Ölümmü əzəldir, həyatmı?! - Yeni şeirlər

Ölümmü əzəldir, həyatmı?! - Yeni şeirlər
20 may 2023
# 14:30

Kulis.az Yusif Nazimin yeni şeirlərini təqdim edir.

Çox yadigar qalıb ondan

Hər şey onu xatırladır;
divardakı saatlar,
yükdəki döşəkçələr, yastıqlar...
Toxuduğu xalçalarda əllərinin izi qalıb.
Xalçalardan öpürəm,
əllərindən öpürmüş kimi!
Baxdığı hər şey - evdəki bütün əşyalar
bir zamanlar gözlərində əks olunub.
Əşyaları öpürəm,
gözlərindən öpürmüş kimi!
Sevdiyi hər şeyi sevirəm artıq,
özümü də!
Hər kəsdən çox sevərdi məni!
Sevdiklərimdən bircə
onun məni sevdiyinə əmin idim!
Çox yadigar qalıb ondan,
ən əzizi də xatirələr və dərddir!
Hər şey onu xatırladır –
Əkdiyi güllərdən Anamın ətri gəlir!

***

Sarı yarpaqların yaşıl tərəfi

Yarpaqların son mənzilidir
"payız mənzərəsi" dediyimiz gözəllik!
Burda intihar da var,
yeni doğuluş üçün başlanğıc da.
Birinin sonu birinin əvvəlidir.
Ölümmü əzəldir, həyatmı?!
Küləksiz də qopub düşər yarpaq,
Küləksiz də cəzb eyləyər torpaq.
Amma, küləklə bir başqa olur payız,
əzəmətli ağaclar da yellənir.
Heç də ölümə tez təslim olmur yarpaqlar,
uşaq kimi küçələrdə veyillənir.
Payız mənzərəsi də gözəldir!

***

Bir kədərin sevinciyəm

Bir kədərin sevinciyəm,
Bir sevincin kədəriyəm.
Bu sevdalar ölkəsinin,
Mən xaraba şəhəriyəm.

Bir üzümün cecəsi mən,
Halı pisin necəsi mən.
Gündüzlərin gecəsi mən,
Axşamların səhəriyəm.

Sevdaların adı mənəm,
Doğması mən, yadı mənəm.
Bu həyatın dadı mənəm,
Şəkəriyəm, zəhəriyəm.

Var dərdimdən ölən bəndə,
Dərdin mənlə bölən bəndə.
Sən ey mənə gülən bəndə,
Mən Allahın əsəriyəm.

***

Bir korun arzusu

Bir korun tək bir arzusu var;
Bircə, gözlərim görəydi,
Günəşə baxaydım, Aya baxaydım,
Bir neçə barmağım olmayaydı,
əllərimdəki saya baxaydım.
Şikəst əllərimlə dilənəydim.
"Allahım, lalların dilin aç" deyə,
dillənəydim.
Göylərə baxa-baxa,
"Ya Rəbbim, karlar kaş eşitsinlər
quşların səsin,
göy gurultusun,
yağış şırıltısın" - deyə,
dua edəydim.
Və bir də diləyəydim:
- Bu naşükür insanları
mənim halıma salma,
Onların gözün aç da,
Onların gözün alma.

***

Pəncərədən seyr

Əngin səma.
Ulduzlar toplaşıb Ayın başına.
Xatirələr gözümdə oba salır bir anlıq.
Sanki, uşaqlığım
Ayın arxasından baxır.

# 2508 dəfə oxunub

Oxşar xəbərlər

Sapsarı Ay işığı tutdu əlimdən... - Ələddin Əzimlinin şeirləri

Sapsarı Ay işığı tutdu əlimdən... - Ələddin Əzimlinin şeirləri

10:30 10 yanvar 2026
Heç bir şey deməsən, sussam, sussan, sussaq... - Cemal Süreyanın şeirləri

Heç bir şey deməsən, sussam, sussan, sussaq... - Cemal Süreyanın şeirləri

14:10 9 yanvar 2026
Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət

Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət

13:56 9 yanvar 2026
Sənin Vətəndən özgə kimin var, kimin, kişi! - Günün şeiri

Sənin Vətəndən özgə kimin var, kimin, kişi! - Günün şeiri

13:00 9 yanvar 2026
Göyündə Allah boğulur - Ramiz Rövşən

Göyündə Allah boğulur - Ramiz Rövşən

11:15 9 yanvar 2026
Mən sözü qoymuşam gözümün üstə... - “Səksənincilər" layihəsindən Səməd Qaraçöpün şeirləri

Mən sözü qoymuşam gözümün üstə... - “Səksənincilər" layihəsindən Səməd Qaraçöpün şeirləri

10:00 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər