Şah İsmayıl Sultan Səlimə niyə şillə vurmuşdu?

Şah İsmayıl Sultan Səlimə niyə şillə vurmuşdu?
25 iyun 2023
# 14:43

Kulis.az Rəvan Cavidin "Yüzillərin qulaqda sırğa söhbəti" yazısını təqdim edir.

Avropada oğlanlar niyə sırğa taxırlar? Azərbaycanda əsasən ona görə taxırlar ki, Türkiyə və Avropada bu, dəbdir. Sonra kimlərsə bu sırğaların müxtəlif ideologiya və inanclardakı simvol olduğunu öyrənib özünə qarşı ictimai qınağı sındıra bilir. Türkiyədə məktəbli, hətta daha kiçik yaşlı uşaqların qulaqlarında sırğa görmək olar. Bəzi ailələr isə oğlan övladı sünnət olan kimi qulağını da deşdirirlər. Əsl cümhuriyyətçi, modern bir balıkesirli ailədə qonaq olanda bu sırğa məsələsinin səbəbini soruşdum. Niyə yeddidən yetmiş yeddiyə hamının qulağında var? Aldığım cavablardan biri yazmaq üçün qəşəngcə mövzu verir, tut ucundan qalx göyə, özü də irfani qanadla.


Yavuz Sultan Səlimin sırğalı portretini tarix kitablarında görmüşük. Topqapı muzeyində rəsmin orijinalının da qabağında dəqiqələrcə dayanmışdım. Yavuz Səlim yeganə sultan idi ki, Anadoludan şərqdəki türk imperiyasına qalib gəlmişdi və öz "evini" - Mərkəzi Asiyanı tərk etmiş türklərin "ev sahibləri" üzərindəki qalibiyyət tilsimini qırmışdı. 1514-cü ildə sufi təbiətli Şah İsmayılın öz qüruru ucbatından məğlub olduğu döyüş "Ankara" daxil bütün ondan öncəki döyüşlərin intiqamı idi. Amerikalı tarixçi və Səfəvilər tarixinin ən məşhur araşdırmaçısı Şoleh Kuin "Şah Abbas: İranı yenidən quran hökmdar" kitabında şahın qüdrətinin əsas səbəblərindən birinin "Çaldıran" məğlubiyyəti olduğunu yazır. Yəni ortodoks Səlimin sufi İsmayılın üzərindəki qələbəsi, əslində, nəticə etibarilə Səfəvilərin qalibiyyətinə çevrilmişdi.

Qayıdaq sırğaya. Yavuz Səlimin sırğa taxıb-taxmaması Osmanlı araşdırmaçılarını iki qrupa bölür. Bəziləri bunun doğru, bəziləri isə sadəcə rəvayət olduğunu deyirlər. Osmanlı dövründə çəkilmiş heç bir portretdə heç bir Osmanlı sultanının qulağında sırğa yoxdur, eləcə də Səlimin. Ancaq İtaliya, Almaniya, İspaniya, Fransa muzeylərində, Topqapıda sərgilənən portretdə mirvari sırğa var.

Səlimin qulağında sırğa olub deyənlər də üç yerə bölünür. Bəzi tarixçilər bunu Misirin fəthi ilə əlaqələndirir. Tarixçilərin yazdıqlarına görə, Səlim Misirdəki qulların sırğa taxdıqlarını görəndən sonra "Mən də fani dünyada və əbədi axirətdə Onun (yəni Allahın) quluyam" deyərək sırğa taxır. Bəzi tarixçilər isə Səlimin qiyafəsini dəyişərək Şah İsmayılla şahmat oynadığını və məğlub etdiyini, bundan sonra isə şahın onun qulağının dibinə şillə vurduğunu yazırlar. Səlim öz xanədanına qayıdan kimi bu şillənin nişanı olaraq sırğa taxır. Tarixçilərin bir qrupu isə Səlimin sadəcə nəsihətləri "daim qulağında sırğa etdiyi" üçün bu simvoldan istifadə etdiyini yazır.

Yavuz Səlimin heç vaxt sırğa taxmadığını deyən tarixçilər isə Osmanlı dövründə çəkilmiş portretləri sübut kimi göstərirlər. Başqa iddialara görə isə, Yavuz Səlimin portreti kimi bildiyimiz əsər Şah İsmayıla aiddir. Çünki rəsmdəki şah paltarları, 12 dişli tac, qırmızı yaylıq və mirvari şiəliyin simvolistikasına aid edilir.

İndi bir cümhuriyyətçinin belə fəxrlə bu Osmanlı nişanəsinə sadiq qalması sırğa taxmağın tarixi həqiqətlərinin və ya miflərinin nə qədər təsirli olduğunu göstərir. Osmanlıdan qalma bir çox adəti hələ də yaşadan Anadolu türklərinin ən saf kəsimində - Mərkəzi və Şərqi Anadolu bölgəsində isə sırğa taxmaq bir o qədər dəb deyil, bu da məsələnin ziddiyyətli tərəfi.

İndiki gənclər nə özlərini Allahın axirətdəki qulu hesab edirlər, nə onların qulağının dibinə şah şilləsi dəyib, nə də atalarının dedikləri "qulaqlarında sırğadır". Sadəcə babaları, ataları taxıb, geyindikləri paltara, kəsdirdikləri saç-saqqala yaraşır deyə sırğa taxırlar.

İslam Quranda kişinin sırğa və ya başqa bir qadın nişanədən istifadə etməsi haqqında heç nə demir. Məhəmməd peyğəmbərin hədisi-şəriflərində isə bu barədə buyuruq var: "Qadınlar qadın kimi, kişilər kişi kimi görünməlidir".

Avropada sırğa taxmaq ənənəsinin tarixi isə daha qədimdir. Katoliklərin ortodokslardan fərqlənmək üçün istifadə etdikləri geyim tərzində sırğa simvolu önəmli yerdə idi. Skandinavlar isə sırğanı müharibə rəmzi olaraq taxırdılar - əsgərin komandirə sadiqlik rəmzi idi. Şərqi Avropa isə İkinci Dünya müharibəsindən sonra sırğanı dəb halına saldı. Müharibənin ən çox zərər verdiyi bu ölkələrdə sırğa məğlubiyyətin və kədərin rəmzi olaraq taxıldı. Hazırda isə həm Şərqdə, həm də Qərbdə sırğa sadəcə dəb xatirinə taxılır.

Sırğa bir çox submədəniyyətin və subestetikanın da simvoludur. Musiqi və rəssamlıq cərəyanlarının, dadaistlərin, absurdçuların, jokerçilərin əksəriyyəti sırğadan xüsusi ideoloji faktor kimi istifadə edir.

Azərbaycanlı gənclər hələ ki "sırğa taxmaq ənənəsinə yoluxmayıblar". Bunun birinci səbəbi coğrafi və genetik faktorlardır. Qafqazlı olmaq sırğa taxmaqdan daha "ağırdır". Əgər bir gün paytaxtımızda saqqal kimi sırğanı da dəb halına salsalar, bu adətin kökündə yenə Yavuz Səlimin portretilə bağlı mübahisəni axtaraq. Çünki o portret şiə kimi tanıdığımız, əslində sünni məzhəbindən gələn sufi babamız Şah İsmayılın da ola bilər. Əlbəttə, vacib olan isə şəxsin özünü necə rahat ifadə etməsidir.

# 6119 dəfə oxunub

Müəllifin son yazıları

# # #