Eminquey: “Özümü pozğun kimi hiss elədim” – Müsahibə

Eminquey Akif, şair

Eminquey Akif, şair

29 iyul 2022
# 08:54

Kulis.az şair Eminquey Akiflə müsahibəni təqdim edir.

- Son vaxtlar poeziyanın tənəzzülü ilə bağlı yazılar yazırsan. Bu fikrə hardan gəlmisən? Səncə, poeziya süqutdadır?

- Bir şair kimi poeziyanın tənəzzülə uğraması ilə razılaşsam, gərək klaviaturaya bir daha yaxın durmayım. O səbəbdən, son dövr yazdığım yazılarda bu fikir axının əksinə üzürəm. “Bax gör şeir ölüb, ya nəfəs alır?” adlı yazımda bu barədə ətraflı yazmışam. Poeziyadan çox, birinci yazı adət-ənənəsi can verir və mirasını səsə, görüntüyə həvalə edir. Əvvəllər görüntü və səs insanların canına bu qədər işləməmişdi deyə kitablara maraq vardı. İnsanlar kitab oxuyar, oxuduqlarını gözləri önündə canlandırar, obrazların səsini eşidərdilər. İndi isə zaman o zaman deyil. Şeir yazı formasında doğulur, ömrünün ən laçın vaxtlarını kiminsə səsində yaşayır. Bu proses təkcə ədəbiyyatda baş vermir. Məsələn, əsasən statusların yazıldığı platforma olan “Facebook” artıq öz yerini “Tiktok”a verib. Yazıdan görüntü və səsə keçid. O səbəbdən də şeirlər də yazılı formadan görüntü-səs vəhdətinə keçid etməyə məcburdur. Vaqif Səmədoğlunun “Ağla” şeiri Fuad Poladovun səsində necə sevildi? İnan ki, Ramiz Rövşənin şeirləri öz səsindən eşidilməsə, bir o qədər də sevilməzdi. Ramiz Rövşən şeirini oxuyarkən ona biraz da pafos yükləyir, cana gətirir. İnsanlar həqiqətlərlə yox, emosiyalarla idarə olunur. Bununla ayaqlaşmaq lazımdır.

- Müasir dövrdə poeziyanın, şeirin ən böyük problemləri nədir? Söhbət bizim mühitdən gedir.

- Müasir dövrdə müasirlik deyiləndə nə başa düşülübsə, Azərbaycan şairləri də müasirliyi elə qavrayıb. Məsələn, hansısa Gülabatın müasir olmaq üçün nə etməlidir? Mütləq birinci növbədə adını dəyişib “Gülya” eləməlidir. Daha sonra güllü-güllü xələtdən çıxıb azından cins və göbəkdən yuxarı köynək geyinməli, dodağına dolğu etdirməli, mənəvi dəyərlərə meydan oxumalı, çoxlu “boyfriend”ləri olmalı, “pub”larda sərxoş-sərxoş əylənməlidir. Bu minvalla, Azərbaycan şairlərinin də şeirləri mütləq çaxır içməli, it kimi darıxmalı, sevişməli, öpüşməli, yeri gəlsə, başqasının arvadı ilə yatmalı, hələ ürəyi çox istəsə, çıxıb Allahın çiynində oturmalıdır. Biraz da bəşəriləşmək istəyən olsa, Azərbaycanın başını buraxıb, Suriyada-zadda ölən uşaqlara ağı yazmalıdır. Müasir şairlər sevgidən də yaza bilər, ayrılıqdan da. Amma bu ikisi şeirin içində əriyib itməlidir.

Məsələn, Orhan Veli Kanık nə deyir, “nə atom bombası, nə Londra konfransı, bir əlində cımbız, bir əlində ayna, umrundamı dünya”. Bir qadının ədasını, özünə düşkünlüyünü iki-üç sətirdə gətirib atom bombasıyla, London konfransıyla yan-yana qoyur. Söz yox ki, müasir poeziyamızda yuxarıda saydıqlarıma yaxın durmayan imzalar da var, amma ümumi mənzərə budur. Eşitdim ki, Şuşaya gedən gənc şairlərdən bəziləri tez-bazar cızmaqara eləyiblər ki, Vaqifin məqbərəsinin önündə Vətən haqqında oxumağa şeirləri olsun. Bu, şeirə də, Vətənə də söyüş söyməkdir.

- Şeir kitabları Yutubdakı şeir dinləyicilərinin sayı qədər tirajlana bilmir? Sosial şəbəkələr şeirdən oxucuları aldımı?

- Əksinə, sosial şəbəkələr olmasa, şeir tamamilə unudular. Səni əmin edirəm ki, günü bugün şairlər sosial şəbəkələri tərk etsinlər və bir müddət sonra kitab çıxarsınlar, gəlib alan olmayacaq. Heç ümumiyyətlə, kimsə düşünməyəcək ki, görəsən, filan şair təzə nə yazıb? Azərbaycan insanının kitabdan uzaq düşməyinin sosial şəbəkələrlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə və sadəcə bizim uydurduğumuz bir təsəllidir. Azərbaycan insanını kitabdan uzaq salan bu xalqı 2000-lərdən bu yana mənəvi terrora məruz qoyan TV-lərdir, əclaf müdirlərdir, şərəfsiz vəzifə adamlarıdır. “Şeir qəlbin elmidir”. İnsanların qəlbi zədələnib. Şeirdə təsəlli tapmırlar. İndiki zamanda çoxlu pul qazanmağın yolunu elmdə görən nə qədər adam varsa, mənəvi olaraq rahatlaşmağın, dirçəlməyin yolunu şeirdə, ədəbiyyatda görən o qədər insan var.

- Emin, ədəbi mühitimizdəki qruplaşmaların hansında varsan və bu qruplaşmalara münasibətin necədir?

- Ədəbi mühitdə qruplaşmaların heç birində yoxam. Elə bir qruplaşma göstər ki, qruplaşıb hansısa ciddi bir əsər qoyublar ortaya? “N brazers”-zaddırlar məgər? Ya “Şeron” qrupu? Əyinlərinə eyni kostyum geyinib rəqs edə-edə şeir oxuyacaqlar? Bir şey ki, fərdlərin məhsuludur, burada qruplaşmaya nə hacət? İş orasındadır ki, bu kimi qrupları birləşdirən dəyər ya ədəbiyyat fonunda yeyib-içmək məclisləridir, ya da küçə qaqaları kimi türklər demiş, bir-birilərini qollamaq, qayırmaq. Qruplaşmalar bu iki səbəbdən yaranır. Açığı, birincilərə yazığım gəlir. Sözünü xalqa eşitdirə bilməyəndə buna alternativ yol yeyib-içmək məclisləri olur. Litrlik arağı aşırdandan sonra gül gülü çağırır, bülbül bülbülü. Sinəni boşaldırsan, şeirini oxumaq ehtiyacını öldürürsən. Belə yeyib-içməklərin də əsasən bir Xomeynisi olur. Oturur masanın başında, məclisin sahibidir, hesabı verəcək, qalan fağır-füğəra şair-şüəralar da onun hüzurunda şeir deyir. Çox kədərli vəziyyətdir.

İkincilər isə adətən “razborşik” olurlar. Onların şeiri Quran ayəsidir, toxunmaq olmaz, sorğulamaq kafirlikdir. Bir-birilərini müdafiə edərlər, bir-birilərinə görə “şeir” söhbətinə gedərlər, bir-birilərini “naşair” yox, “nakişi” çıxararlar. Öz başıma da gəlib. Təsəvvür et ki, Ronaldo qol vurur, 55 min azarkeşdən biri Ronaldonu söyür, Ronaldo meydançadan qaça-qaça gəlib o azarkeşi salır təpiyinin altına ki, sən hələ gəl mənim kimi futbol oyna, sonra danışarsan. Bax, belə. Elə bil UEFA Çempionlar liqasındayıq. Qruplaşma e...

- Poeziyaya və ümumiyyətlə sənətə dırnaqarası münasibətin səbəbini nədə görürsən?

- Sənət öz aktuallığını şouya verib. İndi sazda ustalıq göstərməkən çox, onu boynunun ardına alıb tullanıb-düşmək daha aktualdır. Xalqımız bundan zövq alır. Bu xalqı son 20-30 ildə bu cür təraş eləyiblər, yonublar. Həmişə deyirəm, məncə Sovet dövrünün Azərbaycanı və azərbaycanlısı haqqında danışanda çox pafoslu danışırıq. Guyammış ki, bizim xalq çox maarifpərvər olub, savadlı olub, əsl sənətin qədrini bilib. Bəs o zaman Vaqif Mustafazadənin barmaqlarından öpməkdənsə, bığına lağ edənlər kimlər idi? Sadəcə bəxtimiz onda gətirməyib ki, şair daha çox dırnaqarasına düşüb. Bu mövzunu meyxanaya qədər aparıb çıxara bilərəm, amma çırtma yeməyə halım yoxdur.

- Oxucuların səni “TikTok”dan istifadədə günahlandırır...

- Ay nə gözəl... Məhkəməm nə vaxtdır? Təzminat ödəyəcəmmi? Çox hüznlə etiraf edirəm ki, mən də pozuldum. Hər şey birinci dəfə istifadə etməklə başladı. Dostlarımdan biri təklif etdi, qəbul etdim. Birinci dəfə ləzzət elədi, sonra ikinci dəfə istədim, sonra üçüncü dəfə. Belə-belə qurşandım, Rəvan. (gülür) Zarafat bir yana, niyə günahlandırırlar? Tiktok-da nə edirəm? Soyunurammı? Söyüşmü söyürəm? Mən Tiktok-a girəndə ilk dəfə şeirimlə “tutuzdurmuşdum”. Bizim səviyyə etalonu feysbukda ömrü boyu 100 min insana çatmayan şeirim Tiktok-da iki günə 100 min insana çatmışdı. Daha sonra TV-lərdəki çıxışlarım, ictimai proseslərə münasibətlərim, video formatda köşə yazılarım. İndi Tiktok-dan günlük gəlirim 10 dollara yaxındır. 20 minə yaxın izləyicim var. Daha çox tanınıram. Amma bunun üçün xüsusi, fərqli nəsə etmirəm. Fikrimin, düşüncəmin alıcılarını tapıram. Bəs feysbukdakı izləyicilər niyə bundan narahatdırlar?

- Nəsr yazmaq istəyirsən kimi gəlir mənə. Son vaxtlar yazdığın esselər bu istəyin nəticəsidir?

- Düz hiss eləmisən. İstəmədən şair olmuşam, amma bu dəfə öz istəyimlə yazıçı olmaq istəyirəm. Hiss edirəm ki, fikirlərimi, fantaziyalarımı nə şeirə, nə də digər yazı növlərinə sığdıra bilirəm. Bəzən şeir yazıram, sonra görürəm ki, bu şeirdən çox hekayə mövzusudur. Bəlkə də neçə-neçə hekayə mövzularını, hekayəlik bənzətmələri hansısa reportajda, şeirdə, essedə bada vermişəm. Soruşsan ki, hansı üslubda? Düşünmədən deyərdim ki, ən azı Əziz Nesin kimi.

Bir uşaqlıq şəklim var, balaca oyuncaq at arabasında xalaoğlumla məni yanaşı oturdublar. Oturacaq dar, xalaoğlum elə o vaxtdan vecsiz, elə oturub ki, sıxılıb qalmışam. Şəkildə də görünür, baxışlarımda bir narazılıq var. Yəni mən ta uşaqlıqdan narazı insan olmuşam, naşükür yox ha, narazı. Tənqid edən, qırmızı. Buna görə nə qədər dost itirmişəm. Nə qədəri qaçıb o ədəbi qruplaşmalara satıb məni. Hətta bu yaxınlarda 10 ildir görmədiyim sinifyoldaşım Tiktok-da bir videoma rəy yazıb ki, məktəb vaxtı da narazı idin hər şeydən, deyinirdin, indi işi böyüdüb TV-yə çıxarmısan. Bax indi həmin bu narazı, etirazçı, üsyançı ruhumu nəsrlə ifadə etmək istəyirəm.

- Qonorar sistemindən razısan? Ədəbiyyat adamlarının jurnalistika ilə məşğul olmağı onlardan nəyi alır?

- Bir yazıya 20 manat qonorar kəsən istənilən sistemə qonor“AR” olsun. 20 manatın 3 manatı siqaretə, 2 manatı kofeyə, çaya gedir. Qalan 15 manatı da özümə qalır. O 15 manatın da 15 min dərdi var. Sonra da deyirlər ki, Eminquey TikTok-a girir. Mən bir yazıma aldığım qonorarın iki qatını bir saatın içində TikTokda qazanıram. Neyləyim? Ayın axırı gələndə gəlim anamın yanına ki, bugün pulum yoxdur, amma əvəzində iki qəşəng şeir, iki dənə də esse yazmışam, oturaq yeyək. İşıq pulu gələndə də şeirlə ödəyərik?

Qaldı ki jurnalistikaya. Mən də qəzetdə işləyirəm, açığı desəm, Aqil Abbas məni jurnalist hesab etmir. Belə lap əccəb edir. Çünki mən jurnalist deyiləm. Belə bir mətbuatda nə qədər jurnalist olmaq olar ki? Publisistikamı oxuyanlar bilirlər. Düşünürəm ki, daha çox bu yazılarıma görə qəzetdə 5 ildir qalmağı bacarmışam. Jurnalistika məndən şeir dilimi alır, nəfəsimi kəsir, intonasiyamı azdırır, beynimi lazımsız informasiyalarla doldurur. Mən də məcbur qalıb işimin gözünə ədəbiyyat qatıram ki, özümü itirməyim. Reportaja hekayə gözüylə baxıram, köşəmi şeir kimi yazıram.

- Şeir kitabı hazırlayırsan? Növbəti kitab üzərində düşünürsən?

- Düşünmürəm. Hərçənd ki, 220 tirajı olan “Günəbaxan” şeir kitabımı özüm əlbəəl satmışam, Azərbaycanın istənilən bölgəsində bir dənə də olsun “Günəbaxan” var. Hətta Kiyevdə, Moskvada, Türkiyədə də. Amma yeni şeir kitabı düşünmürəm. Bunun səbəbi satılmaq problemi deyil, sadəcə yaradıcılığımın başqa bir mərhələsinə qədəm qoyduğumu düşünürəm, yazdığım və yazacağım yeni şeirləri sandıqda saxlayacam. Bir xeyli zaman keçər, yeni kitab çıxararam. Hələ ki “Günəbaxan” öz missiyasını başa vurmayıb. Bəlkə onun yeni tirajını çap etdirərəm.

- Poeziyanın teatrallaşdırılması ilə barədə danışırdın. Nəsə edə bildin və ya fikirlərin nədir bu istiqamətdə?

- Həmişə düşünürəm, tamaşalar əsasən pyeslər əsasında qurulur, aydın məsələdir. Bəs yaxşı, niyə şeirlər əsasında tamaşalar qurulmasın ki? Sujet xətti, daxili monoloqları, obrazları olan şeirlərimiz yoxdur? Əli Kərimin “AUT” şeiri tamaşa mövzusu deyilmi? Həmid Herisçinin “Mehdi Hüseynzadə” şeiri tamaşa mövzusu deyilmi? Öz yaradıcılığımda da kifayət qədər tamaşaya gələn şeirlər var. Söhbət 2 saatlıq tamaşadan getmir. Monotamaşalar qurmaq olar. İstəyərdim ki, pantomim teatrı bu ideyamı nəzərə alsın. Açığı, konkret olaraq hansısa teatra belə bir təklifdə bulunmamışam, amma danışdığım rejissorlar olub, o da ki effektiv olmayıb. Buna baxmayaraq, mən bu arzumu reallaşdıracam. Müasir dövrün insanı şeiri dinləmək, görmək istəyir, nəinki onun barəsində düşünmək.

- Nəşriyyat və kitab işinin bizdə yubanmasında hansı amillər var?

- Bir məhsulu bazara çıxarmaq üçün ona tələbat yaranmalıdır, yaxud da süni şəkildə yaradılmalıdır. Məsələn, əvvəlcə “kişiciyəz”lərə, pozğunlara tələbat yaradıldı, sonra hamı öz məhsulunu bazara çıxardı. Ədəbiyyata tələbat yaradılmalıdır. TV-lər bu işi öz boyunlarından atıblar. Nəzərə alsaq ki, hər evdə televizor var və ən azından yaşlı və orta nəsil televizora baxır, demək ki, onların ədəbiyyat anlayışı Bəxtiyar Vahabzadə ilə torpağa qovuşub. Uzaqbaşı, Pünhan İsmayıllı ilə yaşamağa cəhd edir. İkincisi, məktəblərdə uşaqlara ədəbiyyatı elə sevdirmək lazımdır ki, Nəsimiyə buynuz, Füzuliyə uzun qulaq çəkməsinlər. Əzbərləməsinlər, dərk edib öyrənsinlər. Onların düşüncəsində şair, yazıçı ölü kimi canlanmasın.

Bir dəfə oxucum kitab almağa gəlmişdi, yanında qızını da gətirmişdi. Anası dedi ki, qızıma deyəndə ki, gedirik şairlə görüşməyə, güldü. Dedi, necə yəni şairlə? Elə şair olar? Şair Bəxtiyar Vahabzadədir, Səməd Vurğundur. Yəni şair ədəbiyyat dərsliyində olar. Şair özü kitab satmamalıdır, əlçatan olmamalıdır. Daima AZTV-nin verilişlərindəki kimi hansısa meşədə ağaca söykənib ömür sürməlidir. Bu halımızı görəndən sonra iki gün boşluğa düşdüm. Özümü xeyli qınadım. Hətta özümü “pozğun” kimi hiss elədim. Ki, gör nə günə qalmışam, yaxud da qalmışıq. Amma nə edək? Bu barədə ağır faiz şərtləri qoyan nəşriyyatlar, kitab mağazaları düşünsün.

- Kimləri oxuyursan hazırda? Nə yazırsan?

- Cavid Ramazanovun “Amanabənd”ini oxuyuram. Özü imzalayıb hədiyyə edib. Yağ kimi gedir. Hətta deyim ki, son dövr məni kitab oxumağa qaytaran bir kitab oldu. Dili sadə, mövzusu yeni və mənə yaxın. Gecəqonduda böyümüş biri kimi bu kitab mənim ağrılarımın üstünə su səpdi. Bu barədə fikirlərimi mütləq yazacam. Yazmağa gəldiksə isə... Yaradıcılığımın Yusif dövrünü yaşayıram. Quyuda, zindanda, tənha...

# 3137 dəfə oxunub

Müəllifin son yazıları

# # #