Müharibənin yaratdığı fəlsəfə: Emil Sioranın bədbinliyi

Müharibənin yaratdığı fəlsəfə: Emil Sioranın bədbinliyi
17 oktyabr 2023
# 12:10

Kulis.az Rəvan Cavidin "Müharibənin yaratdığı fəlsəfə: Emil Sioranın bədbinliyi" adlı yeni yazısını təqdim edir.

İnsan və yaradılış haqqındakı bütün hekayələrin sonu ölümlə bitir. Milyon il əvvəl də insanlığın tək qorxusu bu idi, milyon il sonra da bu olacaq. Ölüm qorxusunu aşmaq üçün insanlar dini yaratdı, faniliyin bədbin cazibəsinə alternativ olaraq axirəti düşündülər. Sonsuzluq və onun verdiyi müdhiş güc, ölümsüzlük axtarışları bizə səbəbini bilmədiyimiz bir oyunda ürək-dirək oldu. Fəlsəfənin, elmin, dinin, sənətin və bütün mədəniyyətin məşğul olduğu, cavab axtardığı tək şey ölümdür. Yəqin ki, bu anlayış olmasa, sivilzasiyaların inkişafı da olmazdı.

Həyatın təntənəsi və axirətin varlığı haqqındakı bütün düşüncələr sistemi pozitiv fəlsəfəni və ortodoks dini düşüncə arxipelaqını yaradır. İkinci Dünya müharibəsindən sonra mədəni proseslərin əksər müstəvilərində olduğu kimi fəlsəfədə də neqativ anlayışların baş rola keçməsi müşahidə edilir. Ümumiyyətlə, psixologiya və fəlsəfənin bu qədər bədbinləşməsinin səbəbi sosial-ictimai proseslərin məcrasını dəyişməsi oldu. Götenin "Faust"u və Dostoyevskinin Raskolnikovu əvvəldən bu nihilist düşüncənin özülünü qurmuşdu. Amma dediyimiz kimi, müharibə və sənayeləşmənin yeni dövrü daha ciddi təsir göstərdi.

Bədbinlik fəlsəfəsi deyəndə yada birinci Emil Mişel (Mixay) Sioran düşür. Rumıniyada dünyaya göz açmış filosof ömrü boyu doğulmağın, dünyaya gəlməyin ağrıları, əzabları haqqında düşünüb və bu mövzu haqqında bir çox ciddi araşdırmaları var. Sioran fəlsəfə tarixinə adını bədbinliyin filosofu kimi yazdırıb. Onun fəlsəfəsinin təməlindəki əsas tezis budur ki, insan ölümdən qorxmur, o bu qorxunu dünyaya gələndə yaşayıb, indi keçirtdiyi bütün qorxu və əzablar doğuluşun verdiyi əzabların proyeksiyasıdır.

İkinci Dünya müharibəsi başlamazdan əvvəl Sioran Hitlerə dərin simpatiya hiss edirdi. Onun Hitler haqqındakı bu sözləri məşhurdur:

"Hitler qədər bu gün bizə təsir edən, bizdə simpatiya yaradan və özünə heyran edən başqa bir siyasətçi və lider yoxdur..."

Həmin dövrlərə aid esselərində Sioran humanizmi tənqid edir. Humanizmi insanlığın ən zəif nöqtəsi kimi göstərir. Bu fikirlərində onu Nitsşeyə oxşada bilərik. Kilsə əxlaqını, dini doqmaları xalqı üçün zərərli hesab edir. Bunları yazanda o, tək deyildi. Dövrünün bir neçə məşhur yazarı və jurnalisti ilə birlikdə qurduğu cəmiyyət ehtirasla Hitlerin iqtidarını gözləyirdi. İstədikləri oldu. Və hər biri həyatının sonrakı dövrlərində Hitlerə olan simpatiyalarından dolayı utandıqlarını etiraf etdilər.

Müharibənin başlanğıcında Sioran Parisə köçür. Ömrünün sonuna qədər bu şəhərdə bir evin damında yaşayır. Mişel adını da Parisdə dərgilərdə çap olunmağa başlayanda seçir. Fransada yaşadığı illər Sioranın yaradıcılığının ən mühüm dövrüdür. O, çox qısa bir zamanda filosofların, yazarların arasında populyarlaşır. Kitabları ciddi reaksiyalar alır. Ən çox müzakirə edilən kitabı isə "Göz yaşları və müqəddəslər haqqında"dır. Adından da göründüyü kimi, kitab dini düşüncəni tənqid edir. Sioran dini streotiplərin dağıdılmasını arzulayır.

Bəs müharibə Sioranın fəlsəfi düşüncələrini necə dəyişmişdi?

Müharibələr sadəcə xəritələri və insanların qədərini dəyişmir, həm də ictimai-fəlsəfi düşüncəni də dəyişir. İkinci Dünya müharibəsi haqqında qərb fəlsəfəsində məşhur bir deyim var:

"İnsanlar başa düşdülər ki, Tanrı onları xilas etməyəcək və nihilizmlə yaşamaq əbədi qismətdir".

Sioran nihilizm kimi bədbin bir cərəyanın rənglərini daha da tündləşdirdi. O, qaydaların daim yeniləndiyi və əməl olunmadığı, heç bir anlayışın özünü müsbət mənada doğurmadığı dünyada əxlaq kodekslərinin lazımsız olduğunu düşünürdü. Və insanların ilk mahiyyətindən bu qədər uzaqlaşmasını tənqid edirdi.

Mədəniyyət insanların iqtisadi düşüncələri üzərində qurulmuş bir nəsnədir. Nə vaxt ki, təbii ehtiyaclarından daha çox istəməyə başladılar, qəbilələşməyə, şəhərləşməyə başladılar. Bu sosial ayrı-seçkilik isə ayrı-ayrı dəyərləri yaratmağa başladı. Mentalitet və inanc dediyimiz anlayışlar məhz bu dövrlərdə meydana çıxdı. Onlar isə öz növbəsində mədəniyyəti və fəlsəfəni yaratdı. Sioran bu alqoritmin insanı sadəcə qorxuya saldığını və ona heç nə qazandırmadığını yazırdı. Bütün qorxuların bünövrəsində doğulmaq, həyata başlamaq, dünyaya gəlmək dayanır. Belə olan təqdirdə ölüm və fanilik sadəcə çıxış yolu ola bilər. Ölüm çözə bilmədiyimiz həyat qarmaşasının sonu deməkdir.

İnsan oğlu müharibələr olmadan bunu anlaya bilməzdimi? Bilməzdi! Çünki müharibələr yolun sonunun nə qədər dəhşətli olduğunu göstərən ən əyani təcrübədir. Daxmada oturub qədərini gözləməklə qan-tər içində həyatda qalmağa çalışmaq yerlə göy qədər fərqlidir. Müharibədən sağ çıxmaq da bəladır. Nə edəcəyini bilməyənlərin cəmiyyəti beləcə qurulur. Ona görə Sioran yazırdı ki, müharibəni qazanan tərəf olmur, müharibənin həqiqətlərini görən insanlar olur, onlar üçün də həyat çox çətindir.

Bütün bu ağrının, əzabın bircə çıxış yolu var: unutmaq. Yaddaşsızlıq. Bildiklərini, öyrəndiklərini birdəfəlik beynindən silmək. Əlbəttə, yaddaşsızlıq, xatiratsızlıq sənətin və fəlsəfənin sonu deməkdir. Amma bunlara ehtiyac da yoxdur. Tarkovskinin gündəliyində qeyd etdiyi kimi: "Bir gün dünya gözəl olsa, film çəkməyə ehtiyacım olmayacaq..."

Sioran alzeymer xəstəliyindən əziyyət çəkib və kitablarının arasında hər şeyi unuduraq vəfat edib. Bu da həyatın ona, özünün dediyi kimi, bir mükafatıdır. Doğulandan sonra yaşadığı hər şeyi unudub əbədi olana qovuşmaq. Sioran bütün insanlara bunu arzulayırdı.

Bu gün dünyanı yenidən böyük müharibə qorxusu bürüyüb. Və bu dəfə yaranacaq Sioranlar üçün yaşamaq, ölmək, unutmaq qədər ümid etmək də çətin olacaq. Dünya, dəyişən rəqəmlər, xaotiklik insanların əlindəki sonuncu şansı - ümidi də alıb aparacaq. Bunun baş verməməsi üçün əlimizdən gələn tək şey yenə də ümid etməkdir.

# 2920 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #