Oyanmazmı, kor olası baxtım, oy?! - Şair, mühacirət və sevgi

Oyanmazmı, kor olası
baxtım, oy?! - Şair, mühacirət və sevgi
25 mart 2025
# 10:00

Bu gün ömrünün böyük hissəsini mühacirətdə keçirən Azərbaycan şairi Almas İldırımın doğum günüdür.



Almas İldırım kimdir?

Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilir.

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır.1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.

1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

Sərhəd gözətçilərinin və kömürük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur, 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.

1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub.

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb.

Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.

Kulis.az "Günün şeiri" layihəsindən Aalmas İldırımın "Əsir Azərbaycanım" şeirini təqdim edir.

Nerdə məni gülqoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan mənim
baxtsız anam, oy...
Neçə bir il həsrətinlə yanam, oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş
dursa, oy!..

Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı Bakım, o neft qoxan
gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən,
Azərbaycan, mənim eşsiz
yurdum, oy!..
Ölməz eşqim,
içimdəki dərdim, oy!

Könlümə tək Kəbə yapdım
səni mən,
Sənsiz nedəm qurbət eldə
günü mən,
Sənsiz nedəm Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy!
Oyanmazmı kor olası
baxtım, oy?!.

# 2407 dəfə oxunub

Oxşar xəbərlər

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

14:00 14 avqust 2026
"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

13:30 14 avqust 2026
"Bəlkə utanmayaq xoşbəxt olanda?"  - Camal Yusifzadə

"Bəlkə utanmayaq xoşbəxt olanda?" - Camal Yusifzadə

13:30 13 avqust 2026
"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

15:50 12 avqust 2026
"Dənizdə adam batıb..."  - Xalq şairi Qabilin şeiri

"Dənizdə adam batıb..." - Xalq şairi Qabilin şeiri

15:15 11 avqust 2026
"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

14:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər