Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək - Alov İnannanın şeirləri

Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək -  Alov İnannanın şeirləri
31 mart 2025
# 17:00

Kulis.az Alov İnannanın şeirlərini təqdim edir.

Yorulanda çadırlandığım,
İslananda çətirləndiyim ,
İstilənəndə kölgələndiyim,
Quşlarının nəğmələriylə
Ruhumu qanadlandırdığım,
Ağac anam,
Gəl, səni qucaqlayım.
Qollarım qollarına çatmasa da olar,
Saçlarım saçlarına dolaşmasa da olar,
Nəfəsinlə ciyərlərimi doldurum.
Ruhunu içimə çəkim.
Sənə söykənəndə,
Arxamda güvənlə durduğunu
bilməyim bəsimdi

***

Gəlin, bulud bacılarım, gəlin,
ağ-ağ, boz-boz komalaşaq,
aydan, günəşdən,
ulduzlardan yox,
özümüzdən danışaq.
Küsdüyümüz kimsə qalmasın
küləklərlə də barışaq.
İlıq-ilıq sevgi səpək
yer üzünə.
İldırım xəbər tutmasın,
yığnağımızdan,
şimşək oxlarını çaxıb
yarar göylərin bağrını,
qorxudar quşları.
Günəşi çağıraq, Günəşi
bir körpü qursun rəngarəng
üfüqlərdən üfüqlərə.

***

Sən tək deyilsən ki.
İsti çayın
içini isitməyə hazırdı,
yumşaq divan səni qucaqlamağa.
Pəncərəni açsan,
yel girəcək içəri,
saçlarını oxşamağa.
Dibçəkdəki çiçəklərin
öpülməyi gözləyirlər –
burnunla.
Ayaqyalın gəzsən,
ayaqların döşəməylə öpüşəcək
və yerin sevgisini sənə verəcək.
Gözlərini yumsan,
istədiyin hər şeyi görəcəksən
sonsuz indilərin içində.

***

Dəhlizdə divar saatının eşidilməz çıqqıltısı,
Mətbəxdə soyuducunun həzin dırıltısı,
Yan otaqda televizor danışır.
Sağ otaqda pleysteyşn savaşı...
Hamamda paltaryuyanın təyyarə səsi,
Mətbəxdə çaydanın qəmli nəğməsi,
Qulaqlarda qulaqlıqlar,
İnsan səsinə darıxan ev...

***

Mən nə qədər bildikləriməm
və nə qədər inandıqlarım.
Nə qədər düşündükləriməm
və nə qədər duyduqlarım.
Nə qədər danışdıqlarımam
və nədər susduqlarım.
Nə qədər xatırladıqlarımam
və nə qədər unutduqlarım.
Nə qədər ağladıqlarımam
və nə qədər güldüklərim.
Nə qədər arzuladıqlarımam
və nə qədər umsuqluqlarım.
Nə qədər can atdıqlarımam
və nə qədər çəkindiklərim
Nə qədər bəyəndikləriməm
və nə qədər rədd etdiklərim.
Nə qədər özümdəkilərəm
və nə qədər özgədəkilər.
Mən nə qədər sənəm, oyam, onlaram
və nə qədər mənəm.

***

Dostum deyəndə ki,
uşaq olan vaxtları,
qışda xırda daşları,
üşüməsinlər deyə
evə yığarmış gizlicə,
hamı güldü,
mənim gözlərim doldu
o anda anlamışdım,
mən də dostum kimi
yaxşı adamam.

***

Sevgi –
Arıların çiçəklərlə öpüşməsi.
Durnaların buludlarla yarışması
buludlara qarışması
Təzə qarın ovuclarda
xırçıltıyla sıxılması
Ulduzlarla baxışırkən
bir ulduzun göz vurması
Yupyumşaq bir tırtılın
yarpaqdakı diş izi
Kəpənəklərin
özünü
min-bir rəngli
çiçəklərə bənzətməsi
Fağır qar dənələrinin
sonsuz hava yolunda
bir-birinə yol verişi
Göylərə güvənən quşların
izsiz-izsiz süzüşü
Sulara güvənən balıqların
izsiz-izsiz üzüşü
Köhnə bir nəğmənin
yaddaşdan dilə düşməsi
Bir şirin xatirənin
təbəssümə çevrilməsi
Qolların qucaq arzusu
Saçların sığal arzusu
Bir gələcək körpənin
dar qarında gərnəşməsi

***

Qollarım qanadlarım olacaq bir gün
Ayaqlarım yerdən üzüləcək,
uçacağam
Mən yuxularımdan bilirəm uçmağı.
Uçacağam.
Yuxarılardan baxanda
aşağılar dəyişəcək:
böyük gördüyüm nə varsa
yuxarılarda kiçiləcək
yarmçıq zənn etdiklərim
yuxarılarda bütövləşəcək
Aşağılarda içində olduqlarımın
yuxarılarda üstündə olacağam
Anlayacağam ki,
aşağılar məni balacalaşdırırmış
aşağıdakılar böyük deyilmiş

***

Bağışlamadığım kimsə qalmadı
və nəsə.
ən sonuncu bağışladığım,
barmağımı sorub
mənimlə qandaş olan ağcaqanadıydı,
bir də
hədsiz istisini
mənə ötürərkən
əlimi yandıran ütüm

# 595 dəfə oxunub

Oxşar xəbərlər

Tənlik işarəsidir güllələr! - Günün şeiri

Tənlik işarəsidir güllələr! - Günün şeiri

14:41 1 aprel 2025
Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri

Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri

11:05 31 mart 2025
Nə atan, nə anan, nə sevdiyin qadın... - Malik Atilayın yeni şeirləri

Nə atan, nə anan, nə sevdiyin qadın... - Malik Atilayın yeni şeirləri

14:20 28 mart 2025
Oyanmazmı, kor olası
baxtım, oy?! - Şair, mühacirət və sevgi

Oyanmazmı, kor olası baxtım, oy?! - Şair, mühacirət və sevgi

10:00 25 mart 2025
Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri

Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri

12:00 21 mart 2025
Bu bağçanın gülləri - İmarət Cəlilqızının şeiri

Bu bağçanın gülləri - İmarət Cəlilqızının şeiri

15:26 17 mart 2025
# # #