Şəhid oğlunun fotosu və Beynəlxalq Sülh Günü

Şəhid oğlunun fotosu və Beynəlxalq Sülh Günü
22 sentyabr 2020
# 14:24

Bu günlərdə məmləkətdə müharibə ab-havası hökm sürür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Sosial şəbəkələrdə də çoxları müharibəni, savaşı labüd sayır. Rayonlardan fotolar, videolar görürük ki, insanlar savaşa necə acdırlar.

Cəbhədə vəziyyət gərgindir. Artıq şəhid də vermişik. Şəhid Elşən Məmmədovun oğlu və döyüş yoldaşları ilə çəkilən foto yəqin ki, ilin şəkli olacaq. Oğlunun üz ifadəsində dərin, anlaşılmaz hisslər var. Döyüş yoldaşları isə üzgün görünürlər. Bu foto müharibə filmlərini xatırladır. Sanki elə hansısa bir filmin epizodundadır.

O uşaq intiqam hisslərilə böyüyəcək və cəbhədə döyüşmək üçün can atacaq. Atasının qisasını almaq üçün böyüyəcək. İstənilən halda müharibə istəməsəm də, ölkə olaraq, xalq olaraq taleyimizdən qaça bilmərik. Müharibə Azərbaycanın taleyidir.

Taleyin işinə bax ki, çavuşumuz şəhid düşən gün Beynəlxalq Sülh Günü idi. Bizim üçün isə sülh anlayışı qətiyyətlə qəbul edilə bilməz. Şəhid oğluna heç cürə anlada bilmərik ki, sülh yolu ilə hər şey düzələcək, atan geri qayıdacaq.

Bəhs etdiyimiz fotodan həm hekayə yazmaq, həm də film çəkmək olar. Fotoya uzun müddət baxa bilmirsən. Uşağın donuq baxışları adamın canına üşütmə salır.

Sözsüz ki, savaş amansızdır, heç kim heç kimin ölümünü istəməz. Dünya ədəbiyyatı, kinosu heç vaxt müharibəni təbliğ etmir. Onun necə vəhşiliklər törətdiyini, bəşəriyyətə vurduğu zərbələri, insan talelərinin faciələrini göstərir. “Əsgər atası”, “Pianist”, “Şindlerin siyahısı”, “Fəryad” filmlərini yada salın. Müharibəni yaradanlar, təşkil edənlər, torpaq uğrunda insanları bir-birinə qırdırır, sonrası göz yaşları, iztirablar, əzablar...

Ancaq bəzən bu göz yaşları, iztirablar və əzablar alın yazısına çevrilir.

# 8305 dəfə oxunub

Müəllifin son yazıları

# # #