Sən mənim əllərimi isit, mən sənin... - Alov İnannanın haykuları

Sən mənim əllərimi isit, mən sənin... - Alov İnannanın haykuları
22 yanvar 2025
# 15:00

Kulis.az Alov İnannanın “Qış haykuları”nı təqdim edir.

Dostluğumuz tutmaz, gözəl balıq

Sən mənin havamda boğularsan

Mən sənin suyunda

***

Sobanın üstündəki

çaydanın zümzüməsi

boz pişiyi mürgülədir

***

Həyat necə də gözəldir

tox çağanın qığıltısında

yuxulu ananın təbəssümündə

***

İsti evin pəncərəsindən

yağan qara baxmaq

namərd bir həzdir

bəlkə də yox

***

Bir az da qorxuram

heç aldanmayan

adamlardan

***

Sən mənim əllərimi isit

Mən sənin ürəyini sərinlədim

***

Qarda yuyunmuş havanı

içinə çəkmək

***

Palçıqlı kənd yolunda

maşın təkərinin izində

qazların qatarlanması

***

Nə var zirvələrə düşən qar olub

günəşin işığını

geri qaytarmağa

***

Üşüməkdən

isinməyə qədərdi –

qış xofunun məsafəsi

***

Qar da yağmadı

Qışın üzü

qara qaldı

***

Sonuncu işıqlı pəncərə də qaraldı

Təkcə

gecə oyaq

***

Boşqabda

soyulmuş, soyundurulmuş alma

bütün cazibəsini itirmişdi

***

Havada uçuşan tozlar

qar dənəciklərinə

qoşulub getdilər

***

Nar dənəsi əzildi

Eşitmədiyim səslə qışqırdı

Qanı üstümə fışqırdı

***

Kölgə

kölgədə yox olur

Kölgə kölgənin qənimidi

***

Ovurdundakı qozla

yanağını şişirdən uşaq

diş ağrısıyla məzələnir

***

Küçə lampası –

gecənin sirrini bağırır

Ay –

gecənin sirrini pıçıldayır

***

Pəncərə şüşələrinin şəffaflığında

namərd bir

divarlıq gizlənir

***

Bıçaq

itiliyi ilə öyündü

Bülöv

abrına qısılıb susdu

***

Bir neçə abzaslıq

ömür yaşadı

o boyda ömürdə

***

Baxışdılar

Qısa qapanma

Hələ də tüstülənir

***

Yenə də əridi qar

Yer-göy qala bilmədi

bir rəngin ahəngində

***

Hər dəfə solmuş güllər

atıldıqca güldandan

süni güllər canlanırdı...

***

Bu qədər möhtəşəm gözəllik belə

xilas edə bilmədi

xalçanı tapdalanmaqdan

***

Ölüm necə adi olur

tanıdığın birisinin yoxluğunu

dərhal qəbul edəndə

***

Qanadlarım olsaydı

uçurumları

mən də sevərdim

***

Dostum çay!

Sənəcən – susamaq

Səninlə – susmaq gözəldir

***

Gərək çalxalanasan

nə qədər bulanıq olduğunu

bilmək üçün

***

Qəfil asqırdı uşaq

burnundan çıxan kiçik şara

uğunub getdi

***

Yiyəsini itirmiş bir tay əlcək

yerdə büzüşüb

üşüyür

***

Ayaqlarım

qonaq gəlib

yorğanına

# 2640 dəfə oxunub

Oxşar xəbərlər

Tənlik işarəsidir güllələr! - Günün şeiri

Tənlik işarəsidir güllələr! - Günün şeiri

14:41 1 aprel 2025
Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək -  Alov İnannanın şeirləri

Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək - Alov İnannanın şeirləri

17:00 31 mart 2025
Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri

Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri

11:05 31 mart 2025
Nə atan, nə anan, nə sevdiyin qadın... - Malik Atilayın yeni şeirləri

Nə atan, nə anan, nə sevdiyin qadın... - Malik Atilayın yeni şeirləri

14:20 28 mart 2025
Oyanmazmı, kor olası
baxtım, oy?! - Şair, mühacirət və sevgi

Oyanmazmı, kor olası baxtım, oy?! - Şair, mühacirət və sevgi

10:00 25 mart 2025
Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri

Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri

12:00 21 mart 2025
#
#
# # #