Rusiya Təhsil Nazirliyi qərara alıb ki, orta məktəblərdə kino dərsləri keçirilsin.
Kulis.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmin günlərdə şagirdlər üçün Sovet filmləri nümayiş olunacaq.
Təklifi Təhsil Nazirliyinə Rusiya Kino İttifaqı verib. Nazirlik təklifi dəyərləndirib, kinolardan ibarət uzun siyahıya əl gəzdirəndən sonra göstəriləcək filmləri müəyyən edib, 100 Sovet filmi məktəblərdə göstərilmək üçün seçilib.
Onların arasında “Burada üfüqlər sakitdir”, “Stepan Razin”, “İt ürəyi”, “Avtomobildən qorunun”, “Brilliant əl”, “Hərb və sülh”, “Kuryer”, “Balaca Vera”, “Günəşdən yorulmuşlar”, “Müqəvva” və xeyli sayda cizgi filmi var.
Rusiya Mədəniyyət naziri Vladimir Medinskinin fikrincə bu, uşaqlar üçün idman dərsindən sonra ən sevimli dərs olacaq. Nazir təklif edib ki, hər filmi müvafiq fənn müəllimi aparsın. Məsələn, “Hərb və sülh”ü ədəbiyyat müəllimi tədris edə bilər, “Aleksandr Nevski”ni tarix müəllimi.