Səfəvilərə niyə şiə dövləti demək olmaz?

Səfəvilərə niyə şiə dövləti demək olmaz?
14 dekabr 2023
# 12:04

Kulis.az Rəvan Cavidin "Səfəvi taxtına çıxmış Hürufilər və ya Nöqtəvilər Şah Abbasa qarşı" adlı yeni yazısını təqdim edir.

Azərbaycan tarixinin və geniş kontekstdə Orta Şərqin ən böyük, ən əzəmətli imperiyası Səfəvilərdir. Səfəvi dövrünü Azərbaycan tarixində min bir böhtanla şərləmək istəyənlər özləri də yaxşı bilir ki, qızılbaşların imperiyasını tarixdən silib atsan (ki bu mümkün deyil və olmayacaq), Azərbaycan orta əsrlər tarixində İranın bir vilayəti kimi görünəcək.

Əslində, Səfəvi tarixini dünyada kifayət qədər tanıtmamağımızın nəticəsidir ki, əcnəbi tarixçilər hələ də Şah Abbasdan danışanda onu İran hökmdarı kimi təqdim edir. Halbuki elə din müstəvisində qızılbaşlıq ideologiyası ilə özünü fars irfanına calaq etmiş İran şiəliyi arasında dağla dərə qədər fərq var. Və elə bu nüansın əlindən yapışıb, əslində, Səfəvilərin fars inancından uzaqda durduqlarını və həm siyasi, həm də mədəni müstəvilərdə qızılbaşlarla farsların bənzər olmadıqlarını görmək olar. Sadəcə, dediyim kimi, bunu dünyaya sübut etmək üçün Səfəvi tarixinə elə öz içimizdə bir rakursdan baxmalıyıq. O rakursun adı isə sufilikdir.

Səfəvilər bir şiə dövləti deyildi, Teymurundan tutmuş Bəyazidinə qədər bir çox sultanın baş əymiş olduğu sufi ocağı idi. Bu torpaqlardan bir vaxtlar bəktaşi təkkələrinə Anadoluya yayılmaq üçün gedən hürufilərin Osmanlı paşalarının qırğınlarından qurtulub gəldikləri dərviş diyarı idi həm də. Çünki Şah İsmayılın qızılbaşlıq ideologiyası klassik şiəlikdən daha çox ələviliyi xatırladırdı onlara. Ki mənim şəxsi düşüncəmə görə də, Sufi İsmayıl şiəliyi deyil, məhz ələviliyi təmsil edir. Niyəsini qısaca izah edim.

Şiəlik məzhəbdir. Ələvilik təriqət. İslam ənənələrincə təriqət yaratmaqda, ya da ona üzv olmaqda hansı məzhəbə dair olmağın bir əngəli yoxdur. Bilirik ki, İsmayılın bizə aydın olan beş nəsil əvvəlki dədələri, babaları sünni olub. Cüneydin, müasir dillə desək, uzaqgörən siyasəti nəticəsində qızılbaşlıq ideologiyasının əsasları məqsədli şəkildə atılıb. Sağdakı və soldakı sünni imperiyalarla cəng eləməyin bircə qüvvətli yolu onlardan olmayan təriqəti sultan taxtına gətirmək idi. Yaxşı bilinir ki, həm Osmanlıda, həm də Teymurilərdə ələviliyin adətlərincə yaşayan çox mürid var idi. Əslində, Çaldıran döyüşünün motivləri də buradan başlayırdı. Anadoludakı bəktaşilər, ələvilər qızılbaşlığın rəsmi ideologiya qəbul olunduğu xanədana üz tuturdular. Yavuz Səlim bunun nə qədər təhlükəli bir hal olduğunu yaxşı sezirdi. İsmayılın bircə fətvasıyla Anadolu Osmanlıya qarşı baş qaldıra bilərdi. Eyni zamanda da Səmərqənddən, Buxaradan minlərlə dərviş Səfəvi ocağına gəlirdi. Sufilik elə bir şeydir ki, yolunda min dəmir tikan olsa, əzib keçər, təki ruhdaşlarına qovuşsun. Qızılbaşlıq da yeni yaranan bir təriqət deyildi. Çoxumuz onu İsmayılın siyasəti olaraq dəyərləndiririk. Kökündən yanlışdı. Qızılbaşlığın təməlləri Ərdəbildə Şeyx Səfinin ocaqlarında atılmışdı. Yəni, qızılbaşlıq təxminən iki yüz əvvəldən planlanan bir gediş idi.

Yavuz Səlimin əmrində olan bir neçə paşa Anadoluda bəktaşilərə məhz Səfəvilər tərəfə keçmək istədikləri üçün divan tutdu. Qırx mindən artıq ələvi, türkmən qətl edildi. O türkmənlərin nəslindən olanlar hələ də Anadolunun cənub-şərqində yaşayırlar. Fatih Mehmetin dövründə isə on mindən artıq hürufi öldürülmüşdü. Səbəbi Sultanın onlara, onların da saraya meyl etməsi idi.

Bir vaxtlar bəktaşilər, nəqşibəndlər, türkmən irfanın daşıyıcıları Osmanlı üçün ən ündə şəxslər hesab olunurdusa, Səlimin dövründən etibarən onların yerini sünnilər aldı. Səbəblərindən birini yuxarıda yazdım.

***
Bəktaşi təkkəsindən Naxçıvana, sonra da Təbrizə qayıdan hürufilərlə klassik hürufilər arasında fərqlər var idi. Əsas məqsəd və məram dəyişməsə də, Fəzlullahlarını və önəmli seyidlərini itirmiş hürufilər bir qədər daha çəkingən, daha durğun mövqedə idilər. Tarixdə həmin hürufilərin adını tez-tez və ən son Səvəfi şahı Abbasın dövründə eşidirik.
Şah Abbasın yerinə üç günlük taxta keçən Yusifin hekayəsini uşaqlıqdan bilirik. Ədəbiyyat dərsliklərində də bu barədə yazılıb. Ən azından mən məktəbli olduğum dövləri yadddaşımda qurcalanda Şah Abbasın iqtidarında bir çox maraqlı hekayələrin günümüzə qədər gəlib gəlib çatdığını, ədəbiyyat və tarix müəllimlərimizin bizə o hekayələri necə həvəslə danışdığını xatırlayıram.

Yusifin bizə məlum olan hekayəsi qısaca belədir ki, Şah Abbasın münəccimi ona fəlakətlərin olacağından xəbər verir. Buna görə də, üç günlük taxtı başqa birinə təslim etməyi məsləhət görür. Vəzirlər ox qılıfı (çantası) tikən bir dərvişi taxta çıxarırlar. Üç gün Şah Abbah qeybə çəkilir və Səfəviləri Yusif idarə edir. İdarə etdiyi dövrdə də başına buyruq əməllər törədir. Üç gün sonra Şah geri qayıdır, taxtına oturur və Yusifi edam etdirir.
Bəs Yusif kim idi?

Usta Yusif hürufilərin bir qolu olan nöqtəvilər təriqətinin üzvü, Şah Abbasa hürufilik haqqında məlumatlar verən bir dərvişdir. Şahın əmriylə taxt-tacın üç günlük sahibi olan Yusifin edamı İslamda qulüv adətini yenidən canlandırdı. Qulüv - İslamda həddini aşanlara, cizgisini tapdalayanlara deyilir. Yusifi misal göstərərək bir çox nöqtəvi elə həmin vaxt edam edilmişdi. Yusif isə Şahı hürufiliklə tanış edən bir usta idi. Şah Abbas müəyyən dövrdə hətta o qədər hürufiliyə aşina olur ki, saray əhli bundan qorxur. Eynilə Sultan Mehmetin hürufiliyə maraq göstərdiyi kimi. Fəzlullahın dininin gücü bunda idi. Hətta ən uğursuz, ağzı söz tutmayan bir müridi də kimə hürufilikdən danışsa, həmin kəsi bu sehirli dinə maraqlı edirdi.

***


Nöqtəvilik nədir?

İslam Ensiklopediyasında nöqtəviliyin əsasının 1397-ci ildə qurucusu Pesihaninin özünü İmam Mehdi elan etməsindən sonra qoyulduğu yazılıb. Pesihani Nəiminin ən savadlı müridlərindən biri olsa da, kini və əxlaqsız davranışlarından dolayı təriqətdən qovulub. Asi bir xarakterə sahib olan Pesihani nə qədər hürufi mürşidlərinə kinli olsa da, həmişə onların yolunu tutmağa çalışıb.

Mahmud Pesihani Gilan əyalətinə daxil olan Fümen şəhərinin Pesihan kəndində doğulub. Hürufiliyi Nəiminin özündən öyrənib. Qeyd etdiyim kimi, 1397-ci ildə nöqtəvilik təriqətini qurub. Bir çox alimin yazdığına görə, 1415-ə qədər Astarabadda (Nəiminin doğulduğu kənd) yaşayır və Araz çayına atılaraq intihar edir. Müridləri intiharını qəbul etmirlər. Həmin dövrdə hürufilərə qarşı olan qəddar münasibətdən dolayı öldürüldüyünü deyirlər.
Mahmud Pesihani hürufiliyə dair on altı kitab yazıb. Bu kitablara görə Nöqtəvilik dörd müqəddəs ünsürdən Torpağı simvol götürərək bütün anlayışları onunla bağlaşdırır. Digər bütün nüanslar eynilə hürufilikdə olduğu kimidir. Ta ki insanın ölümünə kimi.

Nöqtəvilik bizə reinkarnasiyanı xatırlada bilər. Belə ki, nöqtəviliyə görə insan torpağa basdırıldıqdan sonra bütün vücudu bir ovuc torpaq kimi yenidən canlanır. Bitkiyə və ya həşərata çevrilir. Daha sonra digər heyvanların və ya canlıların onları yeməsi ilə ikinci həyatı qazanırlar. Hansı formada ikinci həyata gəlsələr, əvvəlki həyatlarındakı xarakterlərini və xatirələrini özlərində, ruhlarında daşıyırlar. İkinci həyatlarında insan olduqları dövrü bir müddət sonra xatırlamağa başlayır. Bu müddətin adı ihsadır. Yəni sayım. Nöqtəviliyin ikinci adı da İhsaiyyədir.

Mahmud Pesihaninin başqa bir radikal iddiası da budur ki, onun bədəni Həzrəti Əlinin bədəni ilə eyniləşib. Ruhunda Əlinin ruhunu, cismində imamın xüsusiyyətlərini daşıyır. Həmçinin Musa peyğəmbərin bədəni ilə İmam Hüseynin, Fironla da Yezidin bədəni eynidir. Burdan yola çıxaraq Məhəmməd peyğəmbərin “Mən və Əli bir kəsik” hədisinə dayanaraq özünü peyğəmbərlə eyni məqamda tutub. Məhz bu cür eqoist və İslama yaraşmayan iddialarından dolayı sünni və şiə alimləri onun haqqında ölüm fətvası vermişdir.

Nöqtəviliyin başqa bir diqqət çəkən iddiası İsmaili təriqətinin təsiri ilə ortaya atılan zamanın periodu qanunudur. Bu qanuna görə, həyat 64000 ildən ibarətdir. Hər biri 16000 illik dörd dövrə bölünür: zühur, bütün, sirr və alaniyyə (tamamlanma, paklanma).bu dövrlərin özü də 8000 illik iki dövrə bölünür: İstirab dövrü və ya Ərəb rəsulunun dövrü və Fars dövrü və ya fars bir mürşidin büttün sirri açdığı dövr. Burada Mahmud Pesihaninin Nəimi ilə ortaq bir tərəfini görürük: fars milliyətçiliyi. Nəimi də bütün təriqətin qanunlarını fars ənənələri ilə tamamlayırdı. Pesihani sonuncu 8000 illik dövrün onunla başladığını iddia edir. Həm də iddia edir ki, bu dövrdə Gilan və Mazandıran şəhərləri Məkkə və Mədinədən daha üstün mövqedədir, çünki tamamlanma və paklanma dövrünü bu şəhərlərdən çıxmış mürşidlər həyata keçirir.

***

Şah Abbasın Dərviş Hüsrəvlə tanışlığı və dostluğu onu Nöqtəviliklə də tanış edir. Şah nöqtəvi məclislərinə qatılır. Bir dövrdən sonra Səfəvilərin qızılbaşlıq ideologiyasını nöqtəviliyə dəyişməsini də düşünür. Əlbəttə, babası İsmayıl vaxtı ilə bu təriqətin Səfəvi torpaqlarından getməsi barədə bəzi mürşidlərə fərman da göndərmişdi və Abbasın bundan xəbəri var idi. Lakin nöqtəvilərin mistik havasında Abbas özünü tapmış və bu təriqətin dövlətin rəsmi təriqəti olmasını dəstəkləyən ifadələr istifadə etməyə başlamışdı. Ta ki nöqtəvilər Luristanda qiyam qaldırana qədər. Kifayət qədər güclənmiş və şahı da arxalarına almış təriqətçilər qızılbaşlara qarşı çıxır. Şah Abbas və Dərviş Hüsrəvin dostuluğunun qırılma nöqtəsi də elə bu üsyan olur. Dərviş Hüsrəv üsyan yatırılandan sonra Qəzvin üləması tərəfindən edam etdirilir və cəsədi bir həftə boyunca dar ağacından asılı qalır. Yusif hadisəsi də bu edamdan sonra baş verir. Və Yusifin də edamından sonra nöqtəvilər Hindistana qaçır.

Qəzvində ikinci dəfə Nöqtəvilər üsyanı olur. Bu kəslər Hindistana qaçmayıb Səfəvi ərazisində qalanlar idi. Lakin əsgərlər tərəfindən qanlı bir şəkildə üsyanın qarşısı alınır. Bu hadisə ilə nöqtəviliyin sonu gəlir. Rafael dü Mans hadisədən təxminən otuz il sonra yazır ki, Səfəvi torpaqlarında Mahmudilər adlandırılan dərvişlər görüb. Ancaq onlar Nöqtəvilər qədər aktiv deyildilər, hətta din və təsəvvüf haqqında heç nə danışmaq istəmirdilər. Görünür, Mahmudilər Mahmud Pesihaninin davamçıları olub. Səfəvi tarixini araşdıranda bizə məlum olan odur ki, nöqtəviliyin közü elə Səfəvi imperiyasının süqutu ilə sönüb.
ardı var...

# 2721 dəfə oxunub

Müəllifin son yazıları

# # #