Qəşəm Nəcəfzadə insanları belə aldadır - Nadir Yalçın

Qəşəm Nəcəfzadə insanları belə aldadır - Nadir Yalçın
1 aprel 2025
# 15:15

Kulis.az Nadir Yalçının "Yaz misrası" yazısını təqdim edir.

Azərbaycanda sevginin miqdarını ən yaxşı "ölçən" barmaqsayı şairlərdəndi Qəşəm Nəcəfzadə. Onun "Mən səni sevirəm, ölməzsən heç vaxt" misrası ilə məşhurlaşan şeiri barədə çox fikirləşmişəm. Xas poeziyadır; sözü sözlə, hərəkəti hərəkətlə təsvir etmək, tərənnüm etmək, izah etmək, dolayı yolla, qışqırmamaq, sadəcə, şeir. Epitetsiz, metaforsuz, təşbehsiz, belə, necə deyim, rahatca yazmaq ki, "ölməzsən heç vaxt".

Qaçılmaz bir prosesi - ölümü belə inkar etmək, bir növ, səhv dediyini bilə-bilə səhv demək. Tum çırtlayıb məhlədə çömbəltmə oturan yeniyetmə rahatlığı ilə, amma hansı böyüklüklə, hansı ürəklə?! Bəzən adidən də adi bir söhbət əsnasında elə söz, elə cümlə eşidirsən, yaxşı mənada, bicsənsə, tez götürüb harasa yazırsan ki, xatirindən çıxmasın. Bu misranı hər eşidəndə götürüb harasa yazmaq istəyirəm. Ümumiyyətlə, elə misralar var, unutmaqdan qorxursan. Yaddaşını həm də o misraları tez-tez xatırlamaq üçün sevirsən. Qəşəm Nəcəfzadənin bu misrası adama yaddaşını sevdirən misradır.

Qara gözlərinə ölüm ilişsə,
qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Elə bil, deyir, axşam evə gələndə ac olsan, çörək al. "Qara gözlərinə ölüm ilişsə..." Yaxud "təyyarə sürüşsə göyün üzündən..." Necə yəni təyyarə sürüşsə?! Deyir, sevirəm, ölməzsən heç vaxt.

Məsələn, Sabirin

Derlər, aşiqküş nigarım qətlimə amadədir,
Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın.

beyti nə dərəcədə mübarək, mübhəm, həm su kimi aydın, həm də necə izaholunmaz və ecazkardır.

Bax beləcə sevginin boyunu göstərən misralar adamın dilinin altında təzyiq dərmanı kimidir. Amma bu dərman ürək döyüntünü səngitmir, əksinə, daha da həyəcanlandırır, riqqətə gətirir.

İndiki situasiyada bunu demək təhlükəlidir. Amma, gərək, pisi pis, əyrini əyri, düzü həmvar yazım (M.Ə.Sabir). “Mən səni sevirəm, ölməzsən heç vaxt” misrası ilə xitab etdiyim qızların sayını itirmişəm, eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi (Şamxal Rüstəm)?! O da haqqdır ki, axır, gəlib çatdığın bir nöqtə olur və o sözlərin həqiqi ünvanını tapdığına inananda həmin misranın sehri səni tilsimliyir, o misra barədə danışmağa haqqın yaranır. Bu misranın həqiqi ünvanını tapdığıma inandığım üçün baharın bu gözəl çağında misraları dərman kimi dilimin altında saxlamışam ki, ürəyimin döyüntüsü azalmasın.

İnsanlar kimi şeirlərin də, hətta misraların da taleyi var. O misralar boylarına biçilən taleh ilə insana yoldaş olurlar. O misralar ki, inandıra bilir. İnanırsan ki,

Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

İnandıranda və inananda, hətta inandırmağa cəhd edəndə belə, misralar yaranır. İstəyirsən, bir gün qəfildən ayaqyalın yeriyib arxana baxmayasan. Baxmadan arxanca izdihamən gəldiyinə inanasan. Şeirlər də arxaya baxmadan addımlayan kəslərdir, arxalarınca nə qədər adam apara bilirlər. Elə “Mən səni sevirəm, ölməzsən heç vaxt” kimi...

Bir misranın ətəyindən tutub yaşamaq olar. Bir sevginin ölümün qarşısını kəsəcəyinə ümidvar olmaq... İnsan öləcəyinə inansa, bir gün belə yaşaya bilməz. Yaradılışların canında, təhtəlşüurunda gizli əbədilik hissi var. “Mən səni sevirəm, ölməzsən heç vaxt” bu hissi “yemləyir”, bu gizli düşüncəni təmin edir, ona sərmayə qoyur.

Bu sevginin ölümsüzləşdirmə gücünə inanmayanı bir az da təkid edir:

Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Bu bəşəri, fəlsəfi, psixoloji, ...i, .....i, ....i... çox artırmaq olar, hə, bunları kənara qoyub çox dərinə getmədən bu misralarını ələk-vələk elədiyimiz şeirə bütöv yanaşanda belə, onun enerjisi və saf niyyəti adama xoş gəlir. Qəşəm Nəcəfzadə oxucunu, oxucunun bu misralarla xitab etdiyi sevgilisini, öz sevdiklərini bu misralarla aldadır, amma bütün yalanlar pis olmadığı kimi, bu aldanışlar da məramı xoş aldanışdı: ölməzsən heç vaxt!
Və həhayətdə, burda bir “mən” var! Mən sevirəmsə, ölməzsən, mən sevsəm...

Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.

Şair El Romanın misraları yadıma düşdü bu “mən!” faktoru barədə düşünəndə:

Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif.
Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ovucladığım
O quşa atdığım dənə də heyif.

Səni başqası sevsə, heç vaxt ölməmək məsələsi sual altında qalır. Amma axı səni sevən mənəm...

Bu şeir barədə çox danışmaq olar. Amma bu şeir barədə yazmaq məramım bu gün müəllifin – şair Qəşəm Nəcəfzadənin doğum günü ilə bağlı deyil. Bu şeir hər yaz gələndə bahar yelləri ilə birlikdə əzbərimdə dolanır. Şairə bu şeirin enerjisini və bu enerji ilə bərabər, cansağlığı arzulayıram.

QORXMA

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

17:50 2 aprel 2025
"Milli Kitab 10-luğu" - "İblis"

"Milli Kitab 10-luğu" - "İblis"

21:40 25 mart 2025
Türk poeziyasında sufizmin inkişaf paradiqmaları - Nizami Cəfərov

Türk poeziyasında sufizmin inkişaf paradiqmaları - Nizami Cəfərov

17:10 24 mart 2025
Mühəndisin tamadaya çevrilməsi - Qızının qisasını alan ana kim idi?

Mühəndisin tamadaya çevrilməsi - Qızının qisasını alan ana kim idi?

12:00 24 mart 2025
Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova

Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova

15:00 23 mart 2025
Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Fəxri Uğurlu

Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Fəxri Uğurlu

10:00 23 mart 2025
#
#
# # #