Kulis.az Camal Sürəyyanın məktublarından birini və onun sevdiyi qadınlar haqqında Ömər Xəyyamın tərtib etdiyi materialı təqdim edir.
Səni düşündükcə o atı da sevirəm...
Bu misraları Camal Sürəyya 1990-cı ildə yazmışdı: “Ölürəm, Tanrım, ölürəm…”... “Hər ölüm erkən ölümdür”.
Yazdı... və çox keçmədi, öldü...
1931-ci ildə Türkiyənin Ərzincan əyalətində doğulub. Yeddi yaşında ailəsi başqa bir əyalətə sürgün edilib. Əsli kürd idi. Uzun müddət kimliyini gizlətməyə məcbur olmuşdu.
Ankara Universitetinin politologiya fakültəsini bitirən Camal Sürəyya ömrünün sonuna qədər müxtəlif işlərdə işləyib: Maliyyə Nazirliyində müfəttiş, Mədəniyyət Nazirliyində, bankda, qəzetdə, jurnalda…
Onun haqda başqa bir türk şairi yazırdı: “Tanrı 1001-ci gecə şairi, 1002-ci gecə Camal Sürəyyanı yaratdı”.
Camal Sürəyyanın xeyli sevgilisi olub.
4 dəfə evlənib.
Birinci dəfə orta məktəbdən sevdiyi Seniha ilə evlənib. Onun haqda yazırdı: “Bənzəri olmayan yardır Seniha”
1973-cü ildə (ikincidən sonda bəhs edəcəm) üçüncü dəfə Güngör Demirayla evlənir. Onu “Xanım Nəhayət” adlandırır: “Sən Xanım Nəhayət, sən ölümüm, sən yaşamağım...”
Bu qadınla da sona kimi yaşaya bilməyən şair Birsen Sağnakla evlənir. O isə Camal üçün “Xanım Ən Nəhayət” idi...
Qayıdaq C.Sürəyyanın ikinci həyat yoldaşına.
1967-ci ildə Zühalla ailə həyatı qurur. Ona evlənmək təklifini Türk Ədəbiyyatçıları Birliyinin tədbirində edib.
Zühaldan soruşub: “Madam və ya Madmazel, mənimlə evlənərsiniz?” Zühal da düşünüb ki, yəqin, Camal Sürəyya bununla zarafat edir. Cavabı belə olub: “Boş vaxtım olanda düşünürəm…”
Zühal 1972-ci ildə əməliyyat olunur və 13 gün xəstəxanada yatır, Camal ona 13 məktub yazır.
90-cı ildə şair öldükdən sonra onun keçmiş həyat yoldaşı məktubları kitab şəklində dərc etdirir.
O, 13 məktubdan biri:
"Zühalım, həyatım!
Həyatımsan. Bunu bilməyini istəyirəm. Əvvəl bunu bilməyini. Bir də, onu bilməyini istəyirəm ki, məndən boş yerə şübhələnirsən. Sənə heç vaxt xəyanət etməmişəm. Edə bilmərəm. Neçə ildir evliyik, yan-yanayıq. Hələ də sənlə başım dönür, sevirəm səni. Hər gün daha böyük bir eşqlə.
Nə olar, məni başa düş. Bu sevgimə xor baxma. Özününkünə uyğunlaşdır, yaraşdır. Bu sətirləri birinci evimizin altındakı kafedən yazıram.
Və mən səni ilk günlərimizdə sevdiyimdən daha çox sevirəm. Biz iki ayrı çay kimi gəlib qovuşduq. Özümüzdən bir qol da ayıraraq böyük bir göl əmələ gətirdik. İndi birlikdə axırıq. Gözəldir bu.
Həmişə də belə olacaq. Dənizə tökülənə, ölənədək. Bizim üçün tək şərt xoşbəxtlik ola bilər. Birliyimizi heç bir şey poza bilməz. Son bir-iki ayda “məndən soyuyub, soyuq davaranır” düşünürdüm, demə, sən də eyni şeyləri düşünürmüşsən.
Bunlar sevginin müxtəlif hallarıdır. Sevginin insanın qabağına çıxardığı çətinlikliklərdir. Bunu belə şərh etmək lazımdır. Sevirəm səni. Tək qanadımsan. Memoyla bir yerdə. Amma ondan da qabaqdasan. Bunu belə də bil. Bilinməlidir bu.
Kafenin qabağından avtomobillər keçir. Bir dənə də at arabası. Səni düşündükcə o atı da sevirəm. Çay içirəm. Artıq cökə çayı içəcəm. Cökə necə də yumşaq, adamı sakitləşdirən, barışmağa səsləyən şeydir. Evimizin qabağında bir cökə ağacı olsun. Sən cökəni dibçəkdə də saxlaya bilərsən.
Gecə yataqda uzanıb Memoyla ancaq səndən danışdıq. Susduqca sənlə susduq. Yatanda da sənlə yatdıq.
Axşam evə dönəndə qapını sən aç: gözlərin… Memo məktəbdən qayıtmış olsun. Neçənci sinifdə olsun?
Hissiyatlı adamam mən. Bir filmə baxmışdım, fransız kinosuydu. Adı: "Jesuis un Sentimental". O kinodakı kişiyə bənzəyirəm.
Qəzəbim, çoşqum həmişə üzdə olur, sevincim isə dibə axır, orda böyüyür.
Ancaq səninlə güclüyəm. Sənsiz mən mənasızam. Sev məni. Yaşayacağıq.
Hər şeyimi sənə borcluyam. Sənə rast gəldiyim vaxtlarda çox dağınıq idim. Sən məni düzəltdin. Tutdun əlimdən, qaldırdın. Mən də çörək kimi öpüb alnıma qoydum səni, müqəddəsləşdirdim.
Sən xəstəxanadaykən, hər gün yazacam sənə. Səni necə sevdiyimdən danışacam sənə.
Üzüyündən öpürəm..."