Sürgünlərin cənnəti - Qismət Romadan yazır

Sürgünlərin cənnəti - Qismət Romadan yazır
5 avqust 2024
# 16:08

Kulis.az Qismətin Roma haqqında essesini təqdim edir.


Qədim deyimdir: əgər yolun hələ Romadan düşməyibsə, özünü yola düşmüş sayma. Romantik şair Şelli Romaya "sürgünlərin cənnəti" deyirdi. Şelli də, Con Kits də ömürlərini cavan yaşda orada başa vurublar. Viktoriya dövrünün məşhur ingilis şairi Robert Brauninq yazırdı ki, əgər ürəyimi yarsanız, orada "İtaliya" yazıldığını görəcəksiniz. İtaliyanın cazibəsi elə-belə, əsassız, macərapərəstlikdən doğan məsələ deyildi. İntibah İtaliyada başlamışdı və iki yüz il boyunca Avropaya yayılmışdı. Avropanın aparıcı ölkələri çox gec - XVI əsrdə inkişaf etməyə başlamışdılar, İtaliyada isə Roma imperiyasından bəri sivilizasiya vardı. Bütün yunan və latın mədəniyyəti Avropaya İtaliyadan paylanmışdı. Deyirlər ki, vaxtilə Oksfordu, Kembrici bitirib diplomunu alanlar birinci mütləq İtaliyaya getməliydilər. Bu, yazılmamış qanun idi; İtaliyanı görməmisənsə, təhsilin yarımçıq sayılırdı; diplomunun möhürünü universitet vursa da, dilini-dodağını hərəsi bir yandan boylanan bulaqlarıyla, gözlərini hər daşı tarix olan küçələriylə, ürəyini və təfəkkürünü xəyala qanad verən, zamana meydan oxuyan sənət əsərləriylə gərək Roma özü təsdiqləsin. Əlini zamanın nəbzinə qoyub indinin, keçmişin və gələcəyin ürək döyüntülərinə qulaq asmağı öyrənmək üçün gərək seçimlərin, haçalanan yolların, qapıların və açarların tanrısı olan, biri üzü girişdə səninlə salamlaşan, o biri üzü çıxışda vidalaşan iki üzlü Yanusun vətəninə üz tutasan - bütün yolların gedib çıxdığı yerə...

Səyahət anonimləşməyin azadlığıdır, qayğıları müvəqqəti mötərizəyə almaqdır, foto olmaq üçün səni gözləyən mənzərədə öz yerini tutmaqdır, könüllü azdığın labirintdə qoxuların gözügörünməz Ariadna ipiylə çıxışı tapmaqdır, yorğunu gümrahla dəyişdirmək cəhdidir, ayıq sərxoşluqdur, düzxətli günlərin dairəyə çevrilməsidir, göylərə "a" hərfi səpələyən karusel fərəhidir, adamı qəfil tutan vertiqodur.

Romaya çatmağa bir saat qalmış təyyarədə bir nəfərin ürəyi getdi. Özünə gələndə başına yığışan stüardlar, stüardessalar, təyyardəki iki həkim - heç kəs heç nə anlamadı; adamın nə təzyiqi, nə də ürəkkeçməsi vardı. Özü də dedi ki, heç vaxt belə şey olmayıb, əhvalım da yaxşı idi. Həyat yoldaşım İlahə də, bizimli bir sırada oturan, təyyarə hərəkətə düşən kimi "Bu Gürcüstana getmir ki?" deyə soruşan həyəcanlı yeniyetmə də, arxa sırada uşağına danışası nağılı qurtaran valideynlər də - hərə bir versiya dedi, hamısı da özünə görə ağlabatan idi. Mənimsə fikrimdən keçdi ki, bu, deyəsən, İtaliyada hamımız gözləyən "Stendal sindromu"nun göydəki anonsudur.

Stendal XIX əsrdə İtaliyada, xüsusilə Florensiya şəhərindəki Santa Kroçe bazilikasındakı (Makiavelli, Qaliley burada dəfn olunub) Ciotto di Bondonenin freskalarını görəndə dərin emosional ovqata düşmüş, bir müddət kəskin ürək döyüntüsündən, başgicəllənməsindən əziyyət çəkmişdi. Özü bu barədə "Roma, Neapol, Florensiya" kitabında yazıb. Ötən əsrin 70-ci illərində italyan psixiatr Qraziela Magerini turistlərin hamısında oxşar simptomları müşahidə etdikdən sonra bu halı "Stendal sindromu" adlandırıb.

Romaya gecə çatdıq, ancaq şəhər bizi oyaq qarşıladı. "Rubikonu keçən" kimi başa düşdük ki, bu şəhərin gecəsi də diridir, qaynardır. Otelimiz İtaliyaya səyahət edən əksər turistlərin seçdiyi nöqtədə - dünyaca məşhur "Stazione di Roma Termini" (Termini vağzalı) tərəfdə idi. Termini İtaliyanın digər şəhərləriylə yanaşı, Münxen, Cenevrə, Vyana kimi şəhərlərə gündəlik reysləri olan Avropanın ikinci böyük vağzalıdır. "Termini" elmi dildə istifadə etdiyimiz "termin" (terminus) sözünün cəm halıdır, "sərhəd, yığcamlıq, son hədd" deməkdir. Roma mifologiyasında Terminus "sərhədlərin tanrısıdır", hər il 23 fevralda onun şəninə "Terminalia" adlı şölənlər keçirilərmiş. İllər boyu içimə yığdığım sözlərin və əhvalatların vətənində bunları düşünə-düşünə yuxuya getdim.

İtaliya adamın ölçü hissini, miqyas anlayışını dəyişdirir, genişləndirir, hər addımda hiss edirsən ki, bir vaxtlar burada böyük imperiya olub.

Roma dairəvi piazzalar (meydanlar), dəyirmi pizzalar, hamını mərmərdən abidələrlə mötərizəyə alan fantastik şəhərdir. Buradakı ilk səhərimizdə yolumuzu hamı kimi əvvəlcə Kolizeydən saldıq. Bu oval şedevr, qədim amfiteatr Flavi sülaləsinin sifarişiylə tikilib, ona görə də ikinci adı "Flavi amfiteatrı" adlanır. Kolizey (mənası "nəhəng" deməkdir) romalılara etrusklardan qalan bir ənəni - qladiator döyüşlərini nümayiş etdirmək üçün tikilib. Deyilənə görə, təxminən, 50 min tamaşaçı tutumunda olub, bu mənada çağdaş stadionların, musiqi saraylarının da əcdadıdır. Roma təpələrdən ibarətdir, Kolizey də Oppio-Palatino təpələrinin arasında, əfsanəvi imperator Neronun sarayı "Domus Aurea"dakı süni gölün üstündə tikilib. Kolizeyin 80 fərqli girişi olub və 24 min kvadratmetrlik ərazidə inşa edilib. Bu gün milyonlarla turistin bilet alıb sıra gözlədiyi bu əzəmətli tikili vaxtilə sonu ölümlə bitən yarışların, edamların, insanla insanın, insanla vəhşi heyvanın döyüş məkanı olub. Kolizeydən bir siqaretlik məsafədə başqa bir açıq hava muzeyini - Roma Forumunu görmək olar. Bura vaxtilə ticarət mərkəzlərinin, pritonların, bir sözlə, hər cür sövdənin baş tutduğu məkan olub. Qədim çağlarda zaman-zaman lənətlənən bu məkanlar bu gün də Romaya qazandırır. Məsələn, Kolizey yuxarıdan baxanda azman, nəhəng daşdan bir pizza kimi, hələ də hamının ağzını sulandırır.

Romada hər yerdə çeşmələr var və bütün turistlər mədəni şəkildə, sırayla bu içməli sudan plastik qablara doldurub yollarına davam edirlər. Roma Forumundan şəhərin əsas simvollarından olan Trevi Fəvvarəsinə tərəf gedərkən, bir-iki qurtumluq məsafadə qarşımıza Birləşmiş İtaliya krallığının ilk kralı olan II Vittorio Emanuelin şərəfinə saf mərmərdən tökülmüş abidə çıxır. Hə, deməli, Roma eynilə Yanus kimidir, bir üzü antik şedevrə baxır, bir üzü XIX əsr abidəsinə.

Romada addımbaşı adamın qabağına kiminsə irili-xırdalı heykəli, abidəsi çıxır. Yaxınlaşıb baxırsan ki, ya hansısa hökmdardır, ya da hansısa sənətçi, memar... Şəhər açıq hava altında muzeydir.

Mətbəxləri bizimkinə baxanda daha minimalistdir, bir neçə yeməyin versiyalarıdır. Pizzanın vətəni Neapol olsa da, Romada da ona xüsusi, müzakirə qəbul etməyən münasibət var. Məsələn, bir dəfə pizza sırasında qulaq misafiri olduq, bir alman turist satıcıdan soruşdu ki, hansı pizzanı məsləhət görürsünüz? Satıcının dodağında istehza gəzişdi, qayıtdı ki, pizza elə pizzadır, onun üstünə nəyi qoysanız, dadlı olacaq. Vəssalam.

Romada, az qala, 200 ildir dondurma hazırlayan xırda, ancaq məşhur məkanlar var. Qapılarında uzun növbələr olur. Ümumiyyətlə, Romadakı restoranlarda, kafelərdə belə bir qayda var: əgər ayaq üstə yemək istəyirsənsə, qiymət başqadır (daha ucuz), oturmaq istəyirsənsə başqa (bir neçə avro baha).

Şəhərin nəqliyyat sistemi mükəmməldir. Bu qədər turist axını qarşısında heç nə axsamır, metro da, tramvay da, taksilər də dəqiq işləyirlər. Yol işarələri elə dəqiq, elə əhatəli və aydın ifadə edilib ki, italyanca bilmədən də istədiyin yeri tapa bilərsən.

Dünya mədəniyyətində İtaliyanın iki şəhəri həyatı və ölümü təmsil edir: Roma həyatı, Venesiya ölümü. Roma sözü tərsinə oxunanda "amor" alınır, yəni sevgi. Roma sevgi şəhəridir, bunu ən çox Trevi Fəvvarəsinin ətrafında hiss etmək olur. Dünyanın hər yerində romasevərlər, amor-pərəstlər, sevgililər bu fəvvarənin yanına can atırlar. Trevi Fəvvarəsi (Fontana di Trevi) Papa XII Klementin məşhur heykəltaraş Nikola Salviyə sifarişidir, ancaq Salvidən sonra da onun üstündə digər sənətkarlar işləyib. Trevi - "üç yolun kəsişməsi" deməkdir, lakin bu fəvvarəyə "Məhəbbət çeşməsi" də deyirlər. Fəvvarənin tən ortasında dənizlərin tanrısı Okeanusun (Neptun) heykəli var. Burada suyun əhliləşdirilməsi motivi işlənib, iki at - biri sakit, digəri hərəkətdə təsvir edilib, yəni suyun dəlisov və ram edilmiş halları. Fəvvarənin sağ tərəfində "Sağlıq", sol tərəfində isə "Bərəkət" heykəlləri var. Əfsanəyə görə, bu fəvvarənin tarixçəsi susuzluqdan əldən düşmüş əsgərlərə suyun mənbəyini göstərən bakirə qızla bağlıdır. Trevi Fəvvarəsi xeyli məşhur bədii filmdə yaddaşlara həkk olunub; məsələn, Odri Hepbernin şahzadəni oynadığı "Roma tətilləri", Federiko Fellinin unudulmaz "Şirin həyat" filmlərində.

Trevi fəvvarəsiylə bağlı məşhur bir inanc da buranı turistik cazibə mərkəzinə çevirib. İnanca görə, əgər bu fəvvarəyə bir qəpik atsanız, Romaya təzədən qayıdacaqsınız, iki qəpik atsanız, bir italyana aşiq olacaqsınız, üç qəpik atsanız isə sevdiyiniz adamla evlənəcəksiniz. Bunun da qaydası var, qəpiyi arxanı fəvvarəyə çevirmək şərtiylə, sağ əlinlə sol çiyninin üstündən atmalısan.

Romada birinci xərclədiyim söz yupyumru "moneta" oldu.

(Ardı var)

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

# # #