Mağara dağların əsnəməsidir – El Romandan yeni şeirlər...

El Roman, gənc yazar

El Roman, gənc yazar

9 fevral 2022
# 17:00

Kulis.az “Şeir günü” layihəsindən El Romanın yeni şeirlərini təqdim edir.

Yarasalar

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
adamlar torpağa, kağız torpağa...

Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...

Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...

Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...

Mənə inanmırsan?

Mənə inanmırsan?
gözümlə gördüm,
ayna qarşısında balaca uşaq
pomada sürtürdü
dodaqlarına.

Nikah masasında oturan o qız
stuldan sallanan ayaqlarıyla
tapdaya bilmirdi
yanındakının
qırx altı ölçülü ayaqlarını.

Mənə inanmırsan?
gözümlə gördüm,
ayağı çatmırdı
ayaqlarına...

Aeroport yolunda yavaş sürənlər
nə qədər söyüldü!
Gözümlə gördüm.

Mənə inanmırsan?
özüm də gördüm,
ya ayaq ləngiyir, ya baş fırlanır.
Kimi ayrılıqdan, kimi təklikdən,
Kimi yüksəklikdən qorxduğu üçün
o yolda təkərlər yavaş fırlanır...

Mənə inanmırsan?
inanıram de...

Qadınların yarısı

Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən-
Dodaqların qırmızı, saçın uzun, laap uzun...

Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini,
Səndən soruşacaqlar, kimin qızısan, qızım?

Getmək istəyəcəksən, yolun tən yarısında
Ətirini, donunu, onu unutmasan da,
O gün unudacaqsan bir kitabı masanda
Bir də açılmayacaq otağının qapısı...

Bir az qocalacaqsan, bir az əsəcək dizin,
Bir az huşun itəcək, bir az əlinin duzu,
Yollara baxacaqsan, belə laap uzun-uzun...
Öləndə belə ölür qadınların yarısı.

Bir də açılmayacaq otağının qapısı...
Öləndə belə ölür qadınların yarısı...
"Saçın uzun, laap uzun, dodaqların qırmızı...
Üzüntün tanış gəlir, kimin qızısan, qızım?"

# 4987 dəfə oxunub

Oxşar xəbərlər

Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

17:07 10 mart 2025
"Dilləri lalım, necəsən?" - Günün şeiri

"Dilləri lalım, necəsən?" - Günün şeiri

13:08 10 mart 2025
Adların alın yazısı - Anar Aminin şeiri

Adların alın yazısı - Anar Aminin şeiri

12:34 8 mart 2025
Üstünə bağırdığım tək kişi – Qadın şairlərimizdən seçmə şeirlər

Üstünə bağırdığım tək kişi – Qadın şairlərimizdən seçmə şeirlər

12:00 8 mart 2025
Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

11:26 7 mart 2025
Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri

Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri

18:07 6 mart 2025
# # #