“Allah məndən qadınıma xəyanətimi soruşacaq”

“Allah məndən qadınıma xəyanətimi soruşacaq”
6 fevral 2013
# 08:15

Onu Dövlət Gənclər teatrından tanıyıram. İfasında çox rollar görmüşəm, ən çox yadımda qalanı Hamletdir. Kənardan iddialı təsir bağışlayan, yaxınlaşdıqca iddialardan uzaq, çox səmimi bir insan olduğu bəlli olan aktyordur, yaxşı aktyordur.

Lahıcdan Qarabağa

Ağcabədidə doğulmuşam, 1960-cı ildə, amma əslən Lahıcdanıq. Atam, anam, nəsil-kökümüz Lahıcdan olub. Babam misgər imiş, Lahıcda hamı misgər olduğundan babam o vaxtlar bu sənəti gəlib Ağdamda işlədib ki, çörək pulu qazansın və orda da qalmalı olub.

Atam Ağdamda dünyaya gəlib. Anam ağcabədilidir, ana tərəfdən babam xanəndə olub. Eyni zamanda ticarətlə də məşğul olurmuş, çünki səkkiz övladı vardı. Ana babam danışırdı ki, yığışıb Üzeyir bəyin “Arşın mal alan”ını səhnələşdirirdik. Dayım da musiqiçi idi. Anam evdar

qadın idi. Ailədə dörd uşaq idik, iki bacı, iki qardaş. Böyüyü mənəm, qardaşım taksi sürücüsüdür, bacılarım ikisi də evdar qadındırlar. Qardaşım zəhmətkeşdir, misgərliyi də öyrənmişdi, bilir.

Məni nənəm qoymurdu iş öyrənməyə, deyirdi ona dəyməyin, işlətməyin onu. Ədəbiyyat müəllimim bir dəfə məktəbdə oynadığımız səhnəciyi görəndən sonra mənə demişdi ki, sən aktyor olacaqsan, nənəm də bunu eşitmişdi.

Səkkizinci sinfə kimi Ağcabədidə yaşamışam, oxumuşam, sonra gəlmişəm Bakıya. Burda əllə yığan mürəttib yetişdirən Texniki Peşə Məktəbində təhsil aldım. Əslində Bakıya gəlişimin məqsədi teatr kurslarına yazılmaq idi. Bibimin yoldaşı mənə kömək edirdi ki, sənədlərimi hələlik peşə məktəbinə verim, çilingər olum. Bu mürəttib hazırlayan Peşə Məktəbinin qarşısından keçəndə dayım dedi burda qəşəng qızlar oxuyur gəl sənədlərini verək bura, verdik. Həm də xalq teatrına gedirdim.

Əsgərlikdən sonra altı ay Gənc Tamaşaçılar Teatrında fəhlə işləmişəm. Sənədlərimi instituta vermək üçün hələ vaxt var idi, o vaxtı səmərəli keçirmək üçün. Yayda sənədlərimi verdim o vaxtkı İncəsənət İnstitutuna və daxil oldum. Mehdi Məmmədov, Hökümə Qurbanova, Əşrəf Quiliyev imtahan götürürdülər. İki dörd, bir beşlə qəbul olundum.

İnstitutda əvvəl Hüseyn Sultanovdan dərs aldım, sonra Əşrəf Quliyevdən, Faiq Zöhrabovdan.

Çayxanadan yaradıcılığa, fəhləlikdən səhnəyə

İnstitut vaxtı Bəhram Osmanovla çayxanada – zadda dostlaşmışdıq. Onun yaxşı tamaşaları vardı, amma mənə rol vermirdi. İlk dəfə dördüncü kursda bir tanışından xahiş etdi ki, mənə öz tamaşasında rol versin. İlk dəfə Bəhramla onda çayxanadan kənar yaradıcı söhbət etdik. Dördüncü kursun sonunda isə mənə Q. Qorinin “Herastratı unudun” əsərinin tamaşasında bir fars qocanın obrazını verdi. Sonralar bu tamaşanı rəhmətlik Hüseynağa müəllim “Gənclər” teatrında qoydu, onda mən Herastratı oynadım.

İnstitutu bitirəndən sonra çox ordan bura, burdan ora gedib işlədim. Azkonsert birliyində işlədim, konsert vaxtı iştirakçıları təqdim etməli idim. Gördüm mənlik deyil. Qorxmaz Əlili dəvət elədi, bir müddət onunla işlədim, bir gün öz işimə, harda olmağıma özümün gülməyim tutdu, çıxdım ordan da. Vaqif İbrahimoğlunun “Yuğ” teatrının yaranmasında da onlarla işləmək istədim, yenə məni gülmək tutdu.

“Nəsimi” folklor teatrı adlı yerdə də bir altı ay işlədim. 1989-cu ildə Gənclər teatrı açıldı, onların “Qətl günü” tamaşasına baxdım, çox xoşuma gəldi. Dedim ki, bu teatrdır, burda işləmək olar. Bir-iki ay sonra tale elə gətirdi ki, bu teatra dəvət olundum. Çox gözəl kollektiv, yaxşı teatr idi Gənclər teatrı. Burda öz yerimdə idim, 20 il işlədik. Çəmi ilin üç ayını işləyirdik, çünki zalımız soyuq idi. Hüseynağa Atakişiyev rəhmətlik aktyorlar formadan düşməsin deyə hər il bir tamaşa hazırlayırdı, hər gün məşq edirdik. İndi hər teatrda Hüseynağa müəllimin yetişdirdiyi aktyorlar var. Sonra da teatr Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Bu teatr da öz yerimdir, burda fəhləlikdən başlamışam.

Kinoda ilk dəfə 1992-ci ildə “Güllələnmə təxirə salınır” filminə çəkildim. Film on il fasilə ilə çəkildi. 2004-cü ildə Eldar Quliyevin filminə çəkildim, ardınca demək olar ki, hər il epizod da olsa filmlərə çəkilirəm. Son zamanlar Cavid Təvəkkülə işləyirəm. “Döngələr”, “Həsrət”, “Yanlış da bir naxışdır”, indi də “Qarabağnamə” ni çəkir.

Heç vaxt hansısa rolun arzusunda olmamışam, çünki nəyisə oynamaq istəsən ömür boyu onu içində yaşadacaqsan və bütün rolların o obraza bənzəyəcək. Çalışmışam rejissor mənə nə həvalə etsə onu oynayım. Əsəri oxuyanda özümü gördüyüm rol olur, amma onu özümünküləşdirməkdən yayınıram.

Bu gün heç misgər olmaq da xoşbəxtlik deyil. Bəzən hirslənəndə aktyor olmağıma peşman oluram, amma dərhal düşünürəm ki, yox, başqa bütün sənətlər mənim üçün darıxdırıcı görünür. Rayona gedəndə, həmyaşıdlarımı görəndə şükür edirəm ki, Allah məni sevib. Hamısı alverlə məşğuldur, mən bacaran iş deyil.

Aktyor üçün bu gün dolanışıq var. Kim istəsə qazana bilər, o başqa söhbətdir ki, hansımızsa deyirik biz ciddi sənətlə məşğuluq, toya gedə bilmərik, reklama çəkilmək qəbahətdir, dublyaja getməyi özümə sığışdırmıram. Bunlar hamısı fərdin öz məsələsidir, amma əvvəlki illərdə nisbətdə aktyor üçün dolanışıq var. İndi məvacibimiz də əvvəlki illərdə olduğundan yuxarıdır, qazanmaq imkanları da çoxdur. Maaş da çox qalsa çörək də qalxar, bunun nə mənası var. Ona görə də elə belə də yaxşıdır.

Sevgidən ayrılığa

Xanımım fizika-riyaziyyat müəlliməsidir, indi bir yerdə yaşamırıq. 16 il bir yerdə yaşamışıq, sevmişəm onu, iki övladımız var, bir qız, bir oğlan. Qızım ailə qurub, hətta babayam, oğlumun da bu yaxınlarda toyu olacaq. Ayrılandan sonra bir gün belə onlardan ayrı olmamışam. Ayrılanda

12 yaş qızın, 15 yaş oğlumun vardı.

Ayrılmağımızın səbəbkarı mənəm, adam bəzən özü də bilmədən, gözlənilməyən hisslərin ağuşuna düşür. O, mənə çox dözdü, bir ara içki-filan, dözdü, sonra da yeni eşqə düşdüm. O, yenə dözdü, gözlədi ki, keçər, mən yalan danışa bilmədim, evə gəlirsən və evdəki bilir ki, sən hardan gəlirsən. Bunu ona, elə özümə də rəva görmədim, çıxıb getdim, evi, hər şeyi ailəmə buraxdım və getdim.

Uşaqlarımın işlərində, qayğılarında varam. Bu baş verənə qədər dərk eləməzdim ki, insan öz ailəsindən necə çıxa bilər. O vaxt Hüseynağa müəllimə belə işlərinə görə heyrət edərdim. Görünür elə buna görə Allah öz başıma gətirdi. Bilirəm ki, o dünyada bunu hesabı sorulacaq məndən. Adam öz başına gəlməyincə bilməz, ona görə gərək heç vaxt, heç kimi, heç nəyə görə qınamayasan. Çətin məsələdir e, insan müdriklik mərhələsinə çatanda dünyadan köçür, eləsi olur heç çatmır.

İndi də hələ özümün yaşamağa yerim yoxdur, bir rəssam dostumun emalatxanasında qalıram. Mən tale yazısına inanıram, nə olubsa taledir, belə yazılıbmış.

# 5038 dəfə oxunub

Müəllifin son yazıları

# # #