Özgəsinə ətdən yastıq oldu, mənə Vətən olan sinən – Elnazdan yeni şeirlər

Özgəsinə ətdən yastıq oldu, mənə Vətən olan sinən – Elnazdan yeni şeirlər
4 oktyabr 2021
# 17:30

Kulis.az Elnaz Eyvazın yeni şierlərini təqdim edir.

Qalxanda
təngnəfəs olmuşdular,
düşəndə zəhmət olmadı
gözümdən düşənlərə...

***
Tükdən asılan ürəklər,
kəndirdən qorxmur, adamlar...

***
Zəmanə xarab olub,
Sənsizlik baş alıb gedir...

***
Dizində baş yeri var,
yorğunam, otur, Ana...

***
Günəşi çox sevdim -
ömrümün baharın gözlədim.
Ümidlərimə fal açdım ürəyimdə
açan çiçəklərə baxıb
alça budaqlarında:
aldatdım özümü...

Gülüşü çox sevdim -
Sən güləndə.
Öz dodaqlarım da gözəldi
Sənin dodaqlarında...

Köksündə uyumağı sevdim
unudub olanı-keçəni dünən.
Özgəsinə ətdən yastıq oldu
Mənə Vətən olan sinən...

Sən əzbərləyib bitirincə
mənə gələn yolları,
mən dizlərini gözlədim:
ölümüm gözəl olsun barı...

***
Saçlarında sığalım,
sinəndə tərim qalıb.
Çətin unudacaqsan,
Səndə öz yerim qalıb.

Yum gözünü, yaxşı bax,
yaddaşının küncünə:
ömürlük xatirəm var…
Əllərim Səndə qalsın,
yıxılsan kim qaldırar?!

***
Ömrü yarı elədim,
ürəyi yara.
İtirməyə zamanım yox,
axtarmağa həvəsim.
Baxma heç kimin sözünə,
"nə deyər"lər yıxdı bizi
içimizdəki arzulardan.

Bir dəfə də biz deyək:
"Axı sizə nə???"
Gözlərimdən susduqlarım
tökülür,
gəl başımı qoyum dizinə...

***
Günəş çıxanda
daha çox üşüyürəm.
Ürək fəsil tanımır...

***
Dodaqlarım gözəl gülür
güləndə .
Adamın Allahı var,
gözlərim də gülə bilir -
Sən onları güldürəndə...

***
Yenə Sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!

***
İlahi, bir qucaqlıq
yer ola yanında, bəlkə…

***
Səhərə "tezdir" deyərsən,
günortaya "nahar çağı".
Axşamüstü düşünərsən,
bəlkə, gedəsi yeri var,
ya da, bəlkə, bir qonağı...

Axşam düşər, deyərsən ki,
gün uzundur, Adam yorğun.
Amma yenə gözləyərsən,
gözləyərsən...gecə düşər,
xəyalların göy üzündən
heçə düşər.

Ümidlərin yatar, ölməz
baxıb hər çəkdiyin aha.
Hələ uzun bir gecə var
qarşıdakı sabaha...

***
Gözlərimdə gizlədərdim Səni mən,
qorxuram ki, qaranlığa düşərsən...

***
Mən bir kəpənəyəm,
rəngbərəng qanadlarım vardı,
Qaranlıqda işıq kimi yanardı:
söndürdülər, Adam.
O gündən sonra itirdim ümidimi.
O gündən sonra
rənglərə yadam...

İndi yarasa kimi çırpıram özümü
işıqlara.
Bu rəngsiz qanadlarımı
boyayacağına inandırıb yandırma.
Üç günlük ömrüm var,
onu da Sən qırma...

***
İlahi, bu ürəklə
Uzağa getmək tələdi.
Kürəyimdə daşıdığım
hörük deyil ki,
şələdi...

***
Bir misralıq canım var,
o da ki, bircə sözlük.
De... gedim yaşamağa...

***
Xeyli çətin oldu,
həm də nəşəli,
Pis-yaxşı
yaşadım yəni.
Səni üzmək istəməzdim,
ölsəm,
bağışla məni...

***
Gecələr özünü belə ovudub,
yerimi doldurur isti qucağın.
Səhəri dirigöz açıram, Adam,
mənim canım yanır, Sənin ocağın...

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #