Təbriz buna inanmaz! - Günün şeiri

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

17 noyabr 2022
# 13:40

Kulis.az Günün şeiri layihəsində Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil" adlı yazısını təqdim edir.

İnansa, Təbriz deyil.

Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı
Farsın işğalıdır bu, mollanın nə günahı,
Din adına irtica! Bu ki yalan söz deyil,
Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!
Bu yurd Türkün torpağı! İzləri itmir hələ
Əkdiyin şər toxumu göyərib bitmir hələ
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!
Təbriz sana inanmaz, inansa, Təbriz deyil!
Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan,
Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan.
Mənimki Ərdəbildi, Marağadı... Yəz deyil!
Təbrizin gözü toxdu, ac olsa, Təbriz deyil!
Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Muğana,
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!
Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin,
Əl yetsə dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz, isinsə, Təbriz deyil!
Fars türkü öz içində əritsin... Nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin – Nə vaxt olub?
Ağlayan çocuğumu kiritsin – Nə vaxt olub?
Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!
Firdovsinin sözü də tarixdən bir namədi,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm “Şahnamə”, həm də “Turannamə”di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə, Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!

2008-ci il

# 18097 dəfə oxunub

Oxşar xəbərlər

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

15:00 19 avqust 2026
"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "-  Alik Əlioğlunun şeirləri

"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "- Alik Əlioğlunun şeirləri

17:30 18 avqust 2026
"Səfeh bir eşq ucundan batıb gedirsən..."  - İlqar Fəhminin şeirləri

"Səfeh bir eşq ucundan batıb gedirsən..." - İlqar Fəhminin şeirləri

17:00 18 avqust 2026
"Məni endirməyin yerə, amandır..."  - Bəxtiyar Vahabzadənin şeirləri

"Məni endirməyin yerə, amandır..." - Bəxtiyar Vahabzadənin şeirləri

14:00 16 avqust 2026
"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

13:30 15 avqust 2026
"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

12:30 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər