Kafka - “Ən yaxşı hekayəmiz”

Kafka - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
31 mart 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri mdərgimizdə yayımlayırıq. Siyahıya əsasən Qan Turalının «Kafka» hekayəsini təqdim edirik.

Elçin Səlcuqun həmişə diri qalacaq xatirəsinə ithaf edirəm

- Gəl, sağollaşaq.

- Nə sağollaşmaq? Araqdan yüzcə qram içməmişik heç.

- Sağlıqlaşaq demək istəyirəm. Qısaltmışam.

- Necə olur o.

- Sən bir sağlıq deyirsən, birini də mən. Kimin sağlığı tez qurtarsa pivəni də o alır.

- Sağlıq deməyə nə var e. Bir-bir sevdiyim yazıçıların, aktyorların, dostlarımızın sağlığına deyərəm də sabaha qədər. Hələ “valideynlərin”, “içəridə oturanların”, “özü burda olmayıb ürəyi burda olanların” sağlığını demirəm. “Öz sağlığımıza”nı demirəm.

- Elə demirəm. Hərəmiz gözəl bir cümlə deyəcəyik. Özü burda olmayıb könlü burda olan nədi? Söhbət orijinal sağlıqlardan gedir. Mən başlayıram, özün başa düşəcəksən.

- Başla görüm nə deyirsən...

- İçək ilk sevgimizi elan etdiyimiz, indi isə iki uşaq anası olan qızların sağlığına...

- Hə, başa düşdüm.

- İndi sən de.

- Qoy, fikirləşim deyəcəm.

- Fikirləş.

- İçək, kitab mağazalarında pullarını sayanların sağlığına.

- Gözəl. Söhbəti tutdun.

- İndi sən de.

- Bir dəfə gecəyarı Yasamalda, universitet tərəfdə bir çayxanaya getmişdim. Gördüm üç oğlan gəldi, kafenin lap küncündəki stollara çıxdılar, üstlərini adyalla örtüb yatdılar. İçirəm o stolların və “lişni” o oğlanların sağlına. Orda bir başqa adam da vardı, onun sağlığını qəsdən qatmıram bura.

- Niyə ki?

- Basıb-bağlayırdı ki, Antalyadan təzə gəlmişəm, “Hyatt Regency”də otağım var, özüm bura gəlmişəm, deyirdi ki, indi oteldəkilərin kefidi, otağımı başqasına veriblər. Deyirdi ki, Hammerim var, iki yerdə evim var.

- Sonra neylədi?

- Neyləyəcək? Çıxdı stolun üstünə yatdı.

- Gəl onun da sağlığına içək. Kaş bütün yalanlar onun yalanı kimi tez açılaydı...

- Və gülməli olaydı.

- Düzdür.

- İndi növbə səndədi...

- Hə, mən o qızın sağlığına içirəm.

- O qız kimdir?

- O qız yoxdu əslində. Yəni ikimiz də o qız deyəndə ortaq bir qızı düşünmürük. Sənin yadına kimsə düşürmü indi?

- Düşür, ay əclaf, niyə düşmür...

- Mənim də yadıma düşür.

- Bax, içək onların sağlığına.

- Mənim yadıma bilirsən kim düşdü? Onu keçən il kafedə görürdüm tez-tez. O qədər qəşəng bir qız idi ki. Sinəsinə baxanda adam dəli olurdu. Amma ilk dəfə onu fərq edəndə sinəsi açıq deyildi. Heç ayaqları da. Bir qırmızı köynək geymişdi, bir də şalvar. Köynəyinin üstündə bir qız şəkli vardı ki. Amma mən yenə də əclaflıq elədim.

- Neylədin?

- Yaxınlaşıb demədim ki, ay qız sinəndəki o qızdan min dəfə qəşəngsən.

- Səhv eləmisən, ay eşşək...

- Bilirsən neylədim? Günlərlə o kafedə oturub o qızı gözləyirdim. “Hərb və sülh”ü onda oxudum da elə. Qızın gizlicə fotosunu çəkdim. Sonra da qəşəng bir qırmızı köynək aldım. Üstünə fotosunu vurdurdum. Ofisiantla verdim, o da aparıb verdi qızın özünə. Mən bunu görüb çıxdım kafedən, bir daha qayıtmadım. İnandın?

- Əlbəttə ki, yox.

- Nə vaxta qədər insanların həyatlarını murdarlayacağıq e? Qoy bir qızın dünyasını ləkələmədən onu sevməyi bacaraq...

- Səndə həmişə 250 qramdan sonra özünütənqid başlayır...

- Başqalarını tənqid eləmirəm ki. Özümü tənqid eləyirəm də. Mən çoxdandır ki, başqalarını tənqid etmirəm. Başa düşmüşəm ki, başqalarını tənqid etmək əslində insanın özünü tənqid etməsidir. Yəni sən bir adamı tənqid edəndə onun kimi olmaq istəmədiyin üçün onu tənqid edirsən. Sən onun kimi olmaqdan qorxduğun üçün onu tənqid edirsən. Əslində sən öz qorxunu tənqidi edirsən. Bu qorxunu yenməlisən. Onun kimi olmamaq üçün özünü tərbiyə etməlisən. Başa düşməlisən ki, sən onu yox, potensial səni tənqid edirsən.

- Sağlıqlar yaddan çıxdı e.

- İçək.

- Nəyin sağlığına...?

- Bir qız vardı, adı da Səbinə idi. Onu sevirdim, bundan düz 16 il qabaq idi. Ona çoxlu məktublar yazdım, amma heç birini verə bilmədim. O vaxt internet yoxuydu. Heç mobil telefon da yoxuydu. Məktub yazırdım kağıza. Məktublar getdikcə artıb bir qalaq oldu. Mən o məktubları indi oxumağı çox istəyərdim. “Azərbaycan” jurnalında bir roman oxumuşdum. Sanatoriyada olan iki adam haqqında idi. Orda bir söz eşitmişdim: kompliment.

- Kimin romanı idi?

- Gözlə deyəcəm...

- Hə, buyur...

- Məktub yazanda o sözü işlətmək istədim. Amma heç cür tapa bilmirdim o sözü. Gecə idi, jurnallar da balkonda. Gedib mətbəxdən kibrit götürdüm, gedib o jurnalı tapdım. Bilirsən də adam gecə kibrit yandıranda yerinə işəyir. Bunu belə gözə aldım. O jurnaldan o sözü tapdım.

- Yazardın da bildiyin kimi...

- Qız rus sektorunda oxuyurdu axı. Qorxdum ki, mənim savadsız olduğumu görə. Mən sinfin ən yaxşı şagirdi idim. Düzdür, biz o vaxtlar savadımıza görə öyünmürdük. İndiyə baxma. Amma yenə də savadsız görünmək istəmirdim. Sözü düpbədiz yazdım, amma o sözü yazıb məktubu qoydum o biri məktubların arasına. Telefon şunurları olurdu e. Evdə olan şunurlardan yox e. Binalara çəkirdilər e, rəngbərəng. Onlarla bağladım məktubları. Səliqə ilə qatladım, sellofanla örtdüm, sonra da o nazik tellərlə bağladım. Yatanda da əlimdə yatırdım, qorxurdum kimsə onu görə. İlk yazılarım onlar idi. Amma bir az sonra onu qorumaqdan bezib kibritlə yandırdım onları.

- İndi kibritin sağlığına içək?

- Yox, o məktubların. Əsl İlyas Əfəndiyevlik mövzudur. Bir pyes yazardı, adını da qoyardı: “Yandırılmış məktublar”. Azdramada oynanılardı, baş rol da Amaliya Pənahovanın olardı.

- Qızın sağlığına içək?

- Yox, dünyada yandırılan bütün məktubların sağlığına...

- İçək e. Mən də az məktub yandırmamışam.

- Vahid müəllim demişkən, ilk qələm təcrübələrimizin sağlığına içirik onda.

- Hə, elədi.

- Bir şey də demək istəyirəm. Bunu içək, deyəcəm.

- Nuş olsun...

- Hə, mənim ilk yazdığım hekayə yadımdadı. Bir qız bir oğlanla tanış olur. Qız buna aşiq olur, bu da qıza. Cəmi bir cümləsi yadımdadı. Qız deyir ki, mən sənə görə 15-dən çıxdım. 15 məktəbin nömrəsidir.

- Axırda nə olur? Evlənirlər?

- Yox, mən uşaq vaxtından dramatizmə meylliyəm.

- Əla dedin e.

- Hə, oğlan lezva ilə damarını kəsir. Sonra lezvanı qıza tullayır. Qız da düşünmədən damarını kəsir. Ölür ikisi də.

- Elə bu?

- On yaşlı uşağın yazdığından nə gözləyirsən? Hekayədən yadımda ancaq bu qalıb. Əslində bu hekayəni gecə yazdığım yadımdadı. Bir də səhər yuxudan duran kimi anama hekayə yazdığımı deməyim. Bir də şeir yazmışdım. Amma o, başqa qız haqqında idi. Bu misraları yadımdadı: “Sən sevirsən Elmarı; O isə Harun kimidi”.

- Harun kimdi?

- Bax, bu suala görə o şeiri qıza vermədim. O vaxt oxumuşdum, Harun varlı bir adam imiş. Amma oğraş-oğraş işlərlə məşğul olduğuna görə yer yarılıb onun bütün var-dövləti yerin dibinə girib.

- Hə, maraqlıdır.

- Quranda olan əhvalatdı e bu.

- Oğlan çox varlı idi?

- Yox e, atası fəhlə işləyirdi, beş uşaq idilər. Bizdən çox kasıb idilər.

- Bəs Qarun nədi belə?

- Söhbətdi də eləyirdim. Heç dəxli yoxuydu. Ona niyə Qarun deməyim yadıma gəlmir. Xalq şairlərimiz azmı edib belə uğursuz bənzətmələri? Nə yaxamdan yapışmısan? Mənim də yox e, 10 yaşlı uşağın yaxasından?

- Zarafat eləyirəm.

- Bilirəm. Səncə biz nəyə görə çox içirik?

- Deyim sənə. İndi Taksimdə oturub stəkanı bir lirəyə olan çaydan içə-içə İstiklal Caddesindən keçən adamlara baxmaq ürəyindən keçirmi?

- Niyə keçmir?

- Ya da Monparnasda məhz Sartrın oturduğu kafedə bir qəhvə içib ekzistensializm haqda düşünmək istəmirsən?

- Ay əclaf, niyə istəmirəm?

- Bəs Nyu-Harmşirdə, Selincerin evinin qabağında gəzib bir siqaret yandırmaq necə?

- O da əla olardı...

- Bəs Vitgentşteynin qəbrinin üstündən ayrılmayan pişiyin başını sığallamağı necə?

- Pişiklərdən iyrənirəm, amma qəbrin yanında yata da bilərəm.

- Ay sağ ol. Bəs buddist monastırında iki həftəlik susmağa razısanmı?

- Susan Selinceri, Vitgenşteyni arzulayıramsa bəs niyə susmayım?

- Düzdü, bütün bunlar gözəl şeylərdi. Amma biz bütün bu şeyləri edə bilmədiyimizə görə içirik. Başa düşdün?

- Düşdüm.

- Bax, biz buna görə içirik.

- Arağımız da qurtardı. Pivəni mən alıram.

- İndi Kafkanın ev muzeyinin qabağında pivə içmək şansımız vardı. Amma biz pivəni burda içirik.

- Çağır ofisiantı.

- Bir də bilirsən nə var? Mən bir dəfə çox gözəl bir ofisiant görmüşdüm. O qədər gözəl qız idi ki. Arağın təsirindən də deyildi. Süfrəyə araq gəlməmiş kəşf eləmişdim onu. O qədər məsumuydu ki. Bilmirdi bu dünyada onu nələrin gözlədiyini. Hələ salfetka kağızına yazılan nömrələrdən xəbərsiz idi. Hələ onunla yatmaq istəyənlərin olmasından məlumatsızdı. Gəl onu sağlığına içək.

- İçək içməyinə, amma o qız vallah onları bilirdi. Bilməyən bircə sən idin.

- Doğurdan deyirsən? Onda içək e pivələrimizi.

- İçək e, nə olsun Kafkanın evinin qabağında deyilik. Bu kafe ilə üzbəüz binada da özünə görə oğlanlar olur da...

Əlyazma bu yerdə qırılır...

Avqust 2013

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #