Şekspirlə çay içmək üçün sinov gedirəm – Qorxmaz Quliyevdən SİTATLAR

Şekspirlə çay içmək üçün sinov gedirəm – Qorxmaz Quliyevdən <span style="color:red;">SİTATLAR
7 sentyabr 2017
# 14:01

Kulis.az professor Qorxmaz Quliyevin sənət və ədəbiyyat barədə qeydlərini təqdim edir.

***

Fikrimcə, tənqidçi ilə ədəbiyyatşünas arasında fərqi ən yığcam şəkildə belə ifadə etmək olar: tənqidçi - m ə n mətni öyrənirəm; ədəbiyyatşünas - mən m ə t n i öyrənirəm.

***

Kommunikasiyanın zəruriliyi ilə bağlı Umberto Eko söyləyirdi: "Nə üçün insan nəql edir? Məhz ona görə ki, o hər şeyi vahid baxışla (Allahdan fərqli olaraq - Q.Q.) ehtiva etmək iqtidarında deyil. Elə şeylər var ki, insanın onlardan xəbəri yoxdur, lakin onların haqqında bilmək və danışmaq zəruriyyəti hiss edir. İdrak qabiliyyətlərimizin çatışmazlıqları kommunikasiyanı bizim bildiklərimizlə bilmədiklərinizin bir-birini əvəzləməsinə çevirir... Kommunikasiya mənim hər şeyi bildiyimə görə yox, mənə naməlum olanlardan ötrü mövcuddur".

***

Derridanın dekonstruksiya düşüncə üslubu əslində mətndə müəllifin demək istədiklərinə, müəllifin iradəsinə rəğmən öz ifadəsini tapanlara, oxucu anlamına əsaslanan hər üç oxu tərzindən prinsipial imtinadır. Bu, alimin ümumiyyətlə varlıqdan (mətndən) imtinasına əsaslanır, yəni dekonstruktivist oxu üçün mətn zəmin yox, total imtina, total destruksiya obyektidir. Bununla bağlı Derrida yazırdı: "Heç bir element digər elementə istinad etmədən fəaliyyət göstərə bilməz. Bu cür pərçimlənmə nəticəsində hər bir element zəncirin, yaxud sistemin elementlərinin onda öz əksini tapan izi əsasında qurulur". Bu isə o deməkdir ki, mətni təşkil edən elementlər real deyillər, izdirlər, izin izi, kölgənin kölgəsidirlər. Buna görə də dekonstuktivist "şərh"də mətn tamamilə yoxa çıxır. Mətni sözdə yox, əməldə dekonstruksiya etmək istəyənlər bunu nəzərə almalıdırlar.

***

Çox güman ki, ideal şəkildə hər bir mətni iki cür oxumaq olar: 1) mən mətndən yalnız müəllifin demək istədiklərini; 2) mən mətndə müəllifin nəzərdə tutmadığı, onun niyyətinə rəğmən öz əksini tapmış mənaları üzə çıxarıram. Lakn bu ikinci oxu tərzini "simptomatik" kimi səciyyələndirirdi. Yəqin ki, "düzgün (ideal) mütaliə" bu iki oxu konsepsiyasının qovşağında, görüş yerində formalaşa bilərdi. Lakin a) real oxu prosesində mətndə öz əksini tapmış bu iki obyektiv məna arasında dəqiq sərhədi müəyyən etmək müşkül məsələdir; bundan ötrü oxucu "müəllifləşməlidir". Yalnız bu halda müəllifin mətndə nəyi əks etdirmək niyyətində olduğunu, nəyin isə onun iradəsinə rəğmən mətnə daxil olduğunu müəyyən etmək olar. Bu isə prinsip etibarilə mümkün deyil, çünki oxucu kənardan, özü də öz "nizamnaməsi" ilə mətnə daxil olur, mətnə yuxarıda göstərilənlərə öz anlamını da əlavə edir. Hər bir oxu əslində "it yiyəsini tanımır" prinsipi əsasında gerçəkləşir.

***

Tamamilə özəl fikrimdir, ədəbi hadisələrə ancaq mənim şəxsi münasibətimi ifadə edir və məndən ötrü heç bir aksioloji məna kəsb etmir. Mənə elə gəlir ki, iki cür dahi sənətkar var: dünyaya - özləri də, yaratdıqları obrazlar da bütün zamanlara və məkanlara, bütün insanlara açıq sənətkarlar və dünyadan təcrid olunub özünə qapanmış sənətkarlar. Məsələn, mən hər zaman M.Lozinskinin tərcüməsində "İlahi komediya"dan - onun misli görünməmiş mürəkkəb və harmonik simvolikasından həzz alıram, onun Beatriçaya misli görünməmiş gərgin və dayanıqlı məhəbbətinə heyran oluram. Dantenin bu əsərdə dolayısı ilə öz əksini tapmış keşməkeşli həyatı mənim canlı emosiyama səbəb olmur, onun Beatriçaya məhəbbəti də məni ehtizaza gətirmir. Bütün dediklərim Füzulinin Məcnununa da aiddir. Mənə elə gəlir ki, əgər səhraya gedib onun tənhalığını, Leyli ilə bağlı meditasiyasını pozsaydım, o daşı götürüb başımı yarardı. Amma hərdən Hamletlə, Kral Lirlə, bir də Kefli İskəndərlə oturub dərd-sərimi bölüşmək elə keçir ürəyimdən! Şekspirlə və C. Məmmədquluzadə ilə bu isti yay günü çay içib söhbət etmək üçün sinov gedirəm.

***

Sartrın "İnsan azadlığa məhkumdur" tezisində azadlığı antinomiyası vurğulanmışdır: insan bir tərəfdən mütləq azaddır ("a z a d l ı ğ a məhkumdur"), digər tərəfdən bütün digər canlılar kimi mütləq məhkumdur ("azadlığa m ə h k u m d u r"). Həqiqətən də insan ruhən tam azaddır. Bununla bağlı mənə tarix boyu insanların öz əqidələrindən dönmələrinə saysız-hesabsız misallar gətirməyin. Mən də əlavə edə bilərəm. "Qışda bütün ağaclar yarpaqlarını tökür" müddəasını bircə həmişəyaşıl ağacı nümunə kimi təqdim etməklə rəf etmək mümkün olduğu kimi Sokratın məslək naminə zəhər dolu badəni başına çəkməsi insan ruhunun mütləq azadlığını sübuta yetirmək üçün kifayət edər. Həqiqətən də insan ruhi varlıq kimi azaddır, cismani varlıq qismində "kölə"dir. Ruhi varlıq kimi insanın azadlığı yalnız yaradıcılıq prosesində özünü büruzə verir. Lakin burada da azadlığın dərəcələri mövcuddur. Belə ki, təbiət elmlərində yaradıcı şəxs öz predmetinin köləsidir. Hətta böyük Eynşteyn də işıq sürətinin xassələrinə pərçimlənmişdir. Bu baxımdan bədii yaradıcılıq mütləq azadlığın yeganə sferasıdır; hansı mövzuda istəyirsən yaz, hansı üsullardan istəyirsən istifadə et! Lakin sənətkarın problemləri yaradıcılıq prosesi bitəndən sonra başlayır. Əlahəzrət oxucu onun ilk opponenti kimi çıxış edir. Onun "xoşuma gəlmədi" hökmü sənətkarı ya susmağa, ya da istehlakçısına uyğunlaşmağa vadar edir. Bədii yaradıcılığın mütləq azadlığının təsir gücünü şüurlu, yaxud sövq-təbii hiss edən hakim dairələr müxtəlif yollarla sənətkarı ələ almağa cəhd göstərmişlər. Ədəbi fikir tarixində yazıçıları sistemli şəkildə üç "əhliləşdirmək" cəhdinə təsadüf olunur: Mesenat var-dövlətə şirnikləndirməklə, Rişölye "əzəli-əbədi" estetik qanunları qəbul etdirməklə, Stalin isə sadəcə olaraq yasaq qoymaqla yaradıcının mütləq azadlığını əlindən almağa çalışmışlar. Bu sonuncu "əhliləşdirmək" cəhdin yaratdığı fəsadları - misli görünməmiş repressiyalar dövründə insanların özlərini aparmaqları ilə bağlı öyüd-nəsihət verməzdən əvvəl Xristosun Mariya Maqdalenanı daş-qalaq etmək istəyənlərə müraciətini xatırlatmaq istərdim: "Qoy günahsızlar daş atsın!". Amma bu da bir həqiqətdir ki, yazıçı bütün təzyiq növlərinə baxmayaraq "yox!" deməlidir - bu onun alın yazısıdır. Bu baxımdan təəssüf ki, bizim Platonovlarımız, Bulqakovlarımız, Pasternaklarımız olmayıb.

***

Haydeggerlə Ekonun dilin təbiəti ilə bağlı intellektual görüşündən aldığım həzzi dostlarımla bölüşmək keçir ürəyimdən: "Bəzilərinin "siqnifikativ" (məna - Q.Q.) zənciri" adlandırdıqlarını strukturlaşdırmaq mümkün deyil, çünki bu zəncirin özü istənilən strukturun mənbəyidir. İnsan "dildə yaşayır", varlığın hər bir anlamı dil vasitəsilə nəql olunur. Deməli belə çıxır ki, heç bir elm dilin necə fəaliyyətdə bulunduğunu izah etmək iqtidarında deyil, çünki biz yalnız dil vasitəsilə dünyanın necə fəaliyyət göstərdiyini dərk edə bilirik". Deməli dilin fəaliyyətinin sirri insan tərəfindən Varlığın dərki yolunda Tanrının yaratdığı dəf olunmaz maneədir, keçilməz uçurumdur.

Image result for Qorxmaz Quliyev kulis.az

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #