Cəlil Cavanşir: “Azərbaycan kinosunu naşılar idarə edir” – Müsahibə

Cəlil Cavanşir, şair, ssenarist

Cəlil Cavanşir, şair, ssenarist

14 oktyabr 2022
# 09:00

Kulis.az şair, tərcüməçi, ssenarist Cəlil Cavanşirlə müsahibəni təqdim edir.

İki böyük kitab festivalı keçirildi. Birinin təşkilatçılarından biri də sən idin. İstəyərdim, sən bu iki festivalı qiymətləndirəsən...

– Hər iki kitab festivalı, sərgisi Azərbaycan kitabı üçün böyük bayram idi. Kitab sərgiləri həm yazıçıları, həm kitab mağazalarını, həm də nəşriyyatları ümidləndirir, həvəsləndirir. Milli Kitab Sərgisi dəyərli dostum Şahbaz Xuduoğlunun ideyasıdır. Ötən il keçirilən birinci sərgidə mən “Mücrü” nəşriyyatının təmsilçisi kimi tədbirə qatıldım, gedişatda təşkilatı işlərə könüllü dəstək verdim. Artıq növbəti sərgidə Şahbaz bəy məni təşkilatçı kimi dəvət etdi və birlikdə kifayət qədər uğurlu və rəngarəng sərgi keçirdik. Şübhəsiz ki, sərginin əsas yükü Şahbaz Xuduoğlunun çiyinlərindədir. Biz də komanda olaraq əlimizdən gələni edib daha maraqlı bir iş ortalığa qoyduq. IV Milli Kitab Sərgisində Şahbaz bəyin rəhbərliyi ilə Nigar Köçərli, Şərif Ağayar, xalq artisti Vidadi Həsənov, Leyla Vidadiqızı və digər təşkilatçılarla birlikdə çox gözəl kitab bayramı təşkil etdiyimizi düşünürəm. Ümumiyyətlə, Şahbaz Xuduoğlu kitab bazarını və kitab biznesini çox dərindən bilir. Onun ardıcıllığı və çalışqanlığı sayəsində Azərbaycan kitabı xeyli yol qət edib. Narazı qalanlar hər zaman olur, gələcəkdə hamısının könlünü alacam.

Bu sərgidə əyalətdə yaşayan yazıçı və şairləri dəvət etdik, şeir axşamları, yubileylər, görüşlər, ciddi müzakirə panelləri, imza günləri, konsert proqramları təşkil etdik. Növbəti sərgidə proses bir az da təkmilləşəcək. Əgər təşkilatçılıq yenə mənə həvalə olunsa, narazı qalan qələm adamlarının sayı azalacaq, daha çox qələm adamının məmnun və xoşbəxt olmağına çalışacam. Biz bütün ədəbi mühitin, yazıçıların, şairlərin, jurnalistlərin, bütün nəşriyyatların və kitabçıların Milli Kitab Sərgisində iştirakında maraqlıyıq. Əgər məqsəd Azərbaycanda kitabı sevdirməkdirsə, birlikdə hərəkət etmək lazımdır. Rəqabət kitabın keyfiyyətində, yazıçılara verilən qonararda olsa daha yaxşı olar.

– Bakı Beynəlxalq Kitab Sərgisi haqqında nə düşünürsən?

– 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində səhhətimə görə iştirak edə bilmədim, buna çox təəssüflənirəm. Ancaq müşahidələrimdən, iştirakçılarla söhbətimdən bu qənaətə gəldim ki, sərgi əvvəlki illərlə müqayisdə çox əla təşkil olunmuşdu. Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsi tənqidləri, təklifləri nəzərə alaraq böyük işin öhdəsindən gəlib. Kitab sənayesi şöbəsi Mədəniyyət Nazirliyində faydalı iş görən, dövrün tələbləri ilə ayaqlaşan, tənqidi nəzərə alan, tənqiddən nəticə çıxaran yeganə şöbədir. Bu inkişafı görmək vətəndaş kimi məni sevindirir. Akif Maariflinin rəhbərlik etdiyi komanda olduqca mütərəqqi komandadır və gözəl işlər görəcəklərinə inanıram. Açığı, mən bu şöbənin işini həmişə tənqid etmişəm. Neqativ hallar görsəm, yenə də tənqid edəcəm, bu şübhəsizdir. Hər halda, son bir ildə göstərdikləri fəaliyyətlə yeniliyə açıq və peşakar olduqlarını göstəriblər. 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçılığı, ədəbiyyata, yazıçıya, şairə, oxucuya, kitaba münasibəti çox xoşuma gəldi. Hər iki sərginin bayrama çevrilməsi, kitabı, ədəbiyyatı gündəmə gətirməsi məni çox sevindirdi və xoşbəxt etdi. Hesab edirəm ki, artıq daha gözəl işlər görməyin vaxtıdır. Bu barədə dövlət də, özəl sektor da əl-ələ verməlidir.

– Kitab niyə sevilmir, niyə trend ola bilmir?

– Kitabın günümüzdəki populyarlığı məni qane edir. Şəxsən mən kitabın bayağı musiqilər, sosial şəbəkələrdəki düşük trendlər kimi populyarlaşmasını, hər kəsin əlində kitabla dolaşmasını istəmirəm. Kütləviləşmək, dəb xatirinə kitaba meyllənmək lazım deyil. Konkret kitabın, əsərin trendə çevrilməsi üçün ciddi marketinq və reklam işi qurulmalıdır. 5-10 il əvvəl Azərbaycan kitabının vəziyyəti daha faciəvi idi. Amma proses göstərdi ki, çox çalışmaq, çox zəhmət çəkmək lazımdır. Dövlət kitab sahəsinə diqqəti artırsa, xüsusilə kitab çapı ilə məşğul olan nəşriyyatlara, mətbəələrə dotasiya ayırsa, yardım etsə yazıçı və şairlərə dəstək olsa, mədəniyyətin, kitabın təbliğatını gücləndirsə kitab daha da populyarlaşacaq. İstənilən halda bu sahəyə böyük investisiya və dövlət dəstəyi lazımdır.

– Azərbaycan yazıçısı dünyaya çıxmaq üçün nə etməlidir?

– Bu barədə mənim xüsusi reseptim yoxdur. Yenə də bu məsələdə dövlətin dəstək verməli olduğunu düşünürəm. Dövlət öz yazıçısının dünyaya çıxmağında maraqlı olmalıdır. Təbii ki, yazıçı özü də bu istiqamətdə çalışmalıdır. “Dünyaya çıxmaq” şəxsən mənim üçün prioritet deyil. Müasir dünyanın, kapitalist dünyanın tələbləri başqadır. Oyunun qaydalarını bilməsən, tərcümə olunsan da, çap olunsan da heç nə dəyişmir. Azərbaycanda öz əsərlərinin tərcüməsinə, çapına böyük məbləğdə xərc çəkən yazıçılar var. Nəticə isə yoxdur. Dünyaya çıxmaq Parisdə, Tokioda, Nyu Yorkda, Londonda, İstanbulda, Dehlidə hansısa nəşriyyatda 500-1000 tirajla çap olunmaq deyil. Dünyaya çıxmaq dünyada gedən ədəbi proseslərə, müzakirələrə qoşula bilməkdir. Bu proseslərdə iştirakçı olmaq üçün oxumaq, araşdırmaq, dil öyrənmək, proseslərə qoşulmağa cəhd etmək lazımdır. Ədəbiyyat bəzilərinin düşündüyü kimi, həvəskarların meydanı deyil. Ədəbiyyat ciddi məsələdir və bunun fərqinə varmadan, dünyaya çıxmaq arzusu absurddur. Dünyaya çıxmağı iddia edən yazıçı və ya şair prosesin bir parçası olmalıdır. Hər kəs dünyaya çıxmaqda iddialıdır, ancaq heç kəs əziyyət çəkib dünyada gedən prosesləri izləmir, ciddi ədəbiyyat jurnallarını əldə edib oxumur, dünyada məşhur olan yaşıdlarını, ciddi ədəbiyyat professorlarını tanımır, ciddi yazıları, əsərləri oxumur. Dünyaya çıxmaq üçün əvvəlcə öz qabığımızdan çıxmağı bacarmalıyıq.

– Kino sahəsində son illər həm ciddi, həm də populyar ssenarilərin müəllifi oldun. Kinomuzun inkişafı səni qane edir və ya inkişaf var?

– Azərbaycan kinosu məhvin astanasındadır. Kino sahəsini idarə edən naşılar, kino sənayesini və milli kinomuzu iflic edib. Tək-tük sevindirici hadisələr baş versə də, ümumi vəziyyət dəhşətli dərəcədə pisdir. Azərbaycan kinosu uçuruma gedir və bu sahəni idarə edənlər, kino adamları tükünü də tərpətmir.

– Tez-tez məhz kino sahəsinin adamları ilə Mədəniyyət nazirliyi arasında anlaşılmazlıqlar olur. Buna səbəb nələrdir?

– Mədəniyyət Nazirliyinin kino siyasəti naqisdir. Çünki bu sahəni idarə edən şəxslər, kinonu yox, şəxsi rifahını, cibini düşünür. Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov gözəl rejissor, amma çox pis idarəçidir. Son iki ildə, Rüfət Həsənov və onun komandası Azərbaycan kinosunu ən azı 20 il geri salıb. Bu komandanın heç bir uğurlu işini təəssüf ki, görməmişik. Son iki ildə böyük xərclər hesabına başa gələn filmlərin heç biri, üzə çıxmayıb. Nazirliyinin audiovizual və interaktiv media şöbəsi mənasız və uğursuz müsabiqələr keçirməklə, yalan və şişirdilmiş statistika ilə həm xalqı, həm də dövləti aldadır. Milli kinomuzun ciddi islahatlara ehtiyacı var. Kino adamlarını narazı salan əsas səbəblərdən biri, Mədəniyyət Nazirliyinin heç bir tənqidi və iradı nəzərə almadan başıpozuq kino siyasəti yürütməsidir. Dostbazlıqla, qohumbazlıqla, korrupsiya və yeyintiylə milli kinonu inkişaf etdirmək olmaz.

– Kino sahəsində də qonorarlar kitab işindəki kimidir?

– Mənim ssenarist kimi fəaliyyətim özəl sektorla bağlıdır. Sifariş olanda ssenarimi yazıram və qonararımı alıram. Ancaq bu ərəfədə demək olar ki, ciddi bir sifariş, tələbat yoxdur. Dövlətin kino sahəsindəki qonorarlarından xəbərsizəm. Ssenarist kimi iştirak etdiyim layihədə aldığım qonorardan narazı deyiləm. Ölkənin ən nüfuzlu və bacarıqlı prodüseri Orxan Mərdanla işləmişəm və gördüyüm işə görə aldığım qonorardan da, yaradıcı insan kimi özümə olan münasibətdən də çox razı qalmışam. Hazırda tamamilə başqa işlərlə məşğulam, bədii film üçün ssenari yazmıram. Hərdən sosial mövzularda, təbliğat yönümlü qısa videolar üçün ssenarilər yazıram. Ancaq ümid edirəm ki, yenidən mənim bacarıq və biliklərimə ehtiyac yaranacaq.

– İki başıbəlalı sahənin içində sən özünü necə hiss edirsən?

– Çox yorğunam. Gün ərzində 12-16 saat işləyirəm. Bu həm fiziki, həm də psixaloji olaraq məni yorur, yükləyir. Ancaq gördüyüm işin nəticəsi olanda, xoşbəxt oluram. Hər halda, mübarizədən vaz keçməyi düşünmürəm. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kinosu üçün çalışmaq, bu yolda məhrumiyyətlər yaşamaqdan narahat deyiləm. Bu yolda ölməyə də hazıram deyərdim, amma o qədər də şişirtmək istəmirəm. Mənim tərbiyəm fədakarlıq üzərində qurulub. Hərdən coşanda düşünürəm ki, bu məmləkət üçün, bu ölkənin insanı üçün, sənət üçün fədakarlıq etməyə dəyər. Hər halda, yazmağa, şəxsi yaradıcılığıma daha çox vaxt ayıra bilsəm, daha da xoşbəxt olaram.

– Darıxan, depressiv, həmçinin rəngli, pozitiv şair obrazı yaratmısan. Necə düşünürsən, ədəbiyyat adamının mütləq bir obrazı olmalıdır?

– Açığı, uzun müddətdir qətiyyən darıxmıram. İşim, məşğuliyyətim buna imkan vermir. Depressiyanı da idarə edirəm. Amma illərdir “darıxan adam” obrazındayam, fərqindəyəm. Məni yaxından tanımayanların əksəriyyəti neqativ adam olduğumu düşünürlər. Əslində, deyib-gülən, zarafatı sevən, ətrafımdakı insanların ovqatına yaxşı təsir etməyi bacaran insanam. Rəngli və pozitiv olmağa çalışıram. Həyatımın ən ağır dönəmlərində də, geyim və aksesuarlarımda rəngarəngliyi qoruyuram. Bu bəlkə də mənim müdafiə mexanizmimdir. 7-8 ilin söhbətidir, yenicə boşanmışdım. Evsiz və işsiz vaxtlarım idi. Kitab sərgisindən çıxıb, xudmani məclis qurmuşduq. Dostlardan biri qayıtdı ki, evin yox, işin yox, sevgilin yox, övladlarından da ayrısan, – hansı gününə qırmızı saat, qırmızı köynək, qırmızı ayaqqabı, qırmızı çərçivəli eynəklə dolaşırsan. (gülür) Ümumiyyətlə, rəngarəngliyi sevirəm. 40 yaşın astanasında, saç-saqqalımın ağardığı ərəfədə qarşıdan gələn qocalığa meydan oxumaq xoşuma gəlir. Yaşasam 50-də, 60-da da belə olacam. Bu bir obraz deyil, mənim normal həyatımdır. Şəxsən, özüm zövq alıram. Ancaq bilirəm ki, obraz olaraq yaddaqalanam, bunun fərqindəyəm. Sənət adamının özünəməxsus obrazının olması yaxşıdır. Fərqli və yaddaqalan olmaq üçün çabalamaq lazım deyil. Ancaq öz daxili tələblərinə uyğun yaşayırsansa, bu səni mütləq başqalarından fərqləndirəcək.

– Ədəbiyyatdan uzaqlaşmış kimi görünürsən, daha doğrusu, yaradıcılıqdan…

– Əsla. Məsələn, IV Milli Kitab Sərgisinin son günü Bahadur Qobustan, Raqif Raufoğlu və Bəxtiyar Elcanla birlikdə qurduğumuz “EŞİT” Ədəbiyyat və Sənət dərnəyini cəmiyyətə təqdim etdik. Ədəbiyyat üçün ciddi işlər görməyi hədəfləmişik və inanıram ki, bacaracağıq. Şəxsi yaradıcılığımda bir müddətdir durğunluqdur, ara-sıra şeirlər yazıram, vəssalam. Ancaq tərcüməçi kimi, redaktor kimi boş dayanmıram. Yeni layihələrim var, ömür vəfa etsə, həyata keçirəcəm.

– Cəlil, kim üçün yazırsan?

– Hazırda özüm üçün. Ən əsası yazmaq məni xoşbəxt etdiyi üçün yazıram. Məşhurlaşmaq, tanınmaq, sevilmək və sayılmaq, tarixdə qalmaq, pul qazanmaq üçün yazıram. İstədiklərimi əldə edəndən sonra cəmiyyət üçün də bir gün ağlayacam.

– Azərbaycanlı oxucu nə istəyir?

– Köhnə model “Azərbaycan oxucusu” öz yazıçısını, şairini ələ salmaq, məzələnmək, aşağılamaq üçün sino gedir. Kitabın pulsuz olmasını, yazarın əl açıb dilənməsini, şairin pulsuzluqdan intihar etməsini, ölməsini istəyir. “Azərbaycan oxucusu” öz yazıçısıyla dostluq etmək, onu övladının toyuna çağırmaq, ona ağıl vermək, ona yol göstərmək istəyir. Bu, böyük bir kütlədir. Azərbaycan insanı aşağı-yuxarı aktyorundan, müğənnisindən, idmançısından, siyasətçisindən də eyni şeyi istəyir. İstədiyini ala bilməyəndə ağına-bozuna baxmadan öz yazıçısını linç edir. “Azərbaycan oxucusu” əgər imkanlıdırsa yazçısının cibinə “pul basmaq”, kasıbdırsa “pul qopartmaq” istəyir.

Yeni nəsil oxucular isə, yazıçısından yeni əsərlər, yaxşı yazılmış yeni kitablar istəyir. Normal oxucu öyrənmək istəyir. Azərbaycanda məhz bu cür oxucuların sayı gündən-günə artır.

– Bəs yazıçı?

– Azərbaycanlı yazıçı Elon Mask kimi varlı, Umberto Eko qədər intellektual, Selincer qədər gizli, Çe Gevara kimi üsyankar, Maykl Cekson qədər populyar, Mayk Tayson qədər güclü, Kazanova qədər “şanslı”, Messi və Ronaldo kimi fərasətli olmaq istəyir. Amma axırda gedib təqaüd xətrinə Yazıçılar Birliyinə üzv olur. Azərbaycanlı yazıçısının (əlbəttə hamısının yox) qayğısı, dərdi, problemi, arzusu məişət səviyyəsindən çıxa bilmir. Biz məişət girdabında boğuluruq. Halbuki, mən acından ölsəm də, küçədə qalsam da böyük bəşəri ideyalar barədə yazmalı, bəşəriyyətin taleyindən narahat olmalıyam. Azərbaycan yazıçısı bir kitab yazıb məşhur olmaq, hamının barmaqla göstərdiyi örnək şəxsiyyət olmaq istəyir. Azərbaycan yazıçısı Milli Məclisdə deputat, Nazirlikdə sektor müdiri olmaq arzusuyla yaşayır. Azərbaycan yazıçısı həm də alim olmaq, titul sahibi olmaq, sinəsinə orden-medal taxmaq istəyir. Azərbaycan yazıçısı eyni vaxtda həm liberal, həm solçu, həm millətçi, həm feminist, həm də mühafizəkar ola bilir. Çünki, hər çevrədən 1-2 oxucu qazanmaq üçün, buna ehtiyac var. Azərbaycan yazıçısı ömrünün sonunda xalq yazıçısı olmağı, Fəxri Xiyabanda dəfn olunmağı arzulayır.

– “Zəhər tuluğu”nu roman etmək istəyirsən? Əla satılar, məncə.

– “Zəhər tuluğu” Taleh Yüzbəyovun kurasiyasındadır. Filmin ssenarisini isə Orxan Mərdan, Taleh Yüzbəyov və Pərviz Həsənovla birlikdə yazmışıq. Razılıq olsa, Talehin bu mövzulu qısa filmlərinin ssenarisini də birləşdirib, bestseller yazmaq olar. Beləliklə, Talehin tamaşaçısı hesabına oxucu camiası genişlənər, nəşriyyat pul, mən də şöhrət qazanaram. Ancaq bir məsələ var ki, Talehin özü də ədəbiyyata yaxın adamdır, istəsə özü də yaza bilər.

– Yaradıcılığında nə yeniliklər var?

Əsasən durğunluqdur. Bir şeir kitabım çapa hazırdır, ilin sonuna doğru çap etdirməyi düşünürəm. Arada şeirlər yazıram. İki-üçü absurd hekayəm yarımçıqdır. Bir roman ideyam var, bəzi dostlarla bölüşmüşəm, yavaş-yavaş qeydlər edirəm. Borc-xərcim qurtaranda, oturub yazacam.

Foto: İlkin Nəbiyev

# 2682 dəfə oxunub

Müəllifin son yazıları

# # #