Üzdəniraq, qurşaqdan aşağı, beyinsiz

Üzdəniraq, qurşaqdan aşağı, beyinsiz
2 iyun 2022
# 15:00

Kulis.az Rəvan Cavidin “Çayxanadan televiziyaya” yazısını təqdim edir.

“Qaş düzəldən yerdə vurdu göz çıxardı”.

Xalq deyimi

2010-cu ildən sonra gənclərin kütləvi şəkildə sosial şəbəkələrə axın etməsi televiziyaların izləyici kateqoriyasının yaş intervalını “qocaltdı”. Evdar xanımlarımızdan başqa, demək olar ki, heç kim əlinə pult götürmədi. Xüsusən də, yeni yayım platformalarının yaranması televiziya sahəsinin prestijini “öldürdü”. “Sosial media” termini həyatımıza girər-girməz sosial və ictimai həyatda ciddi dəyişikliklər yaranmağa başladı. Yeni ictimai fikir formalaşdı. Hamı hadisələrin mərkəzində idi. Proseslər sürətli və yayğın şəkildə axırdı. Həyat sürətləndi, ölüm gəncləşdi, subkultura ənənəvi formaların üstündən xətt çəkməyə başladı, yeni nəsil siyasi fəallar çayxanalarda yox, pablarda yetişməyə başladı, “Mövsümi fenomenlər” peyda oldu və s.

“Youtube” blogerliyi yaranandan sonra isə yaşı 18-i keçənlər üçün televiziya antikvara çevrildi. “Youtube” kanalları məşhurlaşdıqca yeni artistlər, rejissorlar, jurnalistlər öz kütlələrini formalaşdırdı. Bütün əsas media qurumları “Youtube”a “köçdü”.

Birbaşa gənclərə xitab etmək üçün və yeni nəsil medianın şərtlərinə uyğunlaşmaq üçün Azərbaycanda da qısa müddətdə kifayət qədər məşhurlaşan “Cavan” TV yaradıldı. “Youtube”da gördüyümüz bütün bloger və vlogerlər yığıldı bu kanala. Ki gənclərin maraq dairələrinə uyğun olaraq yeni, yaradıcı, əyləncəli, ritmik verilişlər hazırlansın. Amma...

“Cavan” TV-nin “Youtube” kanalında ən məşhur layihələrini izlədim. Heç birinə üç dəqiqədən artıq baxa bilmədim. Və hər dəfə ekranı sürüşdürəndə özümə sual verirdim:

“İnsan nə qədər səviyyəsiz olmalıdır ki, nə qədər düşüncəsi, təfəkkürü kasad olmalıdır ki, bu cür layihələr düşünsün?”

Düşünmək cəhənnəm, adamların “bambılı” olmaq haqqı da var. Ancaq bu fikirləşdiklərini təqdim etmək və bununla öyünmək sözün bütün mənalarında həyasızlıqdı. Bir azdan bir-bir verilişləri təhlil edəcəm.

Bir az araşdırma aparmaq kifayətdir ki, ölkədə ən çox maliyyə ayrılan kanallardan birinin “Cavan” olmasını öyrənəsən. Pul ayrılır, gəncləri, üzr istəyirəm” “Youtube”da meymunluq eləməyi yüksək səviyyədə bacaranları yığıb tökürlər bir ofisin içinə, texniki təminatla təmin edirlər və deyirlər ki, düşünün görün bu gün necə şitlik edə bilirsiniz. Nəticədə də “CVN TV” kanalındakı üzdəniraq, qurşaqdan aşağı, beyinsizlik sindromu ilə dolu verilişlər meydana çıxır.

Tez-tez orada işləyənlərin rəhbərliklə yaşadığı problemlər də gündəm olur. Bir neçə il əvvəl yaradıcı dostlarımızın bir çoxu rəhbərliyin qeyri-insani davranışlarına görə kanalı tərk etmələrini açıqlamışdılar.

Bir şeyi də deyim, keçirəm verilişlərə.

“Rəfin Cəfərov” adlı layihə

Deməli, “CVN”in hər dörd layihəsindən altısında Rəfin var. Adam hər şey haqqında danışır. Hər şeyə fikir bildirir. Gah filmləri tənqid edir, gah “Tik-Tok”u, gah həftəlik gündəmi. Ağıl vermək dərəcəsində bəzən eyforiyaya girsə də, bütün verilişlərində özünü təkrarlamaqdan və bayağı zarafatlar etməkdən başqa heç nə bacarmır. Bir vaxtlar tənqid etdiyi, güldüyü şeylərin hamısını indi özü edir. Bədbəxtlik də adam üçün oradan başlayır ki, tənqid etdiyinə çevrilirsən. Energetik içkilərin, avikassaların, yükdaşıma agentliklərin, plastik qapı-pəncərə şirkətlərinin, taksi nömrələrinin reklamını edən Rəfinşin savadına, biliyinə şübhə etmirəm. Ancaq ümid edirəm ki, bir gün böyüyə biləcək. Və meymunları təqlid etməkdənsə, adam kimi nəsə deyə biləcək.

İndidən deyim ki, sonrakı verilişləri təhlil edəndə oxşar ifadələri işlətsəm, niyə camaatı təhqir edirsən deməyin. Çünki istifadə etdiyim bütün zooloji terminləri təhqir olaraq yox, təşbeh olaraq istifadə edirəm. “CVN”in kreativ kollektivi hərdən mənə sirkdəkiləri xatırladır. Rəfin isə bu sirkdə yanan çəmbəri, topları, qamçıları tutan şoumendir. İllər əvvəl onun özü də təkayaqla velosiped sürür, atılan topun dalınca dörd nala qaçırdı. İndi “vəzifəsini” artırıblar.

“Kinozavr” layihəsi ilə tanınan Rəfin Cəfərov öncə maraqlı görünməyi bacardı. Bir veriliş, beş veriliş, əlli veriliş. Dəyişən heç nə olmadı və reytinq düşdü. Ona görə də, başladı öz kanalında tiktokdakılarla “Niyə də ala?” səviyyəsində məzələnməyə. Gənclərə hesablanmış bir kanal hədəf kimi gəncləri götürməyə başladı. Gənclər üçün layihələr fikirləşən kanal indi gəncləri söyməklə məşğul idi. Və bu kanalın “tənqid” edə bilən dili Rəfin idi. İndi də elədi. Bir fərq var ki, bu gün Rəfin arxasında açarı olan kukladan başqa heç bir təəssürat doğurmur. Əlində tutub reklam elədiyi içki bankaları kimi başının içi də qaz və mayedən ibarət olduğu üçün, bundan sonrakı otuz ildə də yeni heç nə edə bilməyəcək.

“Gör nə deyirəm...”

Günel Rəhimova adlı gənc bir xanımın ölkədəki problemlərdən ağız dolusu və hərdən soyuq ironiyalar elədiyi bu veriliş sosial mesajlarına görə digər sicilləmə zarafatlardan bir qədər yaxşı təsir edir. Di gəl ki... Deyəsən, oradakı bütün aparıcılara Rəfin dərs keçir. Bu xanımın da mimikalarından tutmuş əl-qol jestlərinə qədər hamısı Rəfinin qız versiyadır. Niyə bu xanım özünü nəyəsə ironiya eləməyə məcbur hiss edir, onu da başa düşmürəm. Axı ciddi mövzuları ciddi və səviyyəli, daha intellektual çatdırmaq olar.

Bu verilişin rəylərinə baxıram. Köhnə hamam, köhnə tas. Bizim gənclər özünə yeni Tomris, təzə Janna d’Ark tapdıqları üçün sevinirlər. Ağızlarının suyunu axıda-axıda “düz deyirsən”, “halaldı”, “bizə sizi kimi gənclər lazımdı” kimi pafoslu, içi boş rəylər yazan gəncliyimizə baxıb utanmaqdan başqa əlac qalmır.

Mən bu xanımın gördüyü işi başa düşürəm. Təqdir də edirəm. Amma nolardı ki, orijinal olaydı? Ay Günel xanım, niyə özünüzü Rəfin Cəfərov kimi aparıb, onun lazımsız ironiyalarını təkrarlayırsınız? Bəlkə, özünüz olsanız, daha gözəl işlər görə bilərsiniz?

“KinoReal”

Rəfin və dostları yığışıb “kinoda-əslində olan” tipli bir veriliş çəkirlər. Məhəllə xarakterli zarafatları ilə adamı boğaza yığan bu verilişə axıra kimi baxan cavanlara yazığım gəlir. Əvvəldə dediyim kimi, nəinki bu verilişə, ümumiyyətlə, kanalda onminlərlə baxış sayı olan heç bir verilişə iki-üç dəqiqədən artıq baxa bilmədim.

Mən öz zövqümü sorğulayan adamam. Və ən bayağı musiqiləri dinləyib, ən bayağı filmlərə baxa bilərəm. Görün bu verilişlərin səviyyəsi nə qədər aşağıdırsa, bayağılığı qəbul edə bilən mən də sonadək izləməyi özümə rəva görmürəm.

Bizə tanış olan məşhur kadrların azərbaycanlı versiyasını quraşdıran bu gənclərin uğursuzluğu təkcə zarafatlarında deyil. Məsləhət görürəm ki, ara-sıra montajçıya da pul verib işi keyfiyyətli gördürsünlər.

“Elə-belə show”

– ən böyük çay hansıdır?

– “Azərçay”ın 5 kiloluğu

Və ya

– Get gör mən Məzahir əmingildəyəm?

– Yaxşı.

– Getdi e. Telefon var də, zəng elə soruş.

Bax belə. Kiməsə səviyyəsiz deməyə çəkinmişəm. Amma, vallah, billah, bunun adı səviyyəsizlikdi. Belə başa düşdüm ki, bu layihəni də Fuad İsgəndərov fikirləşib. Hə də, “Bu şəhər”in bayağılığı keçib Fuad İsgəndərovun bloqlarına, vloqlarına, indi də qısa yumoristik səhnəciklərinə. Bu teatrallıq (Bekket də məni bağışlasın) savadsızlığın, biliksizliyin, yumordan əziyyət çəkən xarakterin, xəstə təfəkkürün məhsuludur. Fuad İsgəndərova bu gün meydan verən qurumlar neçə-neçə istedadlı aktyorun küçələrdə qalamasını gözardı edir.

“Diyes/Yes” adlı səhnəciklərin də səviyyəsi Fuad müəllimin atasının geyindiyi donun parçası səviyyəsindədi. Tül. Zarafatların bu tərəfindən baxanda o tərəfdəki əqli çatışmazlığı görmək olur.

“Nə yalan deyim”, ssenarisinin Fuadın yazdığına inanmadığım verilişdə Fuadla “bərk mırtlaşırlar”. Müəllimin monoloqlarını dinləyəndə hiss edirsən ki, mətni yazan adamın yumor hissi də var, iki cümləni yan-yana yaza da bilir. Di gəl ki, utanıb kameranın qabağına çıxmaq istəmir. Çünki “CVN”in kamerasının qabağı zibillikdir. Bir qrup zibileşənlər də həftədə bir dəfə çıxıb camaata ağıl öyrədir.

Xülasə...

Eyni effektlər, eyni dekorlar, eyni aktyorlar, eyni monoloqlar. Yəqin, maaş eyni olmadığı üçün bu bədbəxt gənclər səviyyəsizliyə dözüb özlərinin potensialını (əgər varsa) belə işlərə xərcləyirlər.

Gəncləri sosial mediada məlumatlandırmaq istəyən “Cavan” TV bu gün gənclərin zövqünü və intellekt səviyyəsini korlamaqdan başqa heç nə eləmir. 20 yaşlı bir azərbaycanlı o kanaldan istifadə etməklə nə dincələ, nə əylənə, nə də nəsə öyrənə bilər. Yaxşı, bəs niyə belə layihəyə bu qədər pul xərclənir? Niyə instaqramda vaynerliklə məşğul olan, enerji içkilərini reklam edə bilən, aktyorluq yerinə sirk klounluğu edən gənclər kütləyə təqdim edilir, istedadlı, teatr və kino savadı olan yaradıcı gənclər isə qalıb qıraqda?

Mənim gəncliyimə bunları rəva görən kanal haqqında nə qədər təhqir yazsan azdı, amma etik şərtlər imkan vermir.

Çayxanadan televiziyaya “qaqa” yığıb gətirsəniz, nəticəsi bu cür əntərvarı görünəcək.

# 12071 dəfə oxunub

Müəllifin son yazıları

# # #