Kulis.az Qan Turalının yazısını təqdim edir.
Əvvəllər yaxın qonşu uzaq qohumdan yaxşı idi. Qonşumuz pis idisə çarəmiz köçüb qurtulmaq idi. Ev almırdıq, qonşu alırdıq. Qonşuda bişər, bizə də düşərdi. Evdə bişməsəydi belə qonşudan gələrdi. Qonşuya gülsək başımıza gələrdi. Bütün bunlar gənc və orta nəslin ömrünə sığan münasibətlər sistemi idi. Ancaq indi qonşuluq münasibətləri xoş bir nostalgiyadan o yana getmir. İnsanlar bir çox hallarda qapı qonşusunu belə tanımırlar.
Sovet zamanında çəkilmiş filmlərin ad günü səhnələrini xatırlayaq. Hadisələr əsasən evdə baş verirdi. İnsanların qonaq qəbul etmə, görüşmə, sosiallaşma yeri ev idi. Ancaq indi ev sosiallaşma məkanı kimi sıradan çıxmaqdadır. Bunun bir neçə səbəbi var. Ən birinci səbəblərdən biri kafe-restoran sisteminin son dərəcə böyük inkişafıdır.
Amerikalılarda bir məsəl var. “Kafe ikinci evdir” deyirlər. Buna görə də insanlar daha çox kafedə, restoranda görüşməyə can atırlar İndi kimsə deyəcək ki, sovet vaxtı kafe, restoran yox idi? Var idi, ancaq bundan dəfələrlə az idi. Əlbəttə ki, əhali sayı da atıb, amma buna müqabil kafelərin, restoranların, şadlıq evlərinin sayı da artıb.
Əvvəlki dövrdə dostlar görüşmək üçün bir-birinin evinə gedirdilərsə, indi kafedə görüşmək üçün vədələşirlər. Bu son dərəcə parlaq görünən bir tendensiyadır.
Qonşuluğun da aqibəti bu cürdür, insanlar getdikcə evlərini daha məhrəm, daha intim saxlayırlar. Məşhur bir ingilis məsəlində deyildiyi kimi: “Mənim evim, mənim qalam”. Əvvəlki dövrlərdə ailələr böyük idi, bəzən üç nəsil birlikdə yaşayırdı. İndi isə nüvə ailəsi, yəni ana, ata və varsa uşaq, ya da uşaqlar...
Digər tərəfdən isə qadının cəmiyyətdəki yerinin güclənməsi də ailənin inkişaf və dəyişkənliyini təyin edir. Belə ki, evdar bir qadının yemək bişirməsi, qonşuları, qohumları evə qonaq dəvət etməsi üçün daha çox vaxtı, daha çox imkanı və daha çox həvəsi var. Ancaq müasir dövrdə Azərbaycan qadını da əmək prosesinə cəlb edilib deyə, qadının evə ayırdığı vaxt da çox azalıb.
Qadının iqtisadi cəhətdən müstəqilləşməsi uşaq sayına da ciddi təsir edir. Bu gün işləyən bir qadının 12 uşaq doğub tərbiyə ediləcəyini gözləmək absurd olardı.
Digər tərəfdən iş mühitinin gərginliyi də insanları sosial münasibət qurmaqdan saxlayır. Bura elə qonşular da aiddir. Belə ki, qanunvericiliyə uyğun iş vaxtı belə 8 saatdır. Bura yollara sərf edilən bir neçə saatı və yuxunu da əlavə etsək görərik ki, həyat rejimi insanların başqalarına ayıracağı zamanı da ciddi şəkildə azaldır, ya da ümumiyyətlə ləğv edir.
Gərgin iş günündən sonra insanlar daha çox özlərinə, həyat yoldaşlarına və uşaqlarına zaman ayırmağa çalışırlar. Hərçənd bu da kifayət etmir. Belə olan halda qonşuya gedib üç saat Putindən danışmaq məqsədəuyğun görünmür.
Evdə qonaq qəbul etmək də gərgin iş rejimində işləyən ailə üçün çətindir. Əvvəlcə evin təmizlənməsi (Azərbaycan qadınları işə buradan başlayırlar), yeməyin bişirilməsi, qabların yuyulması və bütün bunlardan sonra da növbəti gün üçün enerji toplamaq heç də asan deyil. Bütün bu cəhətləri nəzərə almadan keçmiş haqqında şirin xəyallara dalmaq isə asandır.
Həyat inkişaf etdikcə onun yeni çalarları, yeni müsbət və mənfi cəhətləri üzə çıxır. İşləməyən adamın pulu az, vaxtı çox olduğu halda işləyən adamın pulu çox, vaxtı azdır. Bütün bunlar ilk baxışdan sadə görünən ziddiyyətlərdir. Ancaq cəmiyyət inkişaf etdikcə heç bir şey keçmişdə olduğu kimi qalmır, ictimai həyata yeni nüanslar, yeni cəhətlər də əlavə edilir.
Müasir cəmiyyətlərdə insanlar daha sürətlə yalqızlaşırlar. Sosial münasibətlər getdikcə daha da azalır. Bu, bizim şüurlu seçimimiz olmaya bilər, ancaq prosesin axarı bizi bu dar dalana gətirib. Bu barədə daha sonra yazarıq.