Mərdan Kazımov: “Türkiyədə bizim bayağı mahnıları sevirlər” – Müsahibə

Mərdan Kazımov:  “Türkiyədə bizim bayağı mahnıları sevirlər” – Müsahibə
27 iyul 2022
# 08:54

Kulis.az müğənni Mərdan Kazımovla müsahibəni təqdim edir.

– “O ses Türkiye”də iştirakın karyerana necə təsir göstərdi?

– Çox şablon səslənsə də deməliyəm ki, musiqi ilə uşaqlıqdan məşğul oluram. Mənim atam da müğənnidir. Onun yanında toylara gedirdim. 6-cı sinifdən skripka təhsili almışam. 2010-cu ildən fəaliyyətə başladım. 2013-cü ildə “Avroviziya”nın seçim turlarına qatıldım. Həmin il Fərid Məmmədov getmişdi. 2014-də “Univiziya”ya qatılmışam. 2015-ci ildə isə “O ses Türkiyə”. Ona qədər məşğul olurdum, təbii ki. 2013-2015-ci illərdə Aidlə (Orxan Zeynallı) işləmişəm. 5 konsert vermişik birlikdə. O ki qaldı “O ses Türkiye”nin təsirinə, əlbəttə, böyük təcrübə idi. İkincisi isə, mən beşinci dəfədən seçildim. Anladım ki, mübarizə aparanda nələrəsə nail olmaq olur. O vaxt çox izlənirdi həmin proyekt. Həm Azərbaycanda, həm də Türkiyənin özündə. İstər-istəməz tanınırdım. Mediada, televiziyada haqqımda danışırdılar. Bir sabah oyandım ki, hamı məndən danışır (gülür). Bu əla hiss idi və yaxşı ki yaşamışam.

– Ebru Gündeşin komandasında olmusan. Nə öyrəndin ondan?

– Düzünü desəm, məşqlərdə bizimlə vokal müəllimi məşğul olurdu. Sonuncu turda onu daha çox gördüm. Öyrəndiyim tək şey isə bu idi: “Bu yarışmalar sadəcə şoudur, pillədir”. Deyirdi ki, elə birinci olanlar var ki, indi tanınmırlar. Vaxt keçdikcə nə qədər haqlı olduğunu müşahidə elədim.

– Ümumiyyətlə, yarışmalara münasibətin necədi bəs? Məsələn, son “Avroviziya”nın nəticəsi mediada səs-küy yaratmışdı. Ukraynada müharibə gedir deyə, həssaslıq edib onları qalib etdilər, deyirdilər. Sənin bu hadisəyə münasibətin necədir?

– Düzünü desəm, bu il izləmədim. Nadirin performansını izlədim və xoşuma gəldi. Digər ölkələrə bir o qədər maraq eləmədim. Həmin mövzuda isə dinləyicilərlə eyni fikirdəyəm. Siyasi bir şouya çevrilib. Hansı ölkələr dostdursa, bir-birinə yüksək xallar verirlər. Musiqi qalıb qıraqda indi. Artıq o yarışmanı musiqi yarışması hesab etmirəm.

– “Səs Azərbaycan”ı izləyirsən?

– Bu tipli yarışmaların öz strategiyası olur. Münsiflər heyətinin kimliyindən asılı olur çox vaxt. Janrlara görə müəyyənləşdirirlər yarışmaların gələcəyini. Bəzən yaxşı səslərə çevrilirlər. Amma “Səs Azərbaycan”da üzüldüyüm məqamlar da olmuşdu. Bu barədə İnstaqramda paylaşım etmişdim. Bir neçə yaxşı səs var idi ki, onlar gözardı edildi. Buna təəssüfləndim. Heç kim o adamları “görmədi”. Bir də çox istəyərəm ki, “Səs Azərbaycan”da daha çox bizim mahnılar oxunsun. Hamı xarici estradadan nələrsə oxuyur.

– Əvvəllər kafelərdə, pablarda oxumusan. İndi də sənin kimi gənclər var. İstedadlıdırlar, lakin sənətlərini daha böyük kütləyə çatdıra bilmirlər. Səbəbi nədə görürsən?

– Bunun səbəbi birinci sənətçinin özündədi. Daha çox çalışmaq lazımdır, daha çox yenilik eləmək lazımdır.

– Sənin fərqin nədi?

– Özümdən çox danışmağı sevmirəm. Mən sadəcə üzərimdə işləyirəm. Yazıram, çalışıram. Həm də bizim vaxtımızda çox deyildi belələri. Ona görə, azca fərqli tərzi görünən müğənni populyarlaşırdı. Bu bir az da şansla bağlıdır.

– Çinarə ilə duetlərin var idi. Yenə əlaqəniz var?

– O mənim ən yaxın dostlarımdan biridir. Bir proyekt üzərində işləməsək də, tez-tez görüşürük. On ildi tanıyıram onu. Xətrini çox istəyirəm.

– Toya gedirsən?

– (gülür) Hərdən gedirəm. Amma öz tərzimdə olan toylara. Bir dəfə o səhvi eləmişəm, bir də eləmərəm. Öz tərzimdə məclis deyilsə, gedib orda “toy mahnıları” oxumaram.

– Niyə “Toy mahnıları” daha çox sevilir?

– Müğənnilərin özü bunu istəyir. Hamı rahata qaçır. Sənətlə məşğul olmaqdansa, gedib toy oxumaq daha çox sərf edir onlara. “Toy mahnıları”nı dinləyənlərin təfəkkürü dəyişməlidir birinci.

– Türkiyədə yaşamısan...

– Bəli, 4 il...

– Onların musiqi sektorundan nə qədər geridəyik? Və ya fərqimiz nədir?

– Əslində, bizim musiqinin ahənginə onlar heyran qalırlar. Musiqiçilərimizin duyumuna həsəd aparırlar. Sizə bir şey deyim, indi dünyada musiqi minimalistdi. Bizdəki kimi alətlərin hamısı musiqidə istifadə olunmur, xaos olur. Türklər sadə çalır, amma öz çalır. Bu baxımdan bir az geridəyik, hə.

– Hansı janrı sevirsən?

– Mən daha çox pop, RinB sevirəm. Son vaxtlar isə replə maraqlanıram. Ən çox dinlədiyim janr isə rokdur.

– Meyxana kimi repə də dırnaqarası münasibət var.

– Mən hər ikisini musiqi hesab edirəm. Həm də rep indi dünyada ən məşhur janrdı və getdikcə də populyarlaşır. Ona görə, mənə elə gəlir ki, bütün janrları qəbul edib onları inkişaf etdirmək lazımdır.

– “Şou-biznes”dəsən?

– Mən özümü şou-biznesdə görmürəm, həm də çox uzağam. Amma bütün hallarda mən də şou göstərib pul qazanıram. Heç vaxt orda – “Şou-biznes”də olmaq istəmərəm.

– Sənə görə “Şou-biznes”in çatışmazlığı nədir?

– Səmimiyyət. Orda olanlar səmimi görünmür. Bir-birinin dalınca danışırlar. Və belə də olanda TV-lər onlara yaxşıca yer verir. Çünki bizim xalq intiriqanı sevir.

– Sənin musiqin dinləyicilərə nə verir?

– Pozitivlik. Bunu çox sevirəm. Qoy adamlar əylənsin, gülsün, ritmi hiss eləsinlər. Elə adam var ki, musiqi ona heç bir təsir göstərmir. Konsertə gəlib, dinməzcə, sakit qulaq asır. Mən istəyirəm, mənim mahnılarım adamlara yaxşı təsir eləsin.

– Kimləri sevmisən, kumir görmüsən özünə?

– Kumir heç kimi görməmişəm. Amma Bruno Marsı çox sevirəm və tez-tez onlardan nəsə dinləyirəm, oxuyuram. “Atena” qrupunun fanatı olmuşam. Barış Mançonu da çox dinləyirəm. Onun mahnılarında bir hekayə danışılır. Bir də Mübariz Tağıyev. Möhtəşəmdir o.

– Kitab oxuyursan?

– Çalışdığım qədər oxuyuram. Türkiyədə daha çox oxuyurdum.

– Ən çox sevdiyin əsər hansıdı?

– “Çərpələng uçuran”. Xalid Hüseynin romanı. Mənə çox ciddi təsir edib o roman.

– Türkiyədə azərbaycanlı müğənnilərə münasibət necədir?

– Bayağı müğənnilərimizi tanıyırlar və sevirlər. Düzdü, məsələn, bir neçə dəfə radioda Hissin “İstəmirəm” mahnısının oxuduğunu və o adamların sevərək qulaq asdığının da şahidi olmuşam. Amma bayağı musiqilərimizi daha çox tanıyırlar. Orda bəzi səmtlər var, ümumiyyətlə, girmək olmur (gülür). Ancaq bayağı müğənnilər, bayağı musiqilər.

– Prodüsserlə işləyirsən?

– Əvvəllər işləyirdim, indi yox. Azərbaycanda bu sahə inkişaf etməyib. Biz hələ də komanda ola bilmirik. İdmanda da beləyik. Ona görə, futbolumuz bu gündədi. Hamı özünü ön plana salmaq istəyir. Prodüsser hərdən müğənnilik eləmək istəyir.

– Son mahnın “Səbəbi sən” Yutubda yaxşı izlənilir, təbrik edirəm!

– Çox sağ ol! Çünki əziyyət çəkmişik, ortada bir komanda işi var və məsuliyyətlə yanaşmışıq buna. Həmişə düşünmüşəm ki, əziyyət çəkirsənsə, mütləq haqqın olana çatacaqsan.

– Evdəkilər necə, dəstək olur?

– Çox. Həmişə. Musiqi məktəbinə onlar məni qoymuşdu.

– Niyə məşğul olmadın bəs skripka ilə?

– Həvəsim olmadı. Hətta sona kimi getmədim. Müəllim şiddəti görmüşəm mən. O münasibət məni skripkadan soyutdu. Biz məktəbdə də görmüşük müəllimlərin şiddətini. Təkcə fiziki yox, həm də mənəvi. O vaxt musiqi məktəbində buna daha çox hiss etdim. İndi profesional bildiyim alət gitaradır.

– Uğurlar!

– Təşəkkür edirəm. Bütün heyətinizə uğurlar arzulayıram.

# 4859 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #