Çağırışçı zabitin sözləri qulaqlarımda cingildəyirdi: “İşi çətin olacaq.” Qardaşımı vağzaldan yola salmışdıq. Zabitin laqeyd, bədbin sözlərini unutmamışdım. Evə gələndə bacımla gecəni səhər edə bilmirdik. Ayxanın qəfil yoxluğu içimizi göynədirdi. Düşündüm ki, sükutun hökm sürdüyü evimizə səs-küy gərəkdi. Dostumun məsləhəti ilə bir cüt tutuquşu alıb saxlamağa başladım. Sakit görünüşləri zaman keçdikcə dəyişdi. Qəfəsdə əməlli-başlı vay-şivən edən bu quşlar evimizin sakinlərinə çevrilmişdilər.
Daha sonra qardaşımızın andiçməsinə yollandıq. Şaxtalı fevral ayı idi. Lənkəranda onunla görüşdük. Ərincək, tənbəl Ayxandan əsər-əlamət qalmamışdı. Rejim onu əsl əsgər etmişdi. Üzünə rəng gəlmiş qardaşım toxtaq və gümrah görünürdü. Lənkəranın palçıqlı, gölməçəli küçələrini gəzir, deyib gülürdük. Vidalaşmaq vaxtı çatmışdı. Birdən Ayxan bizdən saatı soruşdu. Getməyinə yarım saat qalmışdı.
“Ürəyim çay istəyir”.
Bir-birimizə baxdıq. Ayxan gülümsündü: “Orda çayı növbəylə verirlər”.
Qardaşımın yekə stəkanda çay içməyi hələ də gözümün önündən getmir.
Həftələr, aylar bir-birini əvəz edirdi. İsti, bürkülü yay artıq gəlmişdi. Arada telefonla qardaşımızla əlaqə qura bilirdik. Həmişə deyirdi ki, narahat olmayın, çox yaxşıyam. Ən çox bacım narahatlıq keçirərdi. Bəzi günlərdə Ayxan üçün amansız dərəcədə darıxırdı. Mətbuatda çıxan informasiyalar isə həm ölkəmizi, həm də bizi dərin hüznə qərq etdi. Əsgər, zabitlərimiz şəhid düşmüşdü. Qardaşımın xidmət etdiyi zonalarda da atışmalar səngimirdi. Ayxan isə zarafatından qalmırdı, telefonda gülə-gülə: “Biz burda kef eləyirik”,-deyirdi. Ancaq əsgərlər ölürdü.
Yadıma düşür, gecə yarısı Facebookda hansısa xəbər portalının “Çoxlu sayda şəhid var” başlıqlı paylaşımını gördüm: Xəbər doğru idi. Amma bacımı təşvişə salmamaq üçün bunu ona demədim. Özümsə narahat oldum, gecə yata bilmədim. Hər dəqiqə qardaşımı düşünür, Tanrıya dualar edirdim. Bir yandan da Ayxan zəng eləmirdi...
Günlər çayın axdığı sürətlə uzaqlarda qalırdı. Vaxtın necə əriyib yoxa çıxdığını hiss etmirdik. Payız qapımızı kəsdirmişdi. Əsgər ölümlərinin çoxaldığı, Ayxanın zəng eləmədiyi bir vaxtlar qardaşım qəfil qapının ağzında peyda oldu. Sonradan bacım danışır: “Gedib girib qonşulara. Qapını açanda onunla üz-üzə gəldik. Əsgər paltarında Ayxan çox qəribə görsənirdi.”
Onun gəldiyi axşamı mən toyda idim. Bacım zəng etmişdi ki, səncə kim gəlib bizə? Sonra telefonda Ayxanın səsi eşidildi...
Aylardan sonra aldığım ən gözəl xəbər idi. Evdə görüşdük. Üzü gülürdü. Elə biz də özümüzü çox şad hiss edirdik. On gün içində cəmi bir dəfə evdə qaldı, yəni ancaq gecələr görünürdü evdə. Deyirdi ki, məzuniyyətin dadını çıxardıram. Yenə həmin səfil həyatına qovuşmuşdu.
Nəhayət 365-ci gün gəlib yetişmişdi. Yeni ili qeyd edirdik. Həmin gecə içib yatdım. Heç yeni il atəşfəşanlığına da baxmadım. Səhəri gün gözlərimiz saatda qalmışdı. Ayxan nə vaxt gələcək? Qapımız nə vaxt döyüləcək?
Ayxan gəldi. Onun gəlişi sözün əsl mənasında evimizə xoşbəxt an gətirmişdi. Heç birimiz kövrəlmədik. Deyib-güldük. Ayxan isə söhbətə başlar-başlamaz dedi: “Bu gün də iki əsgərimiz şəhid oldu...”