Qan Turalının yeni kitabından yəqin hələ çox yazılacaq. Bəndəniz kitabın redaktoru olsa da, əslində, özünü redaktordan çox, ilk oxuculardan biri hesab edir. Kitabın üzərində 5-6 ay zərrəbinlə işləyib, sözsüz ki, min cür redaktə işləri aparmaq olardı. Mən şəxsən indiki zamanda çox cilalı, ideal dil yaratmaq cəhdlərini lüzumsuz hesab edirəm. Tutalım, iki cümlə əvvəl "kitabın üzərində..." yazdım, bunun yerinə "mətnlər üzərində", yaxud "esselər üzərində" də yazmaq olardı. Çünki nə qədər ki, kitab çapdan çıxmayıb, o hələ kitab yox, mətndi, lakin bu qədər xırdalıq mənə indiki zamanda artıq görünür. Reyes məşhur diaqnozu həmişə özünü doğruldur : "Biz mətnlərimizi ona görə tez çapa veririk ki, sonsuz redaktə işlərindən canımız qurtarsın".
Mətləbi nəyə gətirirəm, Turalın kitabındakı ( görürsünüz, artıq rahatlıqla kitab deyirəm) esselərin hamısında dil baxımından bir ortaq cəhət var : ən qəliz mətləbləri belə mümkün qədər sadə formada ifadə etmək. Tural Marksı xatırlayanda da, Fatih Akının filmindən yazanda da, 90-cı illərin nostalgiyasını saf-çürük edəndə də, incə sevgi miniatürləri quraşdıranda da, eyni dərəcədə anlaşıqlı, sadə dillə yazır.
Üslubi baxımdan daha çox usta türk yazarlarından bəhrələnən Turalın mətnlərini oxuya-oxuya özüm üçün, əslində elə bu yazının qeydlərini götürürdüm. Tural köşə yazarlığına xas bir maneradan həmişə istifadə edir: demək olar ki, hər cümlə yeni abzasdan başlayır. Dilin qanunlarına görə bu paradoksal görünə bilər. Bu barədə mənim qənaətim belədir ki, Tural üçün təkcə hər cümlədə yeni fikrin olması yox, eləcə də hər cümlədə yeni emosiyanın olması önəmlidir. Hər cümlə özündən əvvəlki cümlənin ovqatının davamı kimi görünə bilər, əslində bu esselərdə hər cümlə başlı-başına yeni bir hissdir. bu mənada, bir az qroteskləşdirsək, belə demək olar ki, kitabdakı esselərin əksəriyyəti (hamısını demirəm ) hər cümləsi bir esseyə bərabər yazılardı. Bir az Can Dündarın üslubunu xatırladan bu üslub hardasa haykularla da qohumdur.
Nəhayət mənim üçün bu kitabın ən önəmli özəlliyi onun tematik, konseptual bir kitab olmasıdır. Bizdə konseptual kitablar azdı, xüsusilə esselər kitabı demək olar ki, yoxdur. Yaxın illərdə çap olunan ən konseptual kitab yəqin ki, Səlim Babullaoğlunun "Ədəbi söhbətlər" kitabıdır. Səlim bəyin kitabı esselər toplusu olmasa da, mənə görə hələlik son illər yazılmış ən konseptual kitab idi. Turalın "Polis qorxusuyla öpüşmək" kitabı bu sıranı bir az genişləndirdi.
Kitaba olan reaksiyaları izləyirəm, deyəsən "Polis qorxusuyla öpüşmək" artıq "ictimai asayişi pozur".
Polis qorxusuyla öpüşmək
7 noyabr 2012
10:36
3089 dəfə oxunub