5 yaşlı Məleykə: “Armudlara iynə vururam” – Müsahibə

5 yaşlı Məleykə:  “Armudlara iynə vururam” – Müsahibə
24 iyun 2022
# 09:00

Kulis.az “Uşaq sözü” layihəsindən jurnalist, Lent.az saytının baş redaktoru Hafiz Heydərovun 5 yaşlı qızı Məleykə ilə müsahibəni təqdim edir.

– Məleykə, neçə yaşın var?

– 5.

– Gələn il məktəbə gedəcəksən?

– Yox, 10 yaşımda gedəcəm.

– Niyə? Axı 6 yaşında məktəbə gedirlər...

– Yox, 6 yaşında getmirlər. Bacım 10 yaşında getdi.

– Böyüyəndə nə olacaqsan?

– Ana.

– Əlindəki nədi?

– Minnoş.

– Minnoş sənin nəyindir?

– Uşağım. O da böyüyüb ana olacaq.

– Məleykə, ananı çox istəyirsən, yoxsa atanı?

– Ananı çox istəyirəm. Atanı çox istəyirəm. İkisini də çox istəyirəm.

– Səni parka kim aparır?

Atam. Anam gəlmir.

– Atayla ana dalaşır?

– Həə, dalaşırlar. Amma dalaşan kimi ata gedir qabları yuyur.

– Atan nə işləyir?

APA işləyir.

– Bəs ana nə işləyir?

– O işləmir. Qab yuyur.

– Axı demişdin qabları ata yuyur.

– Ata ancaq dalaşanda qab yuyur. Dalaşmayanda anam yuyur qabları.

– Ata başqa nə edir evdə?

– Bütün gün kompüterlə oynayır. Sən çox sual verəssən?

– Bir az var. Videoda gördüm ki, armudlara iynə vurursan.

– Mən həkiməm axı. Armudlar da xəstələnmişdi.

– Sağalıblar?

– Hə, amma istidi, yenə xəstələnəcəklər.

– Hardan bilirsən xəstələndiklərini?

– Yeyəndə su axır onlardan. Mən də xəstələnəndə burnum axır.

– Hansı rəngi sevirsən?

– Pəmbə (red. Çəhrayı).

– Bəs hansı heyvanı sevirsən?

– Pişikləri. Amma canavarları yox.

– Canavarları niyə sevmirsən?

– Qorxuram. Adamın üstünə hoppanırlar.

– Tanrı kimdir, bilirsən?

– O nədir?

– Bacı piano çalanda...

(Məleykə sözümü kəsdi)

– Amma indi kəndə gediblər. Üç gün orada qalacaqlar.

– Sən də böyüyəndə piano çalacaqsan?

– Anam deyib get. Bacının on yaşı var, dördüncü məktəbə gedir. Mən amma kəpənəkləri sevirəm...

– Nəyini sevirsən kəpənəklərin?

– Rənglərini. Amma tuta bilmirəm onları. Tutsam ölərlər.

– Ən çox haranı sevirsən?

– Bakıdakı evimizi. Orada iki mərtəbəli kravatımız var. Mən altda yatıram. Çünki bacımın on yaşı var. Dördüncü məktəbə gedir.

– Ən çox hansı yeməyi sevirsən?

– Mannı kaşanı, bir də südlü sıyığı.

– Bəs meyvə?

– Alma, armud, banan, gilənar, mandalin.

– Hansı fəsli sevirsən?

– İsti havalardakını. Hər yer isti olur ha, bax onu.

– Yayı, hə?

– Yox, isti havalardakını.

– Hansı cizgi filmini sevirsən?

– “İsgəndər”i.

– Suallarım xoşuna gəldi?

– Yox. Sənin uşağın var?

– Yoxdur.

– Böyüyüb?

– Yox, hələ uşağım yoxdur.

– Onda sənin atan ölüb?

– Yox, niyə ölsün ki?

– Ölməsin. Atam aşağıda işləyir, biz yuxarıda.

– Sən nə işləyirsən ki?

– Ana oluram da.

# 3740 dəfə oxunub

Müəllifin son yazıları

# # #