Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid
16 iyul 2024
# 15:00

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Bir neçə gündü ölkənin ən böyük mədəniyyət saytında Bəxtiyar Vahabzadə müzakirə olunur. Mənim də müəllifləri arasında olduğum saytın oxucuları Bəxtiyar Vahabzadəni qutsal şəxs kimi müdafiə edir:

"Amandır dəyməyin, olan-qalan bir şairimiz, milli dəyərimiz var, onu da siz heç eləməyin".

Sonra Kulis.az bu qutsamalara istinadla şəhərdə sorğu keçirir ki, Bəxtiyar Vahabzadəni tanıyırsınız?

Cavabları linkdən izləyin.

Mən izləyəndə güldüm. Pafoslu-pafoslu “millətimin halına yandım” yazmayacam.

Bəli, məhz güldüm. Çünki mənim üçün artıq Azərbaycan cəmiyyətinin aydınlanmamış, tənbəl toplum olduğu gün kimi aydındır. Həm də mən işlədiyim vaxtlarda da bu cür sürü psixologiyası ilə çox qarşılaşırdım. Bu tip yazılara "diaqnoz yazıları" deyirəm. Hərdənbir belə şeylər yazıb, belə sorğular keçirib, gözəlim məmləkətin adamlarının damarını əzmək lazımdır, iynələmək, dürtmək lazımdır ki, özlərini tanısınlar.

Həmin adamlar, əminəm ki, gedib Vahabzadənin şeirlərini oxuyublar.

Niyə?

Çünki biabır oldular artıq.

Kiçik cəmiyyətlərə nəsə öyrətmək lazımdırsa, onları əvvəlcə zəlil gününə qoyub, biabır etmək lazımdır. Bu Fransız inqilabından bu yana belədir, təzə bir şey deyil yəni.

Gələk Bəxtiyar Vahabzadəyə... Niyə onun haqqında bir şey yazılsa gündəm olur? Çünki məqamı, məramı sabit bir imza deyil.

Məsələn, Hüseyn Cavid haqqında tənqidi bir şey yazılsa belə, çox müzakirə olunmaz.

Niyə?

Çünki Cavidin yaradıcılığı, ideologiyası, cəmiyyətdəki statusu bəllidir.

Və yaxud Vaqif Bayatlıdan nəsə yazanda onun ədəbi personası müzakirə edilməz. Hər şey ortadadır axı. Nəyi müzakirə edəcəksən?!

Amma sovet dövründə yaşayan və sovet dövründən müstəqillik dövrünə addım atan “n” qədər şairi tənqid edib günlərlə müzakirə etmək olar. Çünki bu tip ədəbiyyatçıların, söz “sənətçiləri”nin nə vahid bir ideoloji duruşu, nə də müzakirə ediləcək qədər böyük qələmləri var. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və nəsildaşları, öz təbirlərincə desək, meydan şairləri idi. Onlar sağın ideoloji missionerləriydi. Yazdıqları ədəbiyyata deyil, “meydanlara” aid idi.

Bu başadüşülən, hətta hardasa, təqdir ediləsi bir haldır. Çünki ölkənin xaotik vəziyyətində onu imperiyanın dəmir tanklarının altından çıxarmağa söz birliyi, həmrəylik lazım idi. Bu işi də meydanlarda insanların qarşısına çıxan şairlər, söz adamları görürdü. Azərbaycanlıların Bəxtiyarı sevməsinin səbəbi şeirləri, “dərin məzmunlu poemaları” deyil, məhz ideoloji əsgər olmasıdır.

Zövqünə güvəndiyim bir dostumdan soruşdum ki, Bəxtiyar Vahabzadə necə bir şairdir? Dedi, çox dərin və çox möhtəşəm. Mən soruşmadan özü bunu belə əsaslandırdı: “Çünki o, türkçülüyün, milli kimliyimizin təbliğatı ilə məşğul olub!”.

Bax, hamının Vahabzadəni sevmək üçün belə səbəbləri var. Xüsusən də, 90-cı illərin şahidləri, o günlərin əzabına qatlananlar üçün Bəxtiyar Vahabzadə kimiləri qəhrəmandır. Ədəbiyyat müstəvisində isə bu şairlərin dişə çəkəcək bir misraları yoxdur. Ortabab, “-an”a “-yan”ı qafiyə edən şairlərdir.

Bəxtiyar Vahabzadə deyəndə bir konspirologiya da yadıma düşür.

Deməli, 18-19 yaşımda siyasi bir təşkilatın iclaslarına, tədbirlərinə gedirdim. Hazırda fəaliyyət göstərmədiyi üçün təşkilatın adını yazmağa ehtiyac duymuram. Nə isə, orada deyirdilər ki, Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması sovet hakimiyyətinin siyasi maraqlarına xidmət etdiyinə görə bu qədər çox populyarlaşdırıldı. Əlbəttə, buna inanmaq, həm də “Gülüstan”la tanış olduqdan sonra inanmaq çətindir. Bu konspirologiyanı bizim beynimizə soxuşdurmaq istəyənlərin arqumenti bu idi ki, sosialist rejim regiondakı güclü rəqiblərindən birini bu tip əsərlərlə qarışdırmaq istəyir.

“Gülüstan”ın yazıldığı tarixlə İranın həmin dövrdəki siyasi atmosferini təhlil edəndə görürük ki, sovet rejiminin belə bir həmləsinə ehtiyac yox idi. Bu başqa bir yazının mövzusu. Qayıdaq bizim cahil adamlarımızın bütləşdirmə həvəsinə.

Təkcə Bəxtiyar Vahabzadə ilə bağlı deyil bu hal. Məsələn, sosial şəbəkələrdə hamı Məhəmməd Əmin Rəsulzadəni sevdiyini, ona borclu olduğumuzu yazır. Küçəyə çıxıb on nəfərdən soruşursan, məlum olur ki, Rəsulzadəni tanımırlar.

Ya da (elə yeri gəlmişkən) bir ay Həzrəti Hüseynə ağlayırlar, amma soruşursan, bəlli olur ki, Kərbəlanın məğzini, məramını anlamayıblar. Bayrağımız üçün canlarından keçəcəklərini deyirlər, amma bayrağımızın rənglərini ardıcıllıqla saya bilmirlər. Səməd Vurğunu sevirlər, amma tanımırlar.

Ziddiyətli məqamlar da var.

Məsələn, İslam dininə cani-könüldən bağlı olan azərbaycanlılar Babəkə milli qəhrəman statusu verib. Hüseyn Cavidi sevənlər Səməd Vurğuna aşiqdirlər. Azadlığımızın nə qədər gözəl bir nemət olduğunu deyənlər sovet dövrünün sosial imtiyazlarını tərifləyib qurtara bilmirlər. Niyə belədir bu cəmiyyət? Qısaca deyim, gedirəm.

Aydınlanmamış cəmiyyətlər inanaraq öyrənir, aydınlanmış, sağlam cəmiyyətlər isə araşdıraraq. Bizim coğrafiyanın adamları araşdırmağa vaxt sərf etmək istəmir. Nələrisə mühakimə etmək də onlarlıq deyil. Bizim camaata nəyisə və ya kimisə müqəddəs bir libasa bürüyüb göstərmək kifayətdir ki, o ömür boyu həmin şəxsə, nəsnəyə itaət etsin, onu sevsin, bütləşdirsin.

Araşdıranlar da qorxaqdı. Yəni cəsarət edib cəmiyyətin beynindəki tabuları, doqmaları qıra bilmir. Linç edilməkdən qorxur. Aydını qorxaq, qaranlığı tənbəl olan bir topluma min dəfə də desən ki, getdiyin yolun sonu uçurumdur, sənə inanmayacaq. Onlar dini də, milli kimliyi də, elə ədəbiyyatı da belə qəbul edirlər.

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #