Koelyonu bağrıma basmaq istəyirəm

Koelyonu bağrıma basmaq istəyirəm
7 dekabr 2017
# 15:20

Kulis.az “Qadın məktubları” rubrikasında şair-esseist Rəbiqə Nazimqızının növbəti məktubunu təqdim edir.

k. üçün üçüncü (əslində, dördüncü) məktub

Qəribə hadisələr olur bəzən. Məktubu hazırlayıb, son anda ondan vaz keçirsən, çünki daha yaxşısını yazmaq imkanı yaranır. Məndə bu, ilk dəfədir. Sonra da deyirlər, əlamətlərə inanmayın. Bu dəqiqə qollarımı açıb, dünyanın ciddi yazar kimi qəbul eləmədiyi Paulo Koelyonu bağrıma basmaq istəyirəm. Bir də sənə yazdığım məktubun ünvanını dəyişib, Tanrıyla danışmaq istəyirəm. Demək istəyirəm ki… qəribə işlər olur, dost...

Amma bu gün hər şey başqa cür başlamışdı. Başqa məktub yazılmışdı. Tələsmə, bilirəm, maraqlıdır, ona görə, gizləmirəm. Nə yazacağımı bilmirdim. Elə buradan başlamışdım ki: “Sənə yazmaq üçün əvvəl üzüklərimi çıxardım, sonra qolbağımı. Klaviatura bər-bəzəyi sevmir, barmaqlar çılpaq olmalıdır. İşdəki masamın üzərindəki əşyalar diqqətimi çəkdi: xaotik şəkildə boylanan iki fincan (birinin içində qaşıq da var), qulaqlıq, cüzdan, cürbəcür lazımlı və lazımsız vərəqlər, telefon, yaddaş kartı, şərf, qələm, hansısa səyahət agentliyinin bukleti, kağızı açılmamış şokolad, ortadan qatlanmış salfet, təqvim, kitabların üstündə müdrik pozada əyləşmiş kostyum-pencəkli meymun heykəli. Yəqin ki, nəsə yadımdan çıxdı. Heç önəmli də deyil...”

Belə başlamışdım, çox mənasız şəkildə də davam edirdim, hiss eləyirdim ki, nəsə, nələrsə yerində deyil, elə bil özümü zorlayıram, elə bil bu vaxtadək yazdığım məktublara sənin laqeyd yanaşmağın istedadımı bloklayıb. Amma dayanmadım. Davam elədim ki, adamlar masalarına oxşayır, amma səliqəsiz görünmək vecimə deyil, indi məni yeni təəssüratlardan başqa heç nə maraqlandırmır. Bunu da qeyd elədim ki, bütün təəssüratlar korlanır, amma səninlə fərqli olacaq, çünki biz heç vaxt görüşməyəcəyik...

Bir-iki ayrı abzas da yazmışdım, açığı, çox sönük idi, nə sənə yaraşırdı bu məktub, nə mənə. Faylı bağladım, nə olar-olar dedim, çıxdım nahar fasiləsinə ki, başım ayılsın, gəlim bir də baxım, nəyisə dəyişim, ya silib atım...

Narın yağış yağırdı, çisələyirdi, gərək ki, belə deyirlər. Zəif duman beynimdə yumşaq sərxoşluğa bənzər hiss yaradırdı, fərqinə varmaq istəmirdim, özümü yaxşı hiss edirdim. Piyada gəzmək xoşuma gəlir. Xüsusən təklikdə. Hərdən yanımda adam olanda mənə elə gəlir, sərbəst düşünə bilmirəm. Əslində, ağlıma rabitəsiz şeylər gəlirdi. Alınmayan məktubu fikrimdən çıxarmaq istəyirdim. Deyəsən, alınırdı...

Səhər evdən çıxanda qırmızı paltomu geyinmişdim. Ötən il bir düyməsi qopub düşmüşdü. Qəsdən geyinmişdim. Geyinmişdim ki, utanım və neçə vaxtdır bu gün-sabaha saxladığım düyməni almağı unutmayım. Bir növ özümə cəza vermək yəni...

Yolüstü qarşıma çıxan balaca bir kafedə yemək yedim. Əlbəttə, tək. Sonra univermağa gedib, düymə seçdim, aldım. İşə qayıdanda qarşıma çıxa biləcək adamları düşündüm. Siyahıda sən yoxdun. Ağlımın ucundan keçmirdin. Sanki səninlə heç görüşmədən vidalaşmışdım beynimdəcə. Bir az küsmüşdüm. Sənə də, özümə də. Amma görünür, çox tələsmişəm, cəmi yarım saat gözləmək lazımmış...

Əvvəl gözlərimə inanmadım. “Qarabasmadır, ya kiməsə oxşadıram”, düşündüm. Gülümsədin. Əmin oldum ki, yanılmamışam. Dərhal əlimdəki qırmızı cüzdanı sinəmə tərəf qaldırdım ki, yerində olmayan düymənin boş yeri görünməsin. Bircə anda bütün boşluqlar doldu. Bütün sualların, gileylərin, şübhələrin üstündən qırmızı xətt çəkildi. Yarımca saat əvvəl yazdığım məktubun da...

Qəribə hadisələr olur, dost. Yeni məktub yazıb, onu da bəyənmirsən, qorxursan, amma yenə də vaz keçmirsən, çünki sənin lüğətində “geri çəkilmək” ifadəsi yoxdur. Yorulanda da, bezəndə də, uduzanda da. Məndə həmişə belə olub. Sonra da deyirlər, Tanrı inadkar bəndələrini sevmir. Bu dəqiqə bu məktubu buradaca bitirib sənin yanına tələsmək istəyirəm. Ünvanı bilmirəm. Danışmaqdan yorulmuşam, daha çox dinləmək istəyirəm. İstəyirəm, soruşasan ki…

# 2547 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #