Məni xaç suyuna çəkdilər – Azərbaycanlı yazarın etirafı

Məni xaç suyuna çəkdilər – Azərbaycanlı yazarın etirafı
9 avqust 2019
# 15:21

Kulis.az gənc yazar Rəvan Cavidin “Mənim Allahım” adlı essesini təqdim edir.

Məni ilk dəfə xristian etdilər, sonra atam boğazımdakı xaçı dartıb qıranda müsəlman oldum.

İki aylığımda xaç suyuna çəkdilər məni, xaç atam, əmim, əmimin yoldaşı və qoca keşiş.

Altı yaşımda atam məni məscidə apardı, axşam çağı sünnət, səhər Quran, vəssalam.

Doqquzuncu sinfə qədər azərbaycanlılar sayağı müsəlman oldum.

Doqquzuncu sinifdən on birinci sinfə qədər bütün günü Quran oxuyan, moizələrə gedən, gündə beş dəfə namaz qılan, Qətl günlərində sinə vuran dindar idim.

Bu gün isə dünyanı Allahsız təsəvvür edəndə qorxuram.

Çünki dinlərin mahiyyətindəki çirkinliyi kəşf edən gün özümü bütün inanclardan uzaq tutmağa çalışdım və heç nəyə inanmadım.

Zamanla qəbul etdim ki, insanların içindəki qorxu, təlatüm onlara bu cür ritualların kəşfini qazandırıb. Və bu adamların içində ən ağıllıları özlərini peyğəmbər kimi qələmə verib müqəddəs tamaşaların baş qəhrəmanına çevrildi.

Bu gün insanlara allahın varlığı və yoxluğu maraqlı deyil. Daha dəqiq desək, bu mövcudiyyət onların həyatında heç nəyi dəyişməyəcək.

Allah indi bizi öz inanclarımızı sorğulamaq üçün tək buraxıb.

Allahdan istifadə qaydalarını tərtib etdilər. Və bu qaydalarla qitələrə, çaylara, evlərə və ən nəhayət, adamlara böldülər.

Ya uşaqlığımın şüuraltı oyunlarına görə, ya da daha art təsiri bağışladığına görə həmişə kilsələrə qarşı bir doğmalıq, bir sevgi hiss etmişəm.

Ya Qurban bayramında ilk dəfə tanış olduğum islama görə, ya da ərəbcənin mistik bir dil olduğuna görə məscidlərdən qorxmuşam.

Ancaq həmişə bir həqiqətin fərqindəyəm; qorxu da, sevgi də Allahındı.

Kəndimizdə hamının sığındığı bir dağdağan ağacı var idi. Hər kəs o ağaca niyyət edib, altındakı ocağa pul qoyardı. İllər keçdi. O ocağın sahibi “Prado” ilə həmin ağaca niyyət etmək üçün gələn bir qocanı vurdu. Qoca niyyət edə-edə öldü.

Bax, Allahın bütün missiyası danışdığım bu əhvalat qədərdi; ən yaxşı halda güc, maddi rifah, ən pis halda ədalətsizlik.

Atam məni xristian kimi böyütmək istəməyəndə anlamışdım ki, tanrı tək deyil, onun bir neçə fotokopyası var.

Xaçı boynumdan dartıb qıranda sinəmə düşən iz isə ömür boyu mənə dinlərin mahiyyətini izah etməkdən doymayacaq.

Əsl həqiqəti isə özüm axtarıb tapdım. Ki, ən böyük inam insanları sevmək və sayğı göstərməkdir. İnsanları birləşdirən tək inanc sevgidir.

Daha maraqlı bir əhvalat danışım.

Böyük əmim on səkkiz yaşında Rusiyaya getdi, sevdiyi qadınla evləndi və xristianlığı qəbul etdi.

Bütün ailəsi ondan imtina etdi, ancaq sonra sular duruldu. Əmimin incikliyi isə heç vaxt keçmədi. Mən ona bağlı böyüdüm. Mənə oxumağı, yazmağı və insanları sevməyi o öyrətdi.

Xristianlıq və müsəlmanlıq arasında illərdir ruhumu sərgərdan edirəm.

Xeyirli bir işə inşallah deyib, xaç çəkirəm.

İbadət etmək tamamilə fərdidir və bu, ibadəti yerinə yetirəndən başqa heç kimi məşğul etməməlidir. Bəs nəyə görə günümüzdə inandıqlarımız mühakimə olunur, bizə yol göstərməyə çalışırlar.

Evsiz və yuxusuz gecələrimdən birində İçərişəhərdə məscidlərin birində yuxuladım, səhər azanında oyandım. Artıq vərdiş halını aldığım o hərəkəti etdim – şükür etmək üçün xaç çəkdim və həmin andaca məsciddən çıxarıldım. Allah mənə isti, rahat bir gecə vermişdi, səhəri də onun evində oyanmışdım. Ancaq...

Bizim kimi cəmiyyətlərdə sekulyar din nə qədər populyar olsa da, beynimizdəki qəfəsi sındırıb tazə gülüstan tələb edə bilmirik. Maraqlı və ziddiyyətli nüanslar o qədər çox olur ki, bəzən adam hər şeydən imtina edib Allahı axtarmaq istəyir.

Mən atamla müsəlman dilində, əmimlə kilsə dilində danışıram indi.

Mənə ilk dəfə kilsə dilini öyrətdilər, boynumdakı xaçı dartıb qırandan sonra müsəlman dilini.

Onda başa düşdüm ki, Allah bu dillərin heç birində deyil.

# 2936 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #