə var idi, niyə danışdılar, niyə həmişəlik susdular, bilmirik. Bəlkə, bu da həyat həqiqəti kimi istifadə olunub. Həyatımıza girən səbəbsiz, lazımsız minlərlə insan olur axı...

Film Zəkinin uğursuz işlərindən biridir. Əlbəttə, tərəzinin bir gözünə “Yeraltı”, “Qədər” kimi ağır filmləri qoysaq, “Həyat” xeyli yüngül gələr.
Bütün hallarda kommersiya işlərinin arasından “ağır abi”nin ağır filmi almaz kimi parıldayır.

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #