Dolub gözlərimə ovunur torpaq - Günün şeiri

Dolub gözlərimə ovunur torpaq - Günün şeiri
25 dekabr 2024
# 12:05

Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və "Günün şeiri" layihəsindən onun "Atamın xatirəsinə" şeirini təqdim edir.

Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri
Gəlib gözlərində qışladı dünya…

Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi
Gözünün odunda qar çiçəklədi.

Gördüm ki soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…

Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…

Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.

Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.

Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…

Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən
Elə bil əlindən qaçıracaqdı…

Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…

Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,
öpmək istəmədi qocalığını
gözləri üzünü yana çevirdi…

Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…

17 Oktyabr, 2004. Çartəpə.

# 2747 dəfə oxunub

Oxşar xəbərlər

Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən - Həsən Azərinin şeirləri

Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən - Həsən Azərinin şeirləri

12:00 2 noyabr 2025
İsaya da inanma, insan deyilsə... - Həmid Herisçinin yeni şeiri

İsaya da inanma, insan deyilsə... - Həmid Herisçinin yeni şeiri

11:35 30 oktyabr 2025
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın şeirləri

11:50 28 oktyabr 2025
"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

12:00 26 oktyabr 2025
"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

15:00 22 oktyabr 2025
"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

10:40 20 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər