Beyrəyin qanlı, yoxsa əkizlərin güllü köynəyi? - Rəvan Cavid yazır...

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

10 may 2023
# 10:45

Kulis.az Rəvan Cavidin “Beyrəyin qanlı, yoxsa əkizlərin güllü köynəyi?” adlı yeni yazısını təqdim edir.

Türkiyənin gündəmində bazar günü keçiriləcək və illər sonra nəinki Türkiyənin, həm də bu coğrafiyanının qədərini dəyişəcək seçkilər var. Dörd müxtəlif ideologiyanın siyasi döyüşünü hər müstəvidə izləmək olur. Açılmış böyük pankartlar, küçələrdə namizədlərin vədlərini bar-bağıran xüsusi təyinatlı bələdiyyə avtomobilləri, mitinqlər, kafelərdə, universitet dəhlizlərində, ofislərdə gedən partiya söhbətləri və sair. Hər namizədin özünə və ideyalarına xas vədləri var. Məktəblidən tutmuş təqaüdçüyə qədər hamı dörd gözlə mayın 14-nü gözləyir.

Azərbaycanın gündəmində isə “Avroviziya” musiqi yarışmasında bizi təmsil edən əkizlərin köynəkləridir. Əlbəttə, bizim gündəmimizlə Türkiyənin gündəmi arasında, doğrudan da, yerlə göy qədər fərq var. Həm də hər iki gündəm təfəkkür qardaşlığının nə qədər geridə olduğuna da bariz nümunədir. Bu barədə bir azdan.

“Avroviziya”da bizi təmsil edən qardaşlar qalib kimi geri qayıtsalar, xalq olaraq, cəmiyyət olaraq onların güllü köynəyi ilə fəxr edəcəyik, bu başqa məsələ. Ona görə başqa məsələ ki, mənim dünyagörüşümə görə. sənətçinin sənətini yox, geyimini müzakirə etmək yekə bir boşboğazlıqdan və zəhlətökənlikdən başqa bir şey deyil. Gəlin o qardaşların müsabiqədə oxuyacaqları mahnını müzakirə edək də. Edə bilmirik, hə? Çünki nə musiqi zövqümüz, nə musiqi təhsilimiz, nə də dünyagörüşümüz buna imkan verir. Musiqi haqqında nəsə deməyə dərrakəmiz çatmadığı halda güllü köynəyin rənglərinə ağzımız köpüklənə-köpüklənə fikir bildiririk.

Bir də Bakının küçələrində təsbeh fırladan butalı, qönçəli köynəklər geyinən, saçlarını “uklatka” edən qaqalarımız qafqaz-çeçen namusbazları kimi qəbul ediləndə, bu iki nəfər sənətçi niyə daşa tutuldu, səbəbi bəllidir.

Qayıdaq Türkiyənin gündəminə. Deməli, prezidentliyə və iqtidara namizəd olan siyasi partiyalardan birinin (adı lazım deyil, baş hərfi C) vədləri arasında bu da var: Homoseksual cütlüklərin evlənmələrinə mane olmayacağıq, ölkədəki LGBT+ fərdlərinin azadlıqları və təhlükəsizlikləri təmin olunacaq.

Bu vəd, əslində, 2018-ci ildə səsləndirilmişdi. Bu gün yenə səsləndirilir. Səbəbi aydındır ki, ölkədəki cinsi azlıqların diskriminasiyası və homofobiyanın geniş yayılmasıdır. Lakin türk cəmiyyətini yaxşı tanıyan və onların etirazlarından reytinq qazanan saytlar və qəzetlər bu vədi tez-tez tirajlayır ki, vacib olan və hər kəsi maraqlandırmalı olan sosial-ictimai digər mövzular kölgədə qalsın. Öz işləridir, mənim burda heç seçmək hüququm da yoxdur.

Türkiyədə LGBT vədinə diş qıcıyanlarla Azərbaycanda güllü köynəyi bayraq edib qeyrətimizin ləkələndiyini deyən zehniyyət bir daha sübut edir ki, biz bir millətik. Tarixən Beyrəyin qanlı köynəyini yeni gəlinin qanlı çamaşırı ilə əvəzləyib namus-qeyrət anlayışımızı ərənlikdən ərliyə gətirib çıxarmışıq. Çoxumuz elə fikirləşirik ki, bir italiyalı, ya da uzaq skandinav insanı əkizlərimizin güllü köynəyinə baxıb fikirləşəcəklər ki, Azərbaycanda kişi yoxdur. Elə bilirlər ki, “Avroviziya”ya bığlı, patronlu, xəncərli oğlanları çıxarsaydıq, Azərbaycan daha namuslu təmsil olunardı. Yeri gəlmişkən, bu gündəmdə məni ən çox ağıdan rəylər isə “niyə o bəylər hərbi paltarda səhnəyə çıxmır?” yazanların beyni idi. Mənə, doğrudan da, o rəyi yazan sosial şəbəkə istifadəçilərinin hansı tütün markasından istifadə etdiyi və axşamlar hansı dozada spirt qəbul etmələri çox maraqlıdır. Çünki normal beyinlə bu cür mənasızlıq edə bilməzsən.

Biz başa düşmürük ki, iyirmi yaşlı iki istedadlı gəncin qanadlarını bu cür yobaz, mental təfəkkürlə qırmaq gələcəyimiz üçün nə qədər müsbət şeyləri ortadan qırıb atmaqdır. Öz gücünə, iradəsinə, istedadına arxayın olub Azərbaycanın adı Liverpulun yanında heç vaxt çəkilməyəcək bir rayonundan çıxıb buralara qədər gəlmiş iki gəncə dəstək olub, onların ümidlərini bir az da alovlandırmaq yerinə yaxşı oğlan, namus, qeyrət, milli mentalitet söhbətləri edəndə bir idman müəllimi də çıxıb eləcə uşaqlarımızın boynunu qırıb qoçuluq edəcək.

Tanrı türkü qorusun!

# 1809 dəfə oxunub

Müəllifin son yazıları

# # #