Kulis.Az Qismətin iki yeni şeirini təqdim edir:
Sendviç
Yadıma gəlir,
babam ölən kimi
dayım babamın qara Volqasını
dəyər-dəyməzinə satmışdı.
İndi həmin Volqa Yasamal məzarlığında
ucaboy bir məzar daşıdı.
Kişinin ili çıxmamış mən aşiq olmuşdum
qonşunun qızına.
Mustafa Subhi küçəsində
dayanıb onu gözləməkdən
bütün söyüşləri əzbərləmişdim.
İndi də yadımdadılar...
Turbo saqqızları vardı,
seqa kompüterləri,
İbrahimin mahnıları...
Roberto Bacio çoxdan
penalı çölə vurmuşdu,
Maradona narkoman olmuşdu,
Tayson qulaq dişləmişdi...
Aralıqda şayiə gəzirdi :
dünya dağılacaq !
Mənsə fikirləşirdim :
dünya dağılsa da,
qonşunun qızına sözümü deməliyəm...
Bank reklamlarında pul görürdüm,
arada yuxu da.
Mədəmə hansı sualı versəm,
ciblərim tez dillənərdi : dönər !
Qapımıza qoyulan qəbzlərdən öyrənmişdim
ciblərimin sözünə baxmağı.
Bir iyul axşamı
Axundov bağında
o qız rəfiqələriylə danışırdı.
Gözlərimə tapşırmışdım gözlərini əzbərləsinlər,
qulaqlarıma əmr eləmişdim sözlərini.
Görürdüm, eşidirdim,
gülürdü, danışırdı, deyirdi :
"Zəhləm gedir dönərdən, çuşkalıqdı,
amma sendviç başqa məsələ..."
O iyul axşamında
içimdəki ümid ayağa durub
qoca bir çarəsizliyə yer verdi,
bütün krossvordlarını həll elədim ürəyimin.
Düz bir həftə sonra
guya təsadüfən rastlaşdıq.
Topal cümlələr qurdum, əlil ifadələr...
Birtəhər anlatdım dərdimi.
Dedim bəlkə axşamüstü görüşək,
deyəcəklərim var, sendviç də yeyərik...
Gülümsədi. "Bağışla", - dedi,
"indicə sendviç yeyib gəlmişəm,
R. dəvət eləmişdi..."
İndi nə vaxt sendviç alası olsam,
satıcı qızlar soruşur : acılı ketçup ?
"Olsun" - deyirəm,
"mən sendviçlər yemişəm ki,
içində gülümsəmək olub,
acılı ketçup nədir ki ?!"
Heç biri başa düşmür.
Poetika
Bütün şeirlər yazılıb, hələ yazılmamışlar da.
Ən böyük yenilik elə bunu anlamaqdı
hər dəfə təzədən.
Mən hansı sözə dil buladımsa, hansı kəlməyə
həmişə bu sözistanda kiminsə dil izinə rast oldum.
Bu dil izləri - bu söz ləpirləri, qəribəydi, çox qəribə
ürək döyüntülərinə bənzəyirdi, kardioqrammaya.
Təkcə ürəyəmi ? Yox, əlbəttə, yox, onlar - o izlər
beyin qırışlarına da oxşayırdı, düşüncə xəritəsinə...
Şeir yazmaq təraş olmaqdı, təraş olursan, olan kimi -
aynaya özünə, üzünə baxırsan uzun-uzun;
Baxırsan və görürsən ki, təzəsən, fərahsan, yenisən,
amma həm də dünənkisən, əvvəlkisən, köhnəsən.
Üzün yenidən tüklənənəcən, yəni yeni şeirlə dolanacan için
kimsənsə, nə cürsənsə, o cürsən həmişə.
Bircə fərqlə - yenidən təraş olmalısan, olmalısan ki,
ən azı təraş olanla tüksüzün fərqi görünsün.