Orxan Saffari: “Bu kitabları vicdan əzabı çəkmədən yandırdım” – Müsahibə

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

15 iyul 2022
# 08:54

Kulis.az hərbi xidmətdən qayıtmış gənc yazar Orxan Saffari ilə müsahibəni təqdim edir.

– Orxan, əsgərlik mənəvi olaraq səndə nələri dəyişdi?

– Mənəvi olaraq dəyişimi danışmaqla izah edə bilməyəcəm. Bu, zamanla hərəkətlərimdə özünü göstərəcək. Amma ümumi onu deyim ki, içimdəki uşaqlığı bir az da aldı, xarakteri daha da sərtləşdirdi, insanlarla münasibətimi bəlirləməyi bir az da nizama saldı. Çox şey demək olar.

– Fiziki görkəminə görə yəqin əsgərliyi “rahat” keçirdin?

– 30 kilo arıqlamışam. İndi-indi özümə gəlirəm hələ. (Gülür) İndi bu hala rahat keçirmək demək olarmı? Belim qırıldı, belim (gülür). Təbii, bu, xidmət şəraitimin çətinliyinə görə olan bir şeydir. Amma əsgərlikdə digər bir rahatlıq olur, hansı ki, bu, əsgərlər arasında olan məsələlərdir. Bunu izah etməyə ehtiyac yoxdu, əsgərlikdə olanlar bilir. “Neqodnular” bilməz (gülür). O cəhətdən, bəli, çox rahat keçdi.

– Dağ əsgəri olmaq, postda dayanmaq, həm də işğaldan yenicə azad olunmuş ərazilərdə... Gedəndə və qayıdanda düşündüklərin arasında fərq varmı?

– Vətən haqqında heç bir söhbət pafossuz olmur. Baxır, nə qədər səmimisən. Mənim Bakıda xidmət etmək şansım ola-ola ( hansı ki, bir çox adam müxtəlif yollarla qaldı, qalmağa çalışdı) könüllü getdim. Daha doğrusu, məcburi. Dedim, Bakıda qala bilmərəm, briqada istəmirəm. Mənimki elə oralar idi. Laçına ilk gedəndə necə sevinirdimsə, necə maraqlı idisə, indi də mənim üçün elədir. Olmazın xatirələrini yaşamışam, başıma işlər gəlib və sairə və ilaxır. Bunlar hamısı fərqdir elə. Mən özümü də, orda xidmət edən digər əsgərləri də bir çox yerlərdə xidmət edənlərdən üstün tuturam. O əziyyəti görməyən, yaşamayan adam dediklərimi anlaya bilməz.

– Orda çox vaxt kosmopolit adam da dönüb olur patriot. Ali təhsilli idin. Və yəqin ki, ətrafında xeyli orta təhsilli uşaqlar var idi. Fikrini, təfəkkürünü dəyişə bildiyin əsgərlər oldu?

– Mənim Ali təhsilli əsgərlərdən zəhləm gedirdi. Ən çox onlarla dalaşır, sözləşirdim. Əksəriyyəti univeristetin, mülkü həyatın havasından çıxa bilmirdilər. Elə bilirdilər ki, yaşları çoxdu, diplomları var deyə hamı hörmət etməlidir. Xeyr. Birinci sən özünə hörmət eləməlisən. Dostlarım azyaşlılar idi. Yaxud da, yaşı çox olub, orta təhsilli olanlar. Mən bütün hallarda “çöllüyü olan” adamları sevirəm. İnsan gərək hərtərəfli olsun. Qaldı təfəkkür dəyişməyə, bəli, oldu. Həmin uşaqlar indi ən yaxın dostlarımdır. Hansı ki, onlarla aylar uzunu müxtəlif mövzularda çox söhbətləşdik. Mənə orda bəzi ləqəblər qoşmuşdular. Biri də "Akademik"idi (gülür)

– Səni ən çox sevindirən və üzən nə oldu hərbi xidmətdə?

– Orda bədbəxt, kədərli hadisələr yaşadıqca sevinirdim. Çünki bunlar hamısı yazı materialı idi. Üzən də nə olacaq? Doğmalardan, dostlardan uzaq qalmaq, azadlığını qismən itirmək.

– Gəldin, ədəbi mühit haqqında hazırda fikirlərin necədi?

– Əvvəl necə idisə, indi də elə. Xüsusi dəyişiklik görmürəm. Yenə eyni bədbəxt adamlar, eyni söz-söhbətlər.

– Orda yazırdın? Nələr yazmısan?

– Çox yazmışam. Heç burda olanda orda yazdığım qədər yazmamışam. Rahat əsgər idim axı (gülür). Çoxlu esselərim, köşələrim oldu. Davam da olacaq.

– Ədəbi mühitdə hamıya söz atırsan. Yazdıqların da tənqiddən çox məzhəkəyə bənzəyir. Nolub, nədi səni qıcıqlandıran?

– Söz atmıram, kim nəyə layiqdi onu deyirəm. Susmaqdan, sakit durmaqdan daha məqbul bilirəm. Məni qıcıqlandıran odur ki, yaltaq adam ləyaqətdən, istedadsız adam istedaddan danışır. Mən də hamının etməli olduğu şeyi edirəm – yerlərini göstərirəm. Belə adamlara kimsə nəsə deməlidi, ya yox? Onu deyən dəli də mənəm. Tənqidçi deyiləm. Tənqid hərdən yazıram və bu da bilinir. Mən, adətən, təhqir edirəm, məzələnirəm. Pis çıxmasın, yaxşı edirəm.

– Hekayələr kitabına münasibət necə oldu? Satıldı, oxundu?

– Hekayələr kitabım xidmətə yollanmağıma bir ay qalmış çap olundu. İlk kitab üçün, belə ədəbiyyat mühiti üçün hə, normal idi. Ədəbi münasibət də yaxşı oldu, təriflədilər, yazdılar.

– Hekayələrində jarqonlardan, söyüşlərdən istifadə etməyinin səbəbi nədi? Sakit mətn yaza bilmirsən?

– Xüsusi olaraq istifadə etmirəm.Yəni, məhz söyüş olmalıdır deyə yazmıram. Hekayələrim undergraund üslubdadır. Yazdıqlarımın mahiyyətinə baxanda da başa düşmək çətin deyil. Bir dəfə bir hekayəmdə iki nəfər dalaşırdı. Onlar arasındakı dialoqu söyüşlə vermişəm. Tənqid elədilər ki, bu nədi zad. Dedim, deyəsən, nəinki ayrı ölkələr, ayrı planetlərdə yaşayırıq. İki azərbaycanlı tin uşağı dalaşanda nə vaxtdan bir-birinə sevgi sözləri deməyə başlayıb? Dalaşan adam söyüş söyər də. “Aztv”yəm mən? Yazım ki, hey, əclaf, sən mənim üz nahiyəmə niyə ardıcıl zərbələr endirdin?

– Səncə, yazıçı bütün yaşadıqlarını hekayə eləməlidir?

– Bir az hekayə kimi yaşamalıdır deyərdim. Bütün yazdıqlarını hekayə edə bilər, əgər istedadı imkan versə. Bu, nəyi necə yazmaq məsələsidir, amma bir qədər mümkün deyil.

– Gəlmisən xidmətdən, planların nədi? Yaradıcılığa davam edəcəksən?

– Planım ədəbiyyatdan qeyri bir sahədə işləmək, pul qazanmaq və bəli, yaradıcılığa davam etməkdir.

– Çoxları düşünür ki, sən mütaliə etmirsən və buna rəğmən çox danışırsan...

– Kim elə düşünür ki? Gəlsin, oturaq kitabdan da danışaq qoyaq mütailəmizi ortaya. Bunu ən yaxın "dostlardan" başqa heç kim deməz. Çox danışa bilərəm, burda nə problem var? Danışmağa sözüm də çox, istedadım, mütaliməm də. Mənim əsgərlikdə oxuduğum kitab qədər kitab oxumayan adamlarla doludu mühit. Gör, heç dillənirəm (gülür) Hansımız çox danışmırıq ki belə də? Neyləyim, bəziləri kimi yatıb-durub kitab oxuyuram deyim? Kitab oxumaq hansısa müzakirədə bilinir, sonra gedir də. Bir yazıçı kitab oxuduğunu niyə əlində bayraq eləməlidir? Səydi?

– Hansı kitabları oxuyurdun?

– Gənc əsgər vaxtı Bakı briqadasının kitabxanası rahat idi. Hər nə qədər qısıtlı icazə olsa da, hər gün gedirdim. Yavaş-yavaş heç vaxt kitab oxumayanlar da həvəsləndi. Onları da özümlə aparır, daha çox fantastik janrda kitablar oxutdururdum. Yadımdadı, ilk dəfə girəndə gördüm bizim müəlliflər, gənc dostlarımızın kitabları da burdadır. Elə sevinmişdim ki. Odur ki, özüm də daha çox yüngül kitablar oxuyurdum. Knut Hamsunun iki əsərini də təkrar oxudum. "Aclıq" romanının yeməkdən yeməyə oxuyurdum( gülür). Laçında ilk vaxtlar oxuya bilməsəm də, sonradan rahatlıq tapanda yenidən başladım. Lyosadan tutmuş, Edqar Keretə qədər oxumuşam. Bilmirəm hamıda belədir ya yox, əsgərlik bir az yaddaşı kütləşdirir. Bu səbəbdən mülküdə oxuduqlarımı təkrar oxuyurdum. Məzuniyyətdı şeir kitabları apardım, sosial şəbəkələrdən də girib qeyd yerinə köçürürdüm, xüsusi ilə axşam yatmazdan əvvəl oxuyub yatırdım. Bir məsələni də deyim, bağlayaq. Amma gərək qınamasınlar. O kitabların çoxu məhv oldu. Daha doğrusu, yandırdım. Odun peçimiz tüstü verirdi, qarın altında qalmışdı odunlar, onçun. Bir dəfə 20 dərəcə şaxtada qaldıq birtəhər. Donuruq. Peç yanmır, hamı üzümə baxanda söhbətin nə yerdə olduğunu bildim və heç bir vicdan əzabı çəkmədən, şad-xürrəm özüm yandırdım. Çünki donurdum. Şaxta tuturdu ayaqlarımı, əllərimi. Sadəcə, seçib çıxartdığım kitablar oldu. Hansı ki, onları oxumağa növbə çatmamışdı.

– Səncə, sən yazdıqların kimi qala biləcəksən?

– Əlbəttə. Axıra qədər. Mən hazırda olduğumu, özümü yazıram onsuz. Sona qədər də belə olacaq. “Kafirlər dəyişmir gəlsə də peyğəmbər”.

# 2628 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #