Qum saatını küçəyə boşaldır bir qadın - Fərid Hüseynin şeirləri

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

10 oktyabr 2024
# 14:40

Bu gün şair Fərid Hüseynin doğum günüdür.

Kulis.az müəllifi doğum günü münasibətilə təbrik edir və onun şeirlərini təqdim edir.

Pəncərədən baxıram

Pəncərədən baxıram;

keçmişi qoxusuyla xatırlayan biri keçir,

üzündəki dünənin təbəssümü

"əlini uzadır" bu günə

və sonra xatırlayır:

"əlləri yoxdu"

və o, keçmişin salamını almır.

Bilir ki, vaxt olanları unutduracaq,

hər şey ötüb keçəcək,

bilir ki, gec-tez həqiqətin cəlladı

əllərinin qanını

onun yaddaşına sürtəcək.

Pəncərədən baxıram;

uzun bir əyləc səsi eşidilir,

kimsə özünü saxlayır

əbədi günah qəzasından,

yaddaşın qanı axır durmadan,

xatirələrin yarasından.

Pəncərədən baxıram;

qadının gözlərinə dolub deyəcəkləri,

əllərinə dolub sığalı,

görəcəkli günləri qabaqdaymış

onlu günlərin təqvimini

düzəldəndən sonra bilir

illərdə nə az gün varmış.

Pəncərədən baxıram;

qum saatını küçəyə boşaldır bir qadın -

vaxtı çölə tökür.

Daha o bundan sonrakı ömrünü

heç kəsi gözləmədən yaşayacaq,

qum saatının bu gözündən

o biri gözünə müddətsiz

tənhalıq axacaq.

Pəncərədən baxıram;

həyat dolu,

sevgiylə ləbaləb

bir qadın nəsə danışır,

maykalı bir yekəqarınsa,

ona dinləmədən,

dilinin altında deyinir,

və eyvanda çəkdiyi

siqaret kötüyünü otağa gətirib

qadının həyat eşqində söndürür.

Pəncərədən baxıram;

uşaq atasından pul istəyir,

ata əlini cibinə salır, -

uşaq sevinə-sevinə qaçır -

və onun ömrünün

istədiyini alandan sonra

uzaqlaşmaq dövrü başlanır.

Pəncərədən baxıram;

dünya gözümə

qəbiristanlıq qarovulçusu kimi görünür,

o, kimin harada basdırıldığını gözəl bilir

və onun gözlərində daim

yolların axırı görünür.

Pəncərədən baxıram;

Gecə öz kəfən pulunu

qaranlığın döş cibində gizlədib,

istəmir əcəl ayağında ondan ötəri kimsə

səhərin qapısına minnətçi düşsün.

Hər gün ölənlər gərək

yaşamağın bu yolunu seçsin.

Şükür pramidası

Bir-birinə ilişən saat əqrəbləriyik, -

sükunətdə birik, hərəkətdə ayrı.

Sən demə, çox şey elə

öz adıyla əzaba dönürmüş -

bir əzaba qoydum sən daşıdığın adı.

Ötən zaman qardaş itkisi misalı,

bütün ömrüylə yadımdadı.

Hər sevgi bir əlamətdar günmüş,

mənsə heç vaxt təqvimxasiyyət olmadım.

Sözlərin uzanıb yalan tərəfinə,

yıxılıblar bəhanə döşəməsinə.

Neynək,

heç nəyi çözələməyək,

nə yaşanıbsa bir üzü haqdı.

Vaxtın pəncərəsinə söykəmişəm yanağımı,

xəyalın gözdən itən yorğun qayıqdı.

İndi könlün qara kağızında,

bəxtin əlləriylə yadlıq xəritəsi cızıram.

Yaşaya bilmədiyimiz hər nə varsa,

Allaha bağışlamağa hazıram.

Puçluğun başının altına yastıq qoyuram,

gəldi-gedərliyə su verirəm,

havaya çıxardıram.

Həqiqətin əlləri oturduğum budağı kəsir -

ancaq özümü aldadanda sənə inanıram.

Bilmirəm,

bilmirəm,

bilmirəm hardasan...

Bildiyim odur ki,

haçansa Allahdan soruşacağım sualdasan.

Heç olmasa Tanrı müdrik cavab verməyə,

barı müəmmanın geyim otağında

həqiqətlər qiyafətini dəyişməyə.

Rənglərdən ən vəfalısı sarı imiş, -

solan rənglər hamısı sarıya çalır.

Zülmət möhürü addımlarından

sinəmdə sarı-sarı ləpirlər qalır.

Yuxuda daha tez böyüyən körpələr kimi,

uyuyan dərdlərlə,

keyləşən ağrılarla yaşa doluram.

Haçansa zamanın qəlbimə məlhəm olacağını,

nə vaxtsa unudulacağını düşünəndə

gələcəyimdən utanıram.

And olsun

And olsun gecənin bu vaxtına ki,

əsgər yarasında qurşun kimiyəm

Sizə öz dərdimi deyə bilmirəm

Quruyam, yoxsulam, qəribəm daha.

And olsun o günlərə ki,

mən öz dizimə baş qoyub yatmışam

İndi quru çay misalı

yağışlar doldurar boşluqlarımı

Ağrıdan elə ağırlaşıb canım,

Elə bil şair yox,

şair arxasınca atılmış daşam.

And olsun məni

içimdə MƏN edən PADŞAHA

O padşaha ki, göz yaşlarım da onun əsgərləridi.

Mən indi nə deyim, nə deyim ONA,

Deyimmi bu gecə, elə bu axşam

O qədər dərdliyəm

ONA deyiləsi “şükür” kəlməsindən özgə

Heç nəyim yoxdu?

Çağırış

Müqəddəs İsa,

bəzən kürək söykənməyə

bircə yer qalır insana –

o da çarmıxda.

Çəkil, çəkil o yana –

“yer ver mənə yanında”.

Əllərim alnımdan əcəl tərini silmir –

yorğun ömrün izlərini

itirməyə qıymır əllərim,

bir körpə ağacın

çarmıxa çevrilməsidir ömrüm...

İtirdim, sındırdım, atdım,

götürmədim özümlə,

insanlardan yadigar saxlamadım,

yığdım gözümü hamıdan,

mən daha sənin əllərinə vurulan

mismar səsindən özgə

heç nə aparmaq istəmirəm dünyadan...

Onurun şeiri

Paytaxt ayağıyla tələsir hamı:

Biri kefə qaçır, biri kinoya,

Qarışqa səfinə düzülüb indi

Mən də yollanıram isti yuvama.

Şeytan üzərimə torun atmamış,

Evə çatmalıyam oğlum yatmamış.

Qədəh gecələri çağırır məni,

Nəfsin üzü gülür telefonumda.

Birisə yarımçıq arzularına

Nöqtə təklif edir günün sonunda.

Razılıq qanına əlim batmamış,

Evə çatmalıyam oğlum yatmamış.

Sədd aşantək aşıb işıqforları

Bəxtimi tıxacda hər gün söyürəm,

Evə gecikəndə zəngi basaraq

Ən dadlı röyasın yarı bölürəm.

Şirin yuxusuna haram qatmamış,

Evə çatmalıyam oğlum yatmamış.

Baxıram yataqda yatmış uşağa,

Görürəm üzündə gülüşü yatıb,

Dodaqlar aralı, uzalı qalıb,

Mənə pay olmayan öpüşü yatıb.

Peşmanlıq günümə zəhər qatmamış,

Evə çatmalıyam oğlum yatmamış.

# 1143 dəfə oxunub

Oxşar xəbərlər

Yaradan püşkümü atıb - Yeni şeirlər

Yaradan püşkümü atıb - Yeni şeirlər

15:30 7 noyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
#
#
# # #