Bu gün şair Qəşəm Nəcəfzadənin doğum günüdür.
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun doğum günü ilə bağlı yazısını təqdim edir.
Aprelin biri mənim ad günüm... Kimlər bilmirdi bu ad günümün tarixini? Atam, anam, sinif və tələbə yoldaşlarım, müəllimlərim, dostlarım, uşaqlarım, indi də nəvələrim bilir...
İndi atam, anam həyatda yox... Anam ad günümə qaymaq sərərdi, atam quzu kəsərdi. Nənəm corab toxuyardı. Ad günümə bulama bişirərdilər, bacılarım məni öpərdilər. Hədiyyələr məni sevindirərdi. Harada qaldı 50 yaşımın ad günləri, haralara töküldü, haralarda itdi? Əvvəl atam-anam unutdu ad günlərimi, sonra sinif yoldaşlarım, dostlarım...
Bacılarım bilir bu gün ad günümdü, amma əlləri mənə çatmır... Zəng eləyirlər, elə atamın "quzusu"nu, anamın "qaymağı"nı xatırlayıb kövrəlirlər.
Sonra ad günlərim dəstə-dəstə çiçəklər oldu, kətan köynəklər oldu, şirin tortlar oldu. Köynəklər dağıldı, fincanlar sındı...Sonra bunlar da unuduldu.
Ad günümü kimlər bilirdi, kimlər unutdu? Arxivimdə ad günümə yazılmış saysız-hesabsız şeirlər saralmış kağızlarda yorulublar elə bil... Bəs hanı ad günümə şeir yazan dostlar? Bəlkə də, unudublar ad günümü...
İlahi, son illər ad günüm olanda hiss edirəm ki, nə qədər adam itirmişəm, nə qədər dost itirmişəm. Telefonumda nə qədər səssiz nömrələr var. İndi o nömrələr laldı, bir dəfə də olsun dillənməyiblər. 35 illik müəllimlik həyatımın ən sevimli şagirdləri, indi siz hardasınız? Növbə ilə qalxıb məni şeirlə təbrik edərdiniz. Görən, indi yadınızdadırmı aprelin 1-i mənim ad günüm?
Kəlbəcər, Laçın yaylaqlarının - Soltan Heydərin, Murad təpəsinin, Sarımsaqlının, Süleyman, Ceyran, Lilpar bulaqlarının, Əyri qarın, Gödəkburunun, Qarəriməzin, Alagöllərin, Çaxmaq qayanın, Cermuxun, Gorusun, Yeddidolamanın, Taxtanın, Gəlin qayasının hər daşına adımı və altında doğum günümü yazmışam. İndi, görən, o yerlər bilirmi, bu gün ad günümdü?
Üstündə 1 aprel tarixini daşıyan daşların heç eyninə gəlirmi ki, bu gün Bakıda mən bu saat onları düşünürəm?
Kənddə uşaq vaxtı partalara, divarlara, ağaclara adımı və soy adımın baş həriflərini yazardım. Sonra altında 1 aprel 1959... Ad günüm o qədər məşhur idi ki, məni lap tez tapardılar. İndi onlar hamısı uçub dağılmış. Həyatda dəhşətli şəkildə inandığım bir şey var, o yazı heç vaxt itməz, hardasa eləcə gizlənib qalıb, sadəcə üstü örtülüb, nə vaxtsa tapılacaq.
Aprelin 1-də həmişə şeirlərimi çap ediblər, orta məktəbdə “Yaşasın 5” divar qəzetində, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetində... İmişli rayonunun “Xalq sözü” qəzetində... Sonra ölkə və xarici mətbuatında.
İndi 1 aprel, deyəsən, onların yadından çıxmış. Vaxtı ilə məni təbrik edən şagirdlərimin çoxu indi rektor, rəis, professor, böyük vəzifə sahibləri. İndi mənim ad günümü necə də unudublar...
Mən itirdiklərimin davasını edirəm. Elə bil qatar gedir, adamlar get-gedə stansiyalarda düşürlər və ayrıları minirlər. Bax, bu, məni yaman yandırır. Bu gün biri də düşdü...
İndi də dostlarım çoxdur. Ən azından sən varsan, bu yazını oxuyursan, nə yaxşı ki, varsan. Amma mən heç kəsi itirmək istəmirəm...
Deyirlər, 1 aprel həm də aldatma günüdür. Bəlkə, adamlar məni, doğrudan da, aldadıblar... Birdən qəflətən gizləndikləri yerdən “Urra” deyib çıxacaqlar.
Deyirlər, 1 aprel həm də gülüş günüdür. Bəlkə, itirdiklərim mənə gülürlər. Deyirlər eyyy, sən nə qoyub, nə axtarırsan? Səndən daha ciddi şeylər var.
Deyirlər, 1 aprel həm də mənim ad günümdür.
On il öncə 1 apreldə ürəyimdən əməliyyat olundum. İkinci dəfə yenə 1 apreldə həyata gəldim.
Nə isə...
Birdən-birə ağlıma gəldi ki, bu gün hər yana belə bir teleqram vurum: “Hamınız gəlin aprelin 1-ə...”/ Gecikən olmasın ha!
İndi atam, anam həyatda yox... - Qəşəm Nəcəfzadə

Qəşəm Nəcəfzadə, şair
Oxşar xəbərlər

Van Damm uşaq alverində ittiham olunur
17:20
2 aprel 2025

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam
16:11
2 aprel 2025
Stiven Spilberq dünyanın ən varlı məşhuru seçildi
16:05
2 aprel 2025

Vətən satanları tanımaq üçün... - Allahyar Eyyuboğlu
15:30
2 aprel 2025

Mirşahin Ağayev: "Yığışdırın bu düşük boşboğazlığı!”
15:20
2 aprel 2025
Güneyli şair: " Ədəbiyyat ideologiyaların, millətlərin və sərhədlərin ötəsindədir" - Müsahibə
15:00
2 aprel 2025