Cəbrayıldan gələn son qatar

Cəbrayıldan gələn son qatar
23 avqust 2016
# 08:30

O qatar həmin yolla hərəkət edən sonuncu qatar oldu. Qatar Mahmudlu stansiyasından tərpənəndə biz – bacımla mən öz yerimizdə oturmuşduq, Füzulinin Horadiz stansiyasında insan seli qatara tərəf axdı.


1993-cü ilin avqustun 17-si axşam saat 20 radələri olardı.

Avqustun 18-i ermənilər Füzuli rayonu işğal edib onun mərkəzində olacaqdı. 23 avqustda isə Cəbrayılın mərkəzi işğal ediləcəkdi.

Hələlik hər iki rayonun camaatını hansı qüvvələrsə təlaşa salıb çıxardırdılar torpaqlarından.

Qatarda iynə atsaydın, yerə düşməzdi. Biz də artıq hamı kimi ayaq üstdə durmuşduq, çünki yerimizi uşaqlı qadınlara, yaşlılara verməli olduq.


Camaat təlaşda idi. Elə bil canlarını dəhşətli bir vəziyyətdən ancaq qurtara bilib bu qatara atılmışdılar. Bəlkə də elə idi, bəlkə də yox. Xəbərlər o qədər ardıcıl, mütəmadi yayılırdı ki, hələ də qatara minməkdə davam edən kütlə nəyin həqiqət, nəyin yalan olduğunu müəyyənləşdirmədə çox çətinlik çəkirdi.

İnsanların üzündə yalnız dəhşət vardı, kimsə başqası ilə maraqlanmırdı, hamı öz canının hayında idi. İçi insan qarışıq köhnə çamadan, boxça, torba, çuvalla dolu qatar sürətlə irəliləyirdi. Hər stansiyada eyni mənzərə ilə rastlaşırdıq. Dəhşət idi. Yenə üzündən təlaş tökülən insanlar qatara doluşurdular. Horadizdən sonra Beyləqanın Daşburun stansiyası, ora qədərki kiçik dayanacaqlarda da eyni mənzərə idi. Düz İmişliyə qədər. İmişlidə qatar uzun müddət dayandı, amma insanlar vaqonlardan düşmürdülər, elə bil yeganə qurtuluş yeri bildikləri bu qatarı da itirməkdən qorxurdular.


Adi halda bu qatar səhər alatoranında Bakıya çatardı. Biz də dəmiryol vağzalında dadlı bir kakao içib, hələ də tamını unutmadığım sosiskadan yeyib tələbə yataqxanamıza yollanardıq.
Bu dəfə elə olmadı. Qatar alatoranda hələ İmişlidə idi, arada hərəkət edərək Saatlıya, Sabirabada çatıb, sonra bir də İmişliyə qayıtmışdı. Sonralar öyrənəcəkdim ki, həmin gecə qaçqın dolu qatarın Bakıya girməməyi üçün yuxarıdan onun elə oralarda qalması əmri verilib. O vaxt qatarın Bakıya getmədiyindən narazı qalan camaatın heç ağlına da gəlməzdi ki, onların böyük bir qismi-yəni getməyə yeri olmayanlar ömürlərinin xeyli hissəsini elə bu vaqonlarda yaşamalı olacaqlar. Burada körpə böyüdəcək, gəlin gətirəcək, qız köçürəcəklər...


Qatarın irəli-geri hərəkəti daha çox söz-söhbətə, şayiələrə, təlaşa əsas verirdi. Hələ Xocalı soyqırımının xofundan ayılmamış insanlar özlərinin “Xocalı dəhşəti” yaşayacaqlarından çox qorxurdular. Bəlkə də məqsədli şəkildə təlaş yaradanlar, aranı gərginləşdirənlər də vardı.


Mən də geridə, rayonda qalan valideynlərimdən çox narahat idim. Deyirdilər, arxada bir rayon qalmayıb, hamısı işğal olunub. Ermənilər camaatı Araza töküb Beyləqana qədər gəlib çıxıblar. O qədər ağlamışdım ki, gözlərim dumanlı görürdü, başım da çox dumanlı idi. Atamla anamın taleyi bir an rahatlıq vermirdi mənə. O vaxt mənim 22, bacımın 15 yaşı vardı.


Gün günorta olmuşdu. Camaat qatarlardan düşüb çuvallarını altlarına qoyub oturmuşdular. Qatar bələdçisi vaqondan vaqona keçməkdə ona maneə olan çamadanları da götürüb pəncərədən çölə qolazlayır, söyürdü.


Qatar İmişli, Saatlı, Sabirabad arasında üç gün, üç gecə o tərəf bu tərəfə gedib-gəldi.


O üç gün ərzində 22 yaşıma qədər görmədiyim dəhşətləri yaşadım. Aclığa dözə bilmələri üçün deyəsən yerli sakinlər camaata qarpız gətirib paylayırdılar. Maşın-maşın gələn qarpızdan -birdən mənə çatmaz- deyə bir-birini tapdayan, qabağa keçib qarpız götürə bildiyi üçün torpağına qayıdıbmış kimi sevinən insanlara baxıb göz yaşlarımı saxlaya bilmirdim. Başqa əlacım yoxdu, yalnız bacımı qorxmasın deyə sinəmə basıb ağlayırdım.
Bayaqdan deməyi unutmuşam ki, sərnişinlər arasında mənim üç azyaşlı uşaqla birgə əmim də vardı. Əmim Bakıda yaşayırdı, əzizlərinin halından xəbər tutmaq üçün kəndə gəlmişdi. Kənddəki böyük əmim öz uşaqlarını da ona qoşub – bunları qurtar- demişdi. Eynilə atam bacımı mənə qoşub - qayıt Bakıya - dediyi kimi. Əmimlə ayrı-ayrı vaqonlarda olsaq da kənardan bir-birimizi görürdük. Hamı vaqonlardan yerə tökülmüşdü axı. Nə qədər qorxu, həyəcan içində olsam da özlüyümdə bir şeyə arxayın idim ki, əmim burdadır.


Qonşu kənddən bir oğlanla anası bizimlə eyni vaqona düşmüşdü. Mən onu tanımırdım, özü bizə yaxınlaşıb – bayaqdan ağlayırsan-dedi:

“Qorxma, ağlama, siz Cəfər müəllimin qızlarısınız, mən tanıyıram. Səni instituta gedib-gələndə də çox görürəm. Bizim institutun qarşısından keçirsən. Atan müəllimim olub, xətri mənə əzizdir, sizi burda tək qoymaram, hara getsəm aparacam özümlə, anam da burdadır, gəlin onun yanında olun, mən gedim bizi Bakıya aparacaq maşın tapım gəlim”.

-Yox-dedim-narahat olmayın, əmim burdadır, bizi yəqin o, aparar Bakıya.

Sərdar adlı bu oğlan daha heç nə demədən getdi və anasının qolundan tutaraq bizim yanımıza gətirib, özü maşın dalınca yollandı.

Biz vaqonun içində idik. Aşağıda insanlar hələ də qarpız üstündə baş yarırdılar. Kimsə kolbasa-çörək gətirib paylayırdı. Əldə edə bilənlər kolbasa çörəyi gözlərinə elə təpirdilər ki, elə bil bir də olmayacaqdı. Bayaqdan bizim yaxınlığımızda oturan kişi də ağır-ağır ayağa qalxıb vaqondan endi. Qarpız paylayan maşına yaxınlaşmaq istədi. Amma nə qədər çalışdısa yaxınlaşıb qarpız ala bilmədi. Geri qayıtdı, kişinin yanaqları boyu yaş gilələnib üzü aşağı yuvarlanırdı. Bacım ona – ay dayı, qarpızdan ötrü niyə ağlayırsan, onsuz da qarpız acı doyuran deyil-dedi.


Kişi başını qaldırıb bizə baxdı, sonra çuvalının üstündə çöküb cibindən dəsmalını çıxartdı, gözlərini sildi və - qızım, qarpız üçün ağlamıram – dedi:

“Mən illərdi ki, özüm qarpız əkib becərirəm, bir dəfə də onu bazara çıxardıb satmamışam. Bizim kəndin yuxarısı “Qara dərə” adlanan yerdə yaxşı qarpız bitir, dadından da doymaq olmur. Orda mənim sahəm var, qarpız da əkirəm. Elə-belə ailəm, qohum-əqrəba üçün. Bütün Bakıdakı qohumlarıma da göndərirəm hər il o qarpızlardan. İndi məni yandıran odur ki, orda qarpızlarım yiyəsiz qalıb, burda özüm bir qarpız üçün kiminsə başını yarıb keçməliyəm, yoxsa mənə çatmır”.


Sərdar gəldi, əlində kolbasa çörək, doğrayıb qoydu ortaya, anası, bacım yedilər, mənim boğazımdan tikə keçmirdi. Elə bil tıxac vardı boğazımda, yalnız ağlayırdım. İnsan üç gün, üç gecə fasiləsiz ağlayırsa boğazından çörək keçər, yox. Sərdar – ye, deyə mənə sarı uzatdığı buterbrodu alıb bayaqkı kişiyə uzatdım. Sonra da kişinin onu necə yeməsinə baxıb yenə ağladım. Axırda bacım acıqlandı mənə, “bəsdir ağladın”-dedi-bir şey fikirləş, çıxaq burdan:

“Deyirlər qatarın o tərəfindən Bakıya avtobuslar çıxır, amma hamını götürmürlər, yalnız Bakı qeydiyyatı olanlar gedə bilər”.

Özümdən kiçik bacımın məzəmməti məni ayıltdı elə bil. Sərdara - əmimə də deyim birlikdə o avtobuslarla gedək-dedim. Sərdar başını qaldırmadan –dayan-dedi:

“Əmin bayaq ilk avtobusla Bakıya getdi”. Bu sözü əmimin yerinə xəcalət çəkdiyindən üzümə baxmadan deyən Sərdarın dilindən eşidib hansı hallar yaşadığımı heç bir söz ifadə edə bilməz. Bu günə qədər əmimi bağışlaya bilmirəm, Sərdara isə bizə elədiyi yaxşılığa görə minnətdarlığım tükənmir. Mənim xahişimlə poçta gedib qardaşıma zəng eləyərək vaqeəni ona danışdı. Sonra özü maşın tutub anası ilə bərabər bizi də Bakıya çatdırdı. Verdiyim yol pulunu götürmədi Sərdar...

Tələbə yataqxanamızda Şuşa, Laçın qaçqınları məskunlaşmışdılar. Bizim otağımız, əşyalarımız hamısı onların idi artıq. İtirdiklərinin müqabilində heç nə olan əşyaları onlardan geri istəyə bilməzdim.

Qardaşımın evinin açarı məndə idi. Qapını açıb içəri keçdik. Qonşu dedi ki, Üzeyir sizin arxanızca İmişliyə gedib. Yazıq qardaşım, axşama yorğun, həm də dəli vəziyyətdə evə gəlib çıxdı. Ona kimsə bizim bir oğlanla Bakıya getdiyimiz demişdi. O, həm kənddən, həm də bizdən nigarançılıq çəkməkdən insan sifətindən çıxmışdı. Qucaqlaşıb ağladıq, ağlaya-ağlaya ona əmimin hərəkətini də danışdım, anamgildən xəbərsizliyimi də. Qardaşım Hərbi Dəniz Qüvvələrinin zabitidir. Dedi ki, Müdafiə Nazirliyindən öyrənmişəm, Füzuli işğal olunub, bizim tərəflərdə də döyüşlər gedir. Sabah özüm ora silah aparmalıyam.


Gecə mətbəxdə oturub bütün olanları gündəliyimə köçürdüm. Radioda türk müğənnisi oxuyurdu:

Hava nasıl oralarda üşüyormusun,
Qar yağıyor saçlarıma bilmiyorsun...

Digər yazılar:

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

# 6047 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #