İngiltərədə Moğol imperiyası dövründən qalan nadir kalliqrafiya nümunələrinin ölkədən çıxarılmasına müvəqqəti qadağa qoyulub.
Kulis.az xəbər verir ki, söhbət 400 ildən çox yaşı olan, iki cilddə toplanmış və ümumilikdə 29 vərəqdən ibarət əlyazmalardan gedir.
Bu nümunələr imperator Əkbər və Cahangirin hakimiyyəti dövründə saray xəttatlarının fəaliyyəti ilə bağlıdır.
Əlyazmalarda Məhəmməd Hüseyn Kaşmiri və Əbdül Rəhim əl-Hərəvi kimi tanınmış xəttatların işləri qorunub saxlanılıb. Britaniya hökumətinin qərarı kolleksiya üçün ölkə daxilində ictimai alıcı və ya muzey tapılmasına imkan yaratmaq məqsədi daşıyır. Əsərlərin tövsiyə olunan satış qiyməti 900 min funt sterlinqdir. Qadağanın ilkin müddəti 2027-ci il fevralın 15-dək müəyyənləşdirilib.