Fikrət Qocanın son müsahibəsi: “Nəvəmi qapıdan içəri buraxmıram” - Müsahibə

Fikrət Qocanın son müsahibəsi: “Nəvəmi qapıdan içəri buraxmıram” - Müsahibə
5 may 2021
# 10:01

Xalq şairi Fikrət Qocanın Kulis.az-a son müsahibəsini təqdim edir.

- Fikrət müəllim, karantin günlərini necə keçirirsiniz?

- Hamı kimi evdə keçirdirəm. Bütün qocalar kimi.

- Darıxmamaq üçün nələrlə məşğul olursunuz?

- Bacardığım qədər yazı-pozu ilə məşğul oluram. Gün ərzində yazılar üzərində çalışıram. Kitablar oxuyuram.

- “Evdə qal” çağırışına və gigiyenik qaydalara riayət edirsiniz?

- Yaşım çoxdur. Həmişə də qayda-qanunları yaxşı bilmişəm. 85 yaşımda küçəyə çıxmaq mənə yaraşar?! Qaydanı pozmaq yekəbaşlıqdır. Qanun belədir. O, mənə xidmət edir. Evdən çölə çıxmamaqla özümü virusa yoluxdurmaqdan xilas edirəm.

- Qonaq qəbul edirsiniz?

- Xeyr. Nəvəm var, gözümün işığıdır. Gəlir evə, amma qapıdan içəri buraxmıram. Deyirəm, bala get, öz evinizə. Qonşu da gələndə evə qoymuram. Qapıdan danışırıq.

- Gündəlik ehtiyaclarınızı necə təmin edirsiniz? Kömək edənlər var?

- Mağaza binamızın aşağısındadır. Zəng edirəm mühafizəçilərə, sağ olsunlar, alıb gətirirlər, pulunu verirəm.

- Dostlarınızla əlaqə qurursunuz?

- Dostlarımla tez-tez zəngləşirik. Hal-əhval tuturuq.

- Məsələn, Anar müəllimlə danışrısınız?

- Anarla daha çox danışıram.

- Nədən danışrısınız?

- Yazılarımızdan, gündəlik işlərimizdən. Bir-birimizdən vəziyyətimizi soruşuruq. Anarla illərin dostuyuq. Digər dostlarla da danışıram.

- Fikrət müəllim, bir cavan oğlan yazmışdı ki, ölkədə hər sahədə gəncləşmə siyasəti getdi, AYB rəhbərliyi bu islahatları həyata keçirmək istəmədi, koronovirusun bu 65 üstü yaş məhdudiyyəti həm də AYB rəhbərlərinə və katiblərinə bir mesajdır. Bu fikrə necə baxırsınız?

- Azərbaycan Yazıçılar Birliyində çoxlu yazıçılar var. Biz orda boş-boş oturmamışıq, işlərimizi görürük. Məncə, virus belə bir mesaj vermir. Bu fikirlə razılaşmıram. Onu da deyim ki, mənim haqqımda yayılan tənqidi yazılara heç vaxt cavab vermirəm. Maraqlı deyil mənə. Yaşım çoxdur, düzdür, amma işimi davam etdirirəm.

- Karantin günləri yaradıcılığınıza necə təsir edir?

- Yazan adam üçün heç nə fürsət ola bilməz. Stolun üstündə də yaza bilər, altında da. Yazmaq, yaratmaq başqa şeydir. Əgər bu adam həqiqətən sənətkardırsa, onun üçün vaxt, zaman anlayışı yoxdur. Yazmaq istəyi gəldisə, onu heç bir şey saxlaya bilməz. Yazan adam üçün bəhanə yoxdur. Lap lazım gəlsə, virusdan da yazar.

- Fikrət müəllim, koronavirusdan nəsə yazmısınız?

- Xeyr, virusla bağlı bir şey yazmamışam. Virus ötüb keçən şeydir. Yazsam, virusla bir yerdə mənim şeirəm də, yazım da ölüb gedəcək. Yazı gərək əbədiyyətə yönəlsin.

- Bu virus bəşəriyyətə nəyi demək istəyir? Virus haqda nələr söyləyərdiniz...

-Mənə elə gəlir, bu virus yaradılmış bir bəladır. Laboratoriyada hazırlanıb. Kökünü bilmədiyimiz tufan kimidir. Dünyada təsadüf deyilən şey yoxdur. Əvvəlini bilmədiyimiz hadisələr var.

- Sizcə, bu bəla nə zaman bitəcək? Proqnozunuz varmı?

- Əgər deyilənlərə ciddi riayət eləsək, tez keçib gedər. Xalqımız artıq ciddiliyi dərk edib. Dərk eləməyənləri də başa salmaq lazımdır. Hətta, bəzən sərt də danışmaq lazımdır ki, inanmayanlar başa düşsün, anlasın.

- Son sual: virusdan qorxursunuzmu?

- Bilirəm ki, əvvəl-axır öləcəm. Kifayət qədər də yaşamışam. Qorxmaq burda hədər işdir. Qorxsam da öləcəm, qorxmasam da.

15.04.2020

# 6101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #